ATƏT PA prezidenti üzv ölkələrə çağırış edib Siyasət

ATƏT PA prezidenti üzv ölkələrə çağırış edib

Ranko Krivokapiç: "İnsanlar görsə ki, dövlət onlara qayğı ilə yanaşır, o zaman ekstremist qruplaşmalar yarana bilməz"

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası çərçivəsində baş tutan "Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırışlar" adlı xüsusi müzakirələrdə qurumun prezidenti ATƏT ölkələrinə çağırış edib.
APA-nın məlumatına görə, ATƏT PA prezidenti Ranko Krivokapiç çıxışında ekstremizm, radikalizm və ksenofobiyanın dünyaya, regiona gətirdiyi bəlalardan danışaraq vəziyyətin son həddə olduğunu bildirib.
O qeyd edib ki, hazırda qloballaşma şəraitində ekstremizm özünü daha qabarıq şəkildə büruzə verir: "Ekstremizm və ksenofobiya məsələlərinin regionda həll olunması üçün milli dialoq vacibdir. Dialoq olmadığı halda ekstremizm hər yeri bürüməyə başlayır".
R. Krivokapiç əlavə edib ki, ekstremizmin baş qaldırmasının səbəblərindən biri də iqtisadi böhrandır.
Onun sözlərinə görə, iqtisadi böhran yaşandığı halda, ekstremist qruplaşmalara qarşı mübarizə qeyri-səmərəli olur: "Ona görə də biz başa düşməliyik ki, məsuliyyətsiz iqtisadi qərarlar insan həyatının bütün sahələrin əhatə edir. İnsanlar görsə ki, dövlət onlara qayğı ilə yanaşır, o zaman ekstremist qruplaşmalar yarana bilməz".
R. Krivokapiç xüsusi vurğulayıb ki, ATƏT-ə üzv olan bütün ölkələr ekstremizm, terrorizm və ksenofobiyaya qarşı birgə mübarizə aparmalıdır.