“Zərdabi məktəb yaratdı “ Siyasət

“Zərdabi məktəb yaratdı “

“Biz “Əkinçi”ni sıradan milli mətbuatımızın əsasını təşkil edən adi qəzet kimi görməməliyik. “Əkinçi” Azərbaycan jurnalistikasının sonrakı illərdə inkişafı üçün böyük məktəb oldu”.
Bu sözləri açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan milli mətbuatının yaranmasının 144 illiyi münasibətilə bağlı danışarkən deyib. O qeyd edib ki, "Əkinçi" qəzetinin əsas prinsipləri maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması və hadisələrin obyektiv işıqlandırılması idi:
“Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri oldu. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərdilər”.
Vüqar Zifəroğlu bu gün Azərbaycanın iqtisadi imkanları yüksəldikcə, kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısının artığını bildirib:
“Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu şəraitə yalnız dünyanın inkişaf etmiş ölkələrində rast gəlmək olar. Sərhəd, məkan, zaman tanımayan qlobal informasiya mühiti şəraitində Azərbaycan mətbuatı fəaliyyətini yeni aktual çağırışlara uyğun qurur. Bütün bu yaradılan şəraitlər həmçinin, medianın inkişafında da mühüm rol oynayır. Ümumiyyətlə, bir ölkənin mediasının inkişafı ölkə üçün çox əhəmiyyətli məsələdir. Bu gün milli mətbuatımız kifayət qədər inkişaf edib. Mən inanıram ki, mətbuatımız bundan sonra da sürətlə inkişafa doğru gedəcək”.