Diaspor fəalı ABŞ-ın Helsinki Komissiyasına bəyanat ünvanlayıb Siyasət

Diaspor fəalı ABŞ-ın Helsinki Komissiyasına bəyanat ünvanlayıb

ABŞ-dakı "Millennial" Siyasət Mərkəzinin təsisçi üzvü Vüqar Şahbazlı ABŞ-ın Helsinki Komissiyasına bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Kokitəsindən bildirilib ki, bəyanatda 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, ölkədə həyata keçirilən islahatlar, Azərbaycan- ABŞ arasında tərəfdaşıq əlaqələri haqda məlumat verilib. Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfərlərinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanı regionda böyük iqtisadi potensiala və böyük nüfuza malik ölkə kimi dəyərləndirib. Azərbaycanın Avropanın enerji təchizatındakı rolu, "Cənub Qaz dəhlizi" və digər enerji layihələrindəki rolu yüksək qiymətləndirilib.
"Bildiyimiz kimi, ABŞ-Azərbaycan arasında əməkdaşlıqda terrorizmə qarşı mübarizə xüsusi yer tutur. Əfqanıstan, Kosovo, İraqda sülhyaratma proseslərində iştirak, təhlükəsizliyin təmin olunması istiqamətində terrorizm, ekstremizmə qarşı birgə mübarizənin aparılması ölkələr arasındakı münasibətlərdə xüsusi yer tutur. Gündən-günə inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı dövlətdir. 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələri zamanı Azərbaycan qeyd-şərtsiz ABŞ-a dəstək verərək, beynəlxalq terrorizmə qarşı mübarizədə köməyini əsirgəməmişdir. ABŞ-Azərbaycan arasındakı münasibətlərdə digər mühüm məqam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, ABŞ münaqişənin həlli prosesinə yaxından cəlb olunub. Azərbaycan xalqı ABŞ-ın münaqişənin həllinə, sayı 1milyonu ötmüş qaçqının öz doğma yerlərinə qayıtmasına dəstək verəcəyinə inanır",- deyə bəyanatda bildirilib.
Bəyanatda, həmçinin qeyd edilib ki, ABŞ-dakı bəzi qurumlar Azərbaycandakı inkişaf proseslərini görməməzlikdən gəlir və müəyyən lobbist qruplar müvafiq hesabatlarla Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanmır.
Bəyanatın sonunda 2018-ci il aprel seçkilərində İlham Əliyevin 86 faiz səsçoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi faktı diqqətə çatdırılıb. Məhz İlham Əliyevin rəhbərliyi altında milli maraqların müdafiəsinə əsaslanan siyasətin həyata keçirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. "Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət, digərlərinin daxili işlərinə qarışmamaq və s. kimi prinsiplərə əsaslanan siyasət yürüdür. Bu yanaşmanın özü müsbət nəticələrə rəvac verir. Azərbaycanın xarici siyasəti müstəqildir", - deyə bəyanatın sonunda qeyd edilib.