“Azərbaycana siyasi təlimatla gəlmişdim” Siyasət

“Azərbaycana siyasi təlimatla gəlmişdim”

"Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi kursu geniş bazaya malikdir". Bunu missiyasını başa çatdıran Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin müraciətində bildirib.
Səfir müraciətində qeyd edib ki, Rusiya prezidentinin qərarı ilə Rusiyanın Azərbaycandakı səfiri missiyasını başa vurub. O, xatırladıb ki, təxminən 9 il əvvəl Azərbaycana gələndə dəqiq siyasi təlimatı olub – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək.
"Bu tapşırığı yerinə yetirmək çətin deyildi. Mənim qarşımda açıq qapılar vardı. Azərbaycan da Rusiya kimi münasibətlərimizin möhkəmləndirilməsinə can atırdı" – deyə o, qeyd edib.
Onun sözlərinə görə, ötən illər ərzində bir-birinin suverenliyinə tam hörmət edilməsi, bir-birinin işinə qarışılmaması və maraqların balansına əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsinə gətirib çıxaran bir çox vacib hadisələrin şahidi və iştirakçısı olub.
"Biz, bir-birimizi daha yaxşı başa düşməyə, əvvəllər bizim münasibətlərimizdə olan yaxşı məqamları qiymətləndirməyə və zamanın yeni tələblərinə uyğun olaraq əməkdaşlığəmızı qurmağa başladıq" – deyə Doroxin qeyd edib.
Səfir həm səfirliyin, həm də şəxsən onun işinə göstərdikləri marağa görə azərbaycanlılara təşəkkür edib. Onun sözlərinə görə, bu maraq həmişə dostluq xarakteri daşıyıb.
"İndi daha yaxşı başa düşürəm ki, başqa cür ola da bilməzdi. Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi kursu Azərbaycanda geniş bazaya malikdir. Rusiya və Azərbaycan miqyasına, mentalitetinə, mədəniyyətinə görə fərqli ölkələrdir. Amma buna baxmayaraq, biz bir-birimizlə dil tapmağı öyrənmişik" – o, qeyd edib.
Doroxin bildirib ki, bütün çətinliklərə və yeni çağırışlara baxmayaraq, toplanmış təcrübənin bundan sonra da iki ölkənin və xalqın maraqlarına uyğun istifadə ediləcəyinə ümid edir. Diplomat onu da əmin edib ki, Rusiya həmişə buna can atacaq. Çünki Rusiya tərəfinin cənub sərhədində stabil, çiçəklənən Azərbaycandan böyük marağı yoxdur.
Rusiya səfirinin geri çağırılmasını azərbaycanlı politoloq İlqar Vəlizadə sıradanbir hadisə kimi qiymətləndirib. Politoloq Doroxinin Azərbaycanda ən çox işləyən səfirlərdən biri olduğunu xatırladıb və qeyd edib ki, o, ölkəmizdə 9 ilə yaxın fəaliyyət göstərib:" Bu səbəbdən də Rusiyanın onu geri çağırmasında qeyri-adi nəsə yoxdur.
Ekspert bildirib ki, Rusiyanın Azərbaycana yeni səfir təyin edəcəyi haqda məlumatlar hələ iyulun əvvəllərindən var idi, ona görə də bu, təəccüb doğurmur:
" Doroxin bu vəzifəni iki dəfə icra edib, o üzdən onun yerinə yeni təyinatın olması normaldır. Əslində, Doroxin üçün xüsusi məqam seçilməyib. Çünki bu məsələ onsuz da gündəmdə idi. O ki qaldı yeni səfirə, onunla bağlı hələ heç bir məlumata malik deyilik. Doroxin kifayət qədər tanınmış insan idi, onun fəaliyyəti var idi. Ancaq Doroxindən fərqli olaraq, indiki namizəd daha qapalı biridir və hanısa bir ictimai fəallığı ilə seçilmir. Müxtəlif söz-söhbətlər yayılsa da, rəsmi açıqlamalar olmadığından, onun haqqında qəti fikir söyləmək düzgün deyil. Bu, vaxt tələb edən bir məsələdir, yəni son qərarı gözləməliyik. Rusiyanın Azərbaycana təyin olunan səfirindən söhbət gedirsə, bu, Putinin səlahiyyətində olan bir məsələdir".
Yeni səfirin namizədliyinə Azərbaycan tərəfindən aqreman verilməməsi haqda yayılan məlumatlara gəlincə, politoloq hesab edir ki, razılıq olmayıbsa, demək, kifayət qədər əsaslar var:
"Bütün hallarda rəsmi məlumat olmadığından hansısa fikirlər söyləmək düzgün olmazdı. Çünki Doroxinin geri çağrılması böyük bir hadisə deyil və Rusiyanın Azərbaycana qarşı hansısa mövqeyindən xəbər vermir. Ştat cədvəlinə görə təyinat aparılır, burada qeyri-adi nə ola bilər ki?"