“Vaşinqtonla Moskva arasında münasibətlər...” Siyasət

“Vaşinqtonla Moskva arasında münasibətlər...”

Mübariz Əhmədoğlu: “Arzuedilən səviyyədə deyil”

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu bölgədə və dünyada baş verən proseslərin təhlili ilıə bağlı ənənəvi aylıq mətbuat konfransı keçirib. Rusiya Birləşmiş Ştatlar münasibətlərinə toxunan politoloq bildirib ki, zaman-zaman Rusiya ilə Birləşmiş Ştatlar arasında mövcud olan gərginliyi aradan qaldırmağa yönəlik cəhdlər olsa da, diplomatik səviyyələrdə bir neçə təmaslar təşkil edilsə də, lakin hələlik Moskva ilə Vaşinqton arasında buzlar tam ərimir: “Çoxları Donald Trampın sabiq milli təhlükəsizlik məsələləri üzrə müşaviri Boltonun bu ölkəyə səfərindən sonra tərəflər arasında gərginliyin aradan qalxacağını proqnozlaşdırsa da, lakin bu baş vermədi. Hazırda da Vaşinqtonla Moskva arasında münasibətlər arzuedilən səviyyədə deyil”. Mübariz Əhmədoğlu deyib ki, Rusiya nümayəndə heyətinin BMT Baş Assamblıeyasında iştirakına ABŞ tərəfindən viza maneəsi tətbiq edildi ki, bu da tarixdə bəlkə də ilk dəfə baş verirdi. Mərkəz rəhbəri qeyd edib ki, Rusiya bu hadisəyə kəskin reaksiya verdi və bu ölkənin xarici işlər naziri Sergey Lavrov bunu ABŞ Dövlət Katibi Mayk Pompeo ilə müzakirə etdi: "Lavrovun açıqlamasına görə, Pompeo və Trampın Rusiyaya qarşı tətbiq olunan viza qadağasından xəbərləri yoxdur. Əksər ABŞ mütəxəssisləri bunu "texniki problem" adlandırdılar. Buna baxmayaraq, baş verənlər Rusiya-ABŞ münasibətlərində hər şeyin normal olduğu anlamında deyil; münasibətlərdə gərginlik artan istiqamətdədir. ABŞ özünün hərbi xərclərini artırır və səbəb kimi Rusiya və Çinin gücünün artmasını göstərib. ABŞ Suriyada Konstitusiya Komissiyasının yaradılması barədə Rusiyanın rolunu təsdiq etdi. Eyni zamanda, Suriyada proseslərin sabitləşməməsi istiqamətində fəaliyyət göstərir. Rusiya şirkətləri Suriyanı yanacaqla təmin etdiyi üçün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Rusiya tərəfinin yaydığı məlumata görə, ABŞ Çinlə Rusiyanın arasını vurmaq istiqamətində fəaliyyət göstərir". Politoloq deyir ki, gərginliyin motivasiyası olan daha ciddi məsələlər var. Belə ki, Rusiya XİN dünyada nüvə müharibəsinin başlanma riskinin böyük olduğunu açıqladı: "Rusiya müdafiə naziri S.Şoyqunun fikrincə, ABŞ-ın özünü üstün hesab etməsinə inamı Rusiya üçün ən böyük təhlükədir. ABŞ Qara dənizdə Rusiyanı blokadaya almaq siyasətini aparır. Pentaqonun başçısı da Rusiya və Çini "ən böyük təhlükə mənbəyi" adlandırdı. ABŞ-ın Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı Cefri Xarriqyan Rusiyanın Kalininqrad vilayətində RƏMS sistemini dağıtmağa hazır olduqlarını bildirdi. Bəlkə də tarixin ironiyasıdır ki, Xarriqyan da ermənidir, Kalininqrad şəhərinin qubernatoru da ermənidir və hal-hazırda Ermənistanın Rusiyadakı səfiri V.Toqonyan Kalininqrad ermənilərinin aktivləşməsi istiqamətində müəyyən işlər görüb".
Mübariz Əhmədoğlu deyib ki, BMT Baş Assambleyası müstəvisi çərçivəsində Rusiya xarici işlər naziri çoxsaylı görüşlər keçirdi və o cümlədən ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi H. Kissincerlə bir çox məsələləri müzakirə etdi: "Rusiya xarici işlər naziri S.Lavrov Avropa İttifaqını "etibarsız tərəfdaş" adlandırdı. ABŞ rəsmilərinin fikrincə, NATO Rusiya üzərində üstünlüyünü itirir. Rusiya prezidenti V.Putin NATO üzvlərinə müraciət ünvanladı. Səudiyyə Ərəbistanının neft anbarlarının bombalanmasını Rusiya tərəfi pislədi. Prezident V.Putin Səudiyyə Ərəbistanına "S-300" və ya "S-400" ZRK almağı təklif etdi. Amma Səudiyyə şahzadəsi ilə telefon danışığında bu məsələni deyil, qarşıdakı təmasları müzakirə etdi. Venesuela prezidenti N.Maduro Moskvada prezident V.Putinlə görüşüb, xüsusilə hərbi-texniki əməkdaşlıq və Venesuelanın borcunun ləğvi məsələlərini müzakirə etdi. Artıq bəzi rusiyalı hərbi mütəxəssislər yenidən Venesueladadır"ş Mərkəz rəhbəri onu da əlavə edib ki, hazırda Fransa-Rusiya münasibətləri inkişafdadır: "Prezident V.Putin Fransanın eks-prezidenti Jak Şirakın dəfn mərasimində iştirak etdi. Bundan əvvəl isə iki ölkənin xarici işlər nazirləri ABŞ-ın Orta və Uzaq Mənzilli Raketlər Müqaviləsindən çıxmasını müzakirə etmişdilər. Çinlə Rusiya arasında da münasibətlərdə ciddi keyfiyyət dəyişikliklərinin əsası qoyula bilər. Prezident V.Putin Çinin dünya siyasətində rolunun artmasından danışdı. Rusiya xarici işlər naziri S.Lavrov Çini Rusiyanın böyük qardaşı adlandırmaqdan imtina etdi. BMT Baş Assambleyası çərçivəsində Rusiya xarici işlər naziri S.Lavrov və Çinin xarici siyasət idarəsinin rəhbəri Van İ ŞƏT və BRİKS çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər".
