“Vətəndaş üçün qanunvericilik təşəbbüsü qaldırmaq daha əlçatan mexanizmlə həyata keçirilməlidir" Siyasət

“Vətəndaş üçün qanunvericilik təşəbbüsü qaldırmaq daha əlçatan mexanizmlə həyata keçirilməlidir"

Milli Məclisin dünən keçirilən növbədənkənar sessiyasının iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışı zamanı qanun layihəsini müsbət qiymətləndirdiyini bildridi: “Hesab edirəm ki, ümumən belə bir qanunun olması hüquqi dövlət quruculuğu prosesinin dərinləşməsi baxımından son dərəcə vacibdir. Heç şübhəsiz, bu qanun da qanunvericilik bazamızı zənginləşdirəcək. Layihəni diqqətlə oxudum. Söhbət qanunvericilik prosesində vətəndaş iştirakçılığını artırmaqdan gedir. Bunun hüquqi əsasının olması yenə də deyirəm, müsbət haldır. Ancaq düşünürəm ki, bu prosesi bir qədər asan formada müəyyənləşdirmək mümkün idi. Yəni qanunvericilik təşəbbüsü ilə çıxış etmək fikri varsa, istək sadə yolla həyata keçsin. Hansısa vətəndaş və ya vətəndaşlar təklif verməyi düşünürlərsə, bu prosesi mürəkkəbləşdirilmiş mexanizm vasitəsilə həyata keçirmək vətəndaşları təşəbbüs hüququndan imtinaya sövq edə bilər”.

Ə.Amaşov digər bir məqama da toxundu: “Vətəndaşın qanunvericilik təşəbbüsü hüququ onsuz da var. Bunun üçün adi məktub yazmaq da kifayətdir. Mənə elə gəldi ki, layihə bu hüququ müəyyən mənada çərçivəyə salır. Əslində isə çərçivə yox, səliqə-sahman olmalıdır. İstərdim ki, qanun layihəsi daha çox bunu əsas götürsün. Bir məqamı da vurğulayım. Tutaq ki, vətəndaş, yaxud vətəndaşlar hansısa məsələ ilə əlaqədar qanunvericilik təşəbbüsü qaldırmaq istəyirlər. Təbii ki, onların bununla bağlı müraciəti niyyət, məram və istək göstəricisidir. Müvafiq qurumlar isə bunu öyrənməli və təhlil etməlidirlər. Hesab edirəm ki, belə olduqda qaldırılan məsələnin qanun kimi rəsmiləşməsi daha asan olacaq. Şərt o deyil ki, vətəndaşlar öz istəyini qanun layihəsi kimi təqdim etsinlər”.

Deputat bununla yanaşı qeyd etdi ki, qanunun yaranması cəmiyyətin sosial sifarişindən irəli gələn zərurətdir: “Mən bu zərurəti hər hansı formada təmin edən bütün vasitələrin tərəfdarıyam. Hesab edirəm ki, müzakirə etdiyimiz layihə də həmin vasitələrdən biridir. Amma yenə də deyim, elə olmalıdır ki, vətəndaş üçün qanunvericilik təşəbbüsü qaldırmaq niyyəti daha əlçatan mexanizmlə həyata keçirilsin. Vətəndaşlar MSK, Milli Məclis və digər orqanların labirintində itib-batmasınlar. Ona görə də hesab edirəm ki, layihənin üzərindəəyyən dəyişikliklərin aparılmasına ehtiyac var”.