“Regionda cərəyan edən proseslər Ermənistanı Rusiya üçün əhəmiyyətsiz edir” Siyasət

“Regionda cərəyan edən proseslər Ermənistanı Rusiya üçün əhəmiyyətsiz edir”

Tofiq Zülfüqarov: "İndi Rusiyanın Qərblə münasibətləri böhran vəziyyətindədir"

"Rusiya ilə Ermənistan arasında olan əlaqələrin zəifləməsi təbii tarixi prosesdir. Çünki Ermənistanın ümumiyyətlə dövlət olaraq yaradılması və orada ermənilərin yerləşdirilməsi vaxtilə Rusiya imperiyasının genişlənməsi siyasəti çərçivəsində həyata keçirilmişdi. Bu baxımdan bəzən bəyanatlar da səslənirdi ki, Ermənistan Rusiya forpostudur. İndi isə əksinə olaraq Rusiya öz sərhədləri daxilində problemlərini həll etmək istəyir. Ona görə də, indi Rusiya öz siyasətini daha rasional şəkildə qurmağa başlayıb. Təbii ki, bu uzaqlaşma davam edəcək. Belə ki, hazırda Ermənistanı himayə etməsi və dəstəkləməsi üçün Rusiyanın lehinə olan siyasi, iqtisadi və hərbi amil yoxdur. Sentyabrın 1-də Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfər etməsi və bundan bir həftə sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri də məhz bu siyasi tendensiya çərçivəsində baş verir". Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Diplomatın sözlərinə görə, regionda cərəyan edən proseslər Ermənistanı Rusiya üçün əhəmiyyətsiz edir: "İndi Rusiyanın Qərblə münasibətləri böhran vəziyyətindədir. Hətta ölkəyə qarşı sanksiyalar qəbul olunur və s. Bu bölgədə isə Rusiyanın əsas tərəfdaşları kimi Türkiyə və İran çıxış edir, bu ölkələrlə əlaqələr gücləndirilir. Bu baxımdan yanaşsaq, Ermənistan rolu getdikcə daha da zəifləyəcək. Çünki Rusiya Türkiyə və İranla tranzit layihələri həyata keçirir. Bunun üçün əməkdaşlıq əhval-ruhiyyəsi lazımdır. Münasibətlərin bu cür inkişafı Ermənistan amilini gündəmdən sıxışdırıb çıxarır. Təbii ki, buna əks olan hadisələr və bəyanatlar da olacaq. Amma ümumi proses bu istiqamətdə cərəyan edir". Onun fikrincə, Ermənistan-Rusiya əlaqələrinin zəifləməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir edəcək: "Bu, ümumi prosesin ayrılmaz tərkib hissəsidir. Hamımız başa düşürük ki, Ermənistanın bu işğalçılıq siyasəti Rusiyanın dəstəyi olmadan həyata keçirilə və davam etdirilə bilməz. İndi də Ermənistan Rusiyanın bu "təhlükəsizlik çətiri"ndən istifadə edərək münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda qeyri-konstruktuv mövqe nümayiş etdirir. Yəni bu potensial olmasa, Ermənistan təbii ki, məcbur olacaq ki, danışıqlarda, ümumiyyətlə konfliktdə real mövqelərdən çıxış etsin. Hesab edirəm ki, bu tarixi uzaqlaşma prosesi birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcək.
Ümumiyyətlə, Ermənistanla müqayisədə balans həm hərbi, həm iqtisadi, həm də demoqrafik baxımdan çoxdan Azərbaycanın tərəfindədir. Sadəcə Ermənistana tətbiq olunan "təhlükəsizlik çətiri" bu proseslərin təbii şəkildə inkişafına maneədir. Lakin bu proses mütləq davam edəcək. Bu, qaçılmazdır. Ermənistanın qərbyönlü siyasəti isə ondan irəli gəlir ki, ermənilər də hiss edirlər ki, artıq Rusiya bölgədən uzaqlaşır. Lakin eyni zamanda onun Azərbaycana marağı artır. Çünki iqtisadi, humanitar əlaqələr, nəqliyyat dəhlizi layihələri ona gətirib çıxarıb ki, bu əlaqələr daha təbii və rasional olub. Yəni harda xeyir varsa, ora ilə də əlaqələr qurulub inkişaf etdirilir. Rusiyanın da Azərbaycanla əməkdaşlığının inkişaf etdirilməsi üçün böyük potensial var. Biz qonşu ölkələrik, bundan əlavə Xəzərdə, eləcə də tranzit üzrə əməkdaşlıq böyük potensial yaradır".
Ekspert Tehranda keçirilən İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üçtərəfli qaydada görüşünə də münasibət bildirib. O deyib ki, görüş Suriya məsələsi ilə yanaşı, əsas müzakirə mövzusu daha çox iqtisadi münasibətlərin inkişafı olacaq. Bunun da Azərbaycana yalnız müsbət təsiri ola bilər. Onun fikrincə, Rusiya-İran-Türkiyə iqtisadi əlaqələrinin genişlənməsi Azərbaycan üçün də sərfəlidir. Bu sırada xüsusən, Rusiya-İran əlaqələri bizim üçün daha maraqlı ola bilər:
"Rusiya ilə İran arasında əlaqələr müxtəlif istiqamətləri əhatə edir. Bura, həmçinin Suriyadakı proseslərlə bağlı əməkdaşlıq da aiddir. İrana qarşı, xüsusən ABŞ-ın sanksiyalar tətbiq etməsi, eləcə də digər şəkildə olan təzyiqlər ona gətirib çıxaracaq ki, Rusiya ilə İran arasında müdafiə sahəsində əməkdaşlıq o qədər də inkişaf etməyəcək. Çünki Rusiya əlavə sanskiyalara məruz qala bilər. İqtisadi, tranzit əlaqələrə gəlincə, hesab edirəm ki, əlaqələrin bu istiqamətdə güclənməsinə heç nə əngəl ola bilməyəcək. Bu məsələlərdə Azərbaycanın da rolu çox vacibdir. Çünki Azərbaycan dünyada yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu baxımdan Azərbaycanın bu iki ölkə arasında tranzit imkanları genişdir. Bu, bizim üçün çox sərfəlidir. Bunu həyata keçirilən layihələr və əldə edilən razılaşmalar da sübut edir. Şimal-Cənub nəqliyyat dəhlizi artıq istifadəyə verilmək üzrədir. Xəzərin statusuna dair əldə edilən irəliləyiş də bu əməkdaşlıq üçün daha da böyük imkanlar yaradır".