Müsavatda ara qarışdı Siyasət

Müsavatda ara qarışdı

Əsgər Əhməd: "Arif Hacılı başqan seçilərsə, partiya bir neçə yerə parçalanacaq və vəziyyət nəzarətdən çıxacaq"

Müsavat partiyasının sıralarından istefa verən Hüseyn Məlik istefasının səbəblərini açıqlamaq istəmir. Uzun illər siyasətdə olan Məlik istefası haqda danışmaqdan imtina edib. Deyib ki, şəxsi qərarına uyğun olaraq bu haqda danışmaq niyyətində deyil: "Hələlik vəziyyəti müşahidə edirəm. Görüm kim nə deyir". Müşavirlikdən azad edilməsi haqda İsa Qəmbərin qərarına gəldikdə Hüseyn Məlik bildirib ki, bunu istefa verdikdən sonra eşidib: "Axşam saatlarında eşitdim. Ancaq mən bundan bir neçə saat əvvəl istefa vermişdim. Odur ki, istefadan sonra partiyada hansısa addımın atılması, sərəncam verilməsi elə də əhəmiyyətli deyil. Bu istefadan sonra baş verib". İstefası haqqında danışmamaqda israr nümayiş etdirən Hüseyn Məlik söyləyib ki, istefası təsadüfən və qəfil olmayıb: "Amma səbəbi demirəm. Mən həmişə demişəm ki, siyasi karyeram İsa Qəmbərlə bağlıdır". Sabiq müşavir deyib ki, istefasından sonra yüzlərlə müsavatçı onunla əlaqə saxlayır, telefonu bir an belə boş durmur: "Telefonum dayanmır. Yüzlərlə müsavatçı dostlarım zəng edir. İstefa qəfil olduğu üçün hamı şokdadır. Amma mənə görə, bu istefam qəfildən olmayıb". Hüseyn Məlik əlavə edib ki, Müsavatdan istefa versə də, fəaliyyətsiz qala bilməz: "Mən 1988-ci ildən bu günə qədər fəaliyyət göstərmişəm. Mən hərəkatçı adamam, meydanlarda olmuşam, bundan sonra da meydanlarda olacağam. Partiya üzvü olsam da, olmasam da meydanlarda olacağam. Ancaq gələcək fəaliyyətimlə bağlı qərar verməmişəm".
Amma Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal başv nrib. İclasda Müsavat başqanının müşaviri Hüseyn Məlikin fəaliyyəti müzakirə mövzusu olub. İclasda çıxış edən bəzi funksionerlər Məliki partiyanın nüfuzuna xələl gətirməkdə və qurumun qərarlarının əleyhinə addım atmaqda ittiham ediblər. Yığıncaqda Məlikin partiyanın müşaviri kimi fəaliyyəti mənfi dəyərləndirilərək, onun bu postdan çıxarılmasına dair xüsusi qərar verilib. Partiya başqanı İsa Qəmbər Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini Divanın səlahiyyətinə verib. İclasda bəzi funksionerlər isə Məlikin partiyadan çmıxarılmasını təklif ediblər. Lakin bu təklif hələ ki, qəbul olunmayıb. Onu da qeyd edək ki, Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi olub.
Hüseyn Məlik isə "Fasebook"dakı səhifəsində özü ilə bağlı partiyada yaranmış gərginliyi belə şərh edib: "...Partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram".
