“Yazda Ermənistanda başqa proseslər başlayacaq” Siyasət

“Yazda Ermənistanda başqa proseslər başlayacaq”

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşündə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində müsbət irəliləyiş gözlənilmir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşünü şərh edən politoloq Arzu Nağıyev belə deyib. Ekspert Ermənistanın ümumiyyətlə sülh danışıqlarına hazır olmadığını bildirib:
"Son zamanlar Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyan qondarma rejimin rəhbərliyi ilə mütəmadi olaraq görüşlər keçirir, Ermənistanı "dqr"in təhlükəsizliyinə tam təminat verən bir dövlət kimi təqdim edirlər. Əslində, işğalçı bununla bir tərəfdən qondarma "dqr"dən əl çəkməyəcəyinə dair Rusiyaya eyham vurur, digər tərəfdən isə Qərbə yarınmağa çalışır. Bu, İrəvanın Qərblə Rusiya arasında müəyyən bir siyasi gedişi də ola bilər. Bu baxımdan da nazirlərin növbəti görüşündə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində hər hansı bir müsbət tendensiya baş verməyəcək".
Politoloq 2019-cu ildə problemin həllinə dair ilk görüşlə bağlı bədbinliyini başqa bir səbəblə də əlaqələndirib:
"Ermənistanın yeni hökuməti vəzifə bölgüsünə gedir və məlum məsələdir ki, hakimiyyəti idarə etmək heç də dövləti idarə etmək demək deyil. Bu fonda Dağlıq Qarabağ amili mühüm bir kart olaraq qalacaq. Ancaq bir məqamı da xüsusilə vurğulamaq lazımdır. Əgər Paşinyan bu qışdan başını tam sağlam çıxara bilsə, hakimiyyətdə müəyyən qədər qala biləcək. Əks halda yazda Ermənistanda başqa proseslər başlayacaq".