Seçkilərdən sonra intensiv danışıqlar davam etdiriləcək Siyasət

Seçkilərdən sonra intensiv danışıqlar davam etdiriləcək

"Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək Prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin".
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib: "Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.
İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır".