Rəcəb Tayyib Ərdoğan: “Türkiyə səbrinin sonuna gəlib” Siyasət

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə səbrinin sonuna gəlib”

Əsas hədəfimiz terrorizmdir“Nə vaxtdan bəri terror təşkilatları NATO üzvünə qarşı müdafiə olunur? Yoxsa bu terror təşkilatlarını NATO-ya üzv qəbul elədiniz, mənimmi xəbərim olmadı?"
Bunu Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin əsas məqsədi Suriyanın şimalını PYD/YPG və İŞİD terrorçulardan təmizləməkdir.
Ərdoğan qeyd edib ki, Türkiyə ordusunun Suriyanın şimalından hərbi əməliyyatlar başlayandan bəri Türkiyə ərazisinə 700-dən çox raket zərbələri endirilib.
O hərbi əməliyyatlar zamanı Türkiyənin itkilərini də açıqlayıb. Türkiyə Prezidenti vurğulayıb ki, 18 insan həyatını itirib, 148 nəfər yaralanıb: “3 milyon 650 min ərəb bizim torpaqlarımızda qonaqdır. Axı bunları niyə görmürlər, onlar Suriyadan qaçıblar. Biz qardaşlıq vəzifəsi olaraq bu işi görürük. Bu işdə Avropa İttifaqı dəstək verəcəyini vəd etsə də, 3 milyard avrodan başqa bir şey ödəməyib. Biz isə 40 milyarddan çox xərc çəkmişik”.
Türkiyə Prezidenti “Barış bulağı” hərəkatının kürdləri hədəf alması barədə iddiaları əsassız adlandırıb: “Bizim əsas hədəfimiz terrorizmdir”.
Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür edib:
“Türk dünyasının bizimlə olduğunu, bütün qardaşlarımızın Türkiyə üçün dua etdiyini bilirik”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Türkiyə Prezidenti bildirib ki, türk dünyası terror təhdidlərinə daha çox məruz qalıb: “Vətəndaşlarımız İŞİD-dən FETÖ-yə, PKK-dan “əl-Qaidə”yə qədər dünyanın ən alçaq terror təşkilatlarının qurbanı olub”.
Onun sözlərinə görə, Suriyanın şimalını PKK-nın qolu olan PYD/YPG və İŞİD terror təşkilatlarından təmizləmək və öz həqiqi sahiblərinə qaytarmaq başlıca vəzifədir: “Atdığımız addımdan vaz keçməyəcəyik, nə deyirsiniz deyin. Yeganə məqsədimiz bölgəni PYD/YPG və İŞİD-dən təmizləməkdir”.
Ərdoğan Tel Abyadda YPG terror təşkilatının İŞİD-çiləri azad etdiyi həbsxanadan terrorçubaşı Abdullah Öcalanın fotosunun tapıldığını da bildirib.
Türkiyə Prezidenti baş verənlərlə bağlı Ərəb Dövlətləri Liqasını tənqid edib: “Ərəb Dövlətləri Liqası Suriyanı təşkilatdan çıxartmışdı. İndi isə məlum hərbi əməliyyatlar başlayandan sonra Suriyanı yenidən Ərəb Dövlətləri Liqasına üzv etmək istəyirlər”.
Türkiyənin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında hərbi əməliyyatları davam etdirdiyini xatırladan Ərdoğan deyib ki, Avropa İttifaqı verdiyi vədlərə əməl etməyib: “Suriyalı qaçqınlara görə, Avropa İttifaqı 6 milyard məbləğində dəstək verməli idi. İndiyə kimi cəmi 3 milyard avro miqdarında vəsait verilib. Lakin biz 40 milyard dollar məbləğində vəsait xərcləmişik. Lazım gəlsə, yenə xərcləyəcəyik. Bu günə kimi verdikləri sözlərin heç birini yerinə yetirmədilər. Türkiyə səbrinin sonuna gəlib. Fədakarlığımızın qiymətini bilmədilər. Biz başladığımız işi mütləq bitirəcəyik. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.