“ABŞ Rusiyadan qurbanlıq qoyun kimi istifadə edir“ Siyasət

“ABŞ Rusiyadan qurbanlıq qoyun kimi istifadə edir“

"Birləşmiş Ştatların silahlara nəzarət paktından çıxmaq planı pis düşünülmüş addımdır". Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O xəbərdarlıq edib ki, Vaşinqton 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları Sazişindən (INF) çıxarsa, Moskva da belə edəcək.
Putin dekabrın 5-də danışıb. Bir gün öncə isə ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Moskva 60 gün ərzində sazişin şərtlərinə qayıtmazsa, Vaşinqton INF-dən çıxacaq.
Bu gün Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Birləşmiş Ştatlardan sazişdən çıxmaq niyyəti barədə bildiriş alıb. Bildirişdə deyilir ki, Rusiya sazişin pozulmasını aradan qaldırmazsa, onu tərk edəcək.
Putin iddia edib ki, ABŞ sazişin iflasına görə Rusiyadan qurbanlıq qoyun kimi istifadə edir.
"Bu pis düşünülmüş addıma görə kimisə günahlandırmağa çalışırlar", – Moskvada jurnalistlərə danışan Putin əlavə edib ki, "bizim tərəfimizdən pozuntulara dair heç bir dəlil təqdim olunmayıb". "Bizim cavabımız nə olacaq? Çox sadə: Biz də belə edəcəyik", – Putin deyib.
XİN-in sözçüsü Maria Zaxarova dekabrın 5-də jurnalistlərə bildirib ki, Birləşmiş Ştatların rəsmi bildirişində Rusiya tərəfdən pozuntulara yol verildiyi iddia olunur, amma konkret dəlil göstərilmir. "Rusiya tərəfi dəfələrlə bildirib ki, bu, azından spekulyasiyadır. Bizə Amerikanın mövqeyini əsaslandıracaq heç bir dəlil təqdim olunmayıb", – Zaxarova bildirib.