“Fəxrəddin Abbasov bu dövlətə, bu xalqa xəyanət edib” Siyasət

“Fəxrəddin Abbasov bu dövlətə, bu xalqa xəyanət edib”

Hüseynağa Qəniyev: "Onun düşündükləri və istədikləri xəstə təxəyyülün məhsuludur"

"Azərbaycan bütövdür və ölkəmizin bütövlüyü bizim üçün hər şeydən öndə gəlir". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev vətən xaini, separatçı Fəxrəddin Abbasovun fəaliyyətinə qiymət verərəkən deyib. Hüseynağa Qəniyev əlavə edib ki, Azərbaycan dili haqqında məsələ müzakirə olunanda mən orada belə bir ifadə işlətdim ki, Azərbaycan və Azərbaycan dilində bütün xalqların ruhu var: "O ruh müqəddəsdir və o ruha heç kim toxuna bilməz. Ora toxunan adamın əli kəsilməlidir".
BAXCP funksioneri əlavə edib ki, Azərbaycanda bütün xalqlar tarixboyu qardaşlıq mühitində yaşayıblar: "Biz bütöv xalqıq. Azərbaycanda talışlar daxil olmaqla heç bir xalqa qarşı heç bir zaman ögey münasibət olmayıb. Azərbaycanda olan bu mühit bütün dünyaya örnəkdir...
Mən 70-ci ildən Lənkəran şəhər Partiya Komitəsində işləmişəm. Heydər Əiliyevin gəlişi ilə mən partiya işinə keçmişəm. Bütün o illərdə - Heydər Əliyevin dövründə görülən işlərin təkcə şahidi deyil, eyni zamanda iştirakçısıyam. Heydər Əliyev Lənkərana çox böyük əhəmiyyət verir, rayonun sosial, iqtisadi yüksəlişi üçün çalışırdı. Lənkəran üçün böyük işlər görürdü. Lənkəran həmişə ən qabaqcıl, ən mədəni, elmi səviyyəsi yüksək olan rayonlar sırasında gedib. Ona görə də Lənkəran, yaxud bir başqa rayonun timsalında talışlara qarşı ögey münasibət göstərilməsi fikri tamamilə yanlışdır, böhtandır və milli ədavəti qızışdırmaq üçün göstərilən fəaliyyətin bir hissəsidir.
Ümumiyyətlə mən Fəxrəddin Abbasov ilə bir qədər maraqlandım. Onun düşündükləri və istədikləri xəstə təxəyyülün məhsuludur. Onun talışlara qətiyyən aidiyyatı yoxdur. Talışlar heç bir zaman özünü Azərbaycandan ayırmayıb. Həmişə bu dövlətin və xalqın bir hissəsi olub. Qarabağda ermənilərə qarşı bütün döyüşlərdə qəhrəmancasına iştirak edib və çoxsaylı şəhid verib.
Fəxrəddin Abbasovun iddiaları heç bir zaman həyata keçə bilməz. O etdiklərinin cəzasını alacaq. O Ermənistana, Qarabağa gedir, orada erməni alimləri ilə görüşür və.s. Şübhəsiz ki, bu təsadüfi deyil və erməni xüsusi xidmət orqanlarının marağına xidmət edir. Ümumiyyətlə Fəxrəddin Abbasov Azərbaycanı onun bir nömrəli düşməni olan ermənilərə satıb, bu dövlətə, bu xalqa xəyanət edib.