“Mil-mil” “Şura“nın növbəti biabırçılığı Siyasət

“Mil-mil” “Şura“nın növbəti biabırçılığı

Müxalifətin inkarçı və radikal qrupları 2013-cü ildə "Milli Şura" adlı qurum təsis edəndə "Şura" və ya "Şurik"dən başqa heç nə yarada bilməyəcəklərini yazmışdım. Çünki "Milli" sözü adamların siyasi dünyagörüşündən o qədər uzaq məsafədə dayanır ki, qət etmək mümkün deyil. Zaman da sübuta yetirdi ki, "milli" sözünün yalnız "mil" hissəsini əxz ediblər və xarici ağalarının qarşısında mil kimi dayanmaqdan başqa bir işə yaramırlar. Bu müddət ərzində "Şura" və ya "Şurik"lə bağlı təsbitim də Əli Kərimli və dəstəsinin sosial şəbəkələrdəki trollarının timsalında öz təsdiqini tapdı. Bu adamlar feysbukda nəinki "Şurik", "Şura", "Günka", "Ayka", "Zayka", "Qayka", "Payka", "Şayka", hətta "Balalayka" da oldular və bir-biri ilə yaxından uzağa əlaqəsi olamayan mədəniyyətlərə məxsus "müsiqiləri" ifa etmək üçün növbəyə dayandılar. Uzun müddət trollarla yatıb trollarla oyandılar və nəhayət yanvarın 19-da "Məhsul" standionuna daha öncə keçirdikləri aksiyalardan bir neçə yüz nəfər çox iştirakçı gəldiklərini görüb virtual qəhrəmanlıqdan "real qəhrəmanlığa" keçid etməyin zamanının yetişdiyini düşündülər. Hətta ümumxalq hüzn günündə - 20 Yanvarda şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına doğrü sıralanmış insanların arasında misli görünməmiş bir həyasızlıqla qarışıqlıq yaradmağa da cəhd göstərdilər.
Cavab isə özünü çox gözlətmədi. Hətta trolları da bu dəyər bilməyən dəyərsizlərdən üz döndərdi. 10 gündən çoxdur ki, sosial şəbəkələr və başqa vasitələrlə Məmmədəmin Rəsulzadənin ildönümünü "möhtəşəm aksiyaya" çevirəcəklərini bəyan edən "Şura"çılar, ən müxtəlif adlar altında daldalanan partiyalar abidənin önünə cəmi 200-300 adam yığa biliblər.
Həmkarlarımızın müşahidəsinə görə, Əli Kərimli və "Şura" başbilənləri heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan "möhtəşəm partiya" sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar.
Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu, tükəndiyini əyani şəkildə nümayiş etdirir.
Ağzıköpüklü "xalqın dəstəyi"ndən dəm vuran "liderciklər" bütün hazırlıqlarına, sosial şəbəkələrdə apardıqları total təbliğata baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər.
Bundan öncə yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli ənənəvi pafoslu və cır səsiylə internet mediaya guya onunla xiyabana gələn "on minlərlə" adamın qarşısının necə alınmasından danışmışdı. Halbuki onun ətrafında ən yaxşı halda 30-40 nəfərin olduğunu hər kəs görmüşdü.
Bütün bunlara rəğmən, utanmadan deyirdi ki, polis qəsdən "milli şura"nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər.
Görəsən "Şura"çıar Rəsulzadənin heykəlinin yanına o 10 minləri niyə aparmayıb və cəmi 120-130 adamla gəliblər? Axı polis onlara heç bir maneçilik törətməmişdi!
Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
İndi görəsən sosial şəbəkələrdə hansı uydurmaları üyüdəcəklər?
Yenə də hakimiyyətə etdikləri təzyiqdən danışacaqlar, yoxsa növbəti fiaskolarının başlarına vurduğu təzyiqin qayğısına qalacaqlar? Amma belələrinin dərs almaq, nəticə çıxarmaq kimi bir bacarıqları olmur. Yəqin ki, yenə də sosial şəbəkələrdəki künclərinə çəkilib xımır-xımır qrant üyüdəcəklər. Bizə isə internetə çıxış üçün istifadə etdiyimiz cihazların səsini almaq qalacaq... Çax-çaxı baş ağrıtmasın deyə...

Elçin Mirzəbəyli