Mübariz Əhmədoğlu mətbuat konfransında Qazaxıstanda K Tokayevin prezident seçilməsinin 100 günlüyü və bu müddət ərzində atdığı addımlara da diqqət çəkib. Bildirib ki, Qazaxıstanda Kasım-JomartTokayevin prezident seçilməsinin 100 günlüyü kifayət qədər yenilik və ya ümumiləşdirmələrlə xarakterizə oluna bilər: "K.Tokayev kasıblar üçün prezident imicini seçdi. Dərin islahatlara başladı. O, bu islahatların anonsunu hətta BMT Baş Assambleyasında çıxışı zamanı bildirdi. Ölkəyə qayıdan həmvətənlərə "oralman" terminindən istifadəsinin əleyhinə çıxdı, "qandaş" terminini təklif etdi. Prezident K.Tokayevin atdığı addımlar Elbası N.Nazarbayevi müəyyən qədər narahat edir. K.Tokayev BMT Baş Assambleyasında iştirakı zamanı Nyu-Yorkda çoxsaylı görüşlər keçirtdi. ABŞ-ın siyasi və ekspert mühiti, biznes kapitanları, Bloomberg agentliyinin rəhbəri M.Blumberqlə görüş keçirdi. Məqsədi Qazaxıstanın imicini dəyişməkdir. Çoxsaylı iş adamları ilə görüşdü. K.Tokayev Administrasiyanın rəhbərini və xarici işlər nazirini dəyişdi, özünə daha yaxın adamlar təyin etdi. K.Tokayev Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Tszinpinlə görüşdü, görüş zamanı 10 sənəd imzalandı. Qazaxıstanla Çin arasında iqtisadi əlaqələrdə kifayət qədər artım var. Çin biznesinin aktiv iştirakı artıq əhalidə narazılıq yaradır. Guya çinlilər Qazaxıstanda daha 55 zavod tikiblər və bununla da Qazaxıstanın bütün iqtisadiyyatını ələ keçirəcəklər. Buna görə Qazaxıstanda mitinqlər başladı. Çinin Qazaxıstandakı səfiri ÇjiauSyao 55 Çin müəssisəsinin tikilməsi ilə bağlı izahı hansısa qüvvələrin təsiri ilə baş verdiyini bildirdi. Vəziyyətin gərginliyini görən prezident K.Tokayev əhalini şayiələrə inanmamağa çağırdı. Ümumiyyətlə Qazaxıstanda siyasi vəziyyət ilə əlaqəli əhalidə aktivlik var. Tez-tez mitinqlər keçirilir və bəzi mitinq iştirakçıları hüquq-mühafizə orqanları tərəfindən saxlanılır". Mərkəz rəhbəri onu da deyib ki, Rusiya-Qazaxıstan münasibətlərində hərbi xarakterli məsələlər daha aktual olub: "Baykonur kosmodromuna giriş-çıxış məsələsi müzakirə obyektidir. Orenburqa gedən Rusiya qoşunları Qazaxıstan ərazisindən tranzit kimi istifadə etdilər. Rusiya hərbçiləri Qazaxıstandakı poliqondan "İskəndər" OTRK-nın atəşini reallaşdırdılar. Rusiyanın Müdafiə naziri S.Şoyqu Qazaxıstanda həmkarı AskarJumaqaliyev ilə ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etdilər. RF prezidenti V.Putin Qazaxıstanın ilk prezidenti, hal-hazırda Elbası N.Nazarbayevi Moskvaya dəvət etmişdi, görüş zamanı ikitərəfli regional və beynəlxalq məsələlər müzakirə edildi. Prezident V.Putin Bayterekdəki kosmik-raket kompleksinə Nazarbayevin adını verməyi təklif etdi. İki ölkə arasında iqtisadi münasibətlərdə də dinamika var. "Lukoyl" Qazaxıstanda iştirakını artırıb. "Lukoyl" kompaniyasının direktoru V.Ələkbərovu Qazaxıstanda prezident, Baş nazir qəbul etdi. V.Ələkbərov "Qazmunayqaz"ın idarə heyətinin sədri AlikAydarbekovla tədqiqat işləri barədə birgə müqavilə imzaladılar. Rusiya ilə ratifikasiya olunmuş protokol Qazaxıstan vətəndaşlarına Rusiya ilə sərhədi keçməyi daha da asanlaşdıracaq. Asiya İnkişaf Bankı Qazaxıstana 250 milyon dollar vəsait ayırdı. Bu vəsait 4 vilayətdə irriqasiya şəbəkəsinin yaxşılaşmasına sərf olunacaq. Qazaxıstan riyaziyyat və təbii elmlər üzrə akademik biliklərə görə dünyada Top 10-luğa daxil oldu. Bu barədə hökumətin iclasında Qazaxıstanın Təhsil və Elm naziri AsxatAymaqambetov məlumat verdi. Qazaxıstanın milli valyutası tenge zəifləməkdə davam edir. Artıq 1 dollar 390 tengelik tarixi minimuma qədər aşağı düşüb".