Müsavat Partiyası Divan üzvü Tural Abbaslı isə bildirib ki, Hüseyin Məliki yalnız İsa Qəmbər vəzifədən azad edə bilər: "Hüseyn Məlikin məsələsi isə heç bir iclasda müzakirə olunmayıb və vəzifədən kənarlaşdırılmayıb. Sadəcə özü sosial şəbəkədə məlumat yayıb ki, fəaliyyətini dayandırır. Partiyanın nizamnaməsinə görə isə istefa verərkən şifahi və ya yazılı şəkildə müraciət etməlisən. Nizamnamədə sosial şəbəkələr vasitəsilə də müraciət qəbul olunur deyə bir qayda yoxdu. Buna görə də Hüseyn Məlik istefası haqda hələ ki rəsmi müraciət etməyib. Yəqin ki, partiya nümayəndələri onunla danışacaq və istefasının səbəbləri müzakirə olunacaq. Ümid edirəm ki, Hüseyn Məlik qərarını dəyişib partiyada qalacaq. Ən informasiyalı şəxslərdən biri olaraq məndə onun istefa səbəbləri haqda məlumat yoxdu".
Tural Abbaslı Məlikin AXCP ilə yaxınlığının Müsavatda mübahisələr yarandığı üçün partiyadan uzaqlaşdırılmasına da münasibət bildirib: "Hüseyn Məlik vaxtilə AXCP-də olub. Mirmahmud Mirəlioğlu partiyadan ayrılıb KXCP-ni yaratdıqda onunla birgə AXCP-dən gedib, Klassik Xalq Cəbhəsinə keçib. 2003-2004-cü illərdə isə təmsil olunduğu rayon təşkilatı ilə birgə Müsavata keçib. Orada tutduğu vəzifə Müsavatdakı postundan daha yüksək idi. Orada İdarə Heyətinin üzvü idisə, Müsavatda Səbail rayon təşkilatının sədri oldu. AXCP və KXCP-dəki dostları ilə əlaqələri hələ də qalır. Bununla bağlı heç bir narazılıq bildirilməyib. Şəxsi münasibətlər siyasi münasibətlərə qarışdırılmayıb".
Sabiq Müsavat funksioneri Əsgər Əhməd isə Hüseyn Məlikin istefasını qurultayöncəsi partiyadaxili gərginliklə əlaqələndirir: "İsa Qəmbərin siyasətdən başı çıxırdı. O, birləşdirici mövqedə dayanmağı bacarırdı. Gözlənilən odur ki, partiyanın yeni başqanı Arif Hacılı olacaq. Hesab edirəm ki, o, Müsavatı idarə edə bilməyəcək. Artıq buna etiraz olaraq partiyada qopmaları müşahidə edirik və o, başqan seçilərsə, partiya bir neçə yerə parçalanacaq və vəziyyət nəzarətdən çıxacaq".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, İsa Qəmbər Hüseyn Məlikin müşavirlik vəzifəsindən azad olunması barədə qərar verib. Onun sözlərinə görə, partiya başqanının müşavirləri təyin etmək və azad etmək səlahiyyəti var: "O məsələnin Divanla heç bir əlaqəsi yoxdur. Müsavat başqanı kimisə müşavirlikdən azad edirsə, onu Divanla məsləhətləşmədən və Divana həvalə etmədən həyata keçirir. Bu, nizamnamə ilə başqana verilən səlahiyyətdir Hüseyn Məlikin başqanın müşaviri vəzifəsindən azad edilməsi səlahiyyəti İsa Qəmbərə aid olduğu üçün başqan belə qərar verib". Onun sözlərinə görə, qərar dünən verilib. Gülağa Aslanlı Hüseyn Məliyin partiyadan ayrılmasına öz münasibətini də bildirib: "Bu, partiya başqanının səlahiyyəti daxilində olan məsələdir. İsa Qəmbər bu səlahiyyətdən istifadə edib. Hüseyn Məlikin isə Müsavatdan istefa haqqında hər hansı ərizəsini görməmişəm. Hətta o, istefa haqda qərar qəbul etsə belə bu, onun şəxsi işidir və hüququdur. Buna əlavə şərh verməyə ehtiyac hiss etmirəm". Partiyanın digər Divan üzvü Novella Cəfəroğlu isə Azərbaycanda olmadığı üçün bu Hüseyn Məlikin istefası barədə heç nə bilmir: "İstefanın səbəbləri haqda məlumatım olmadığı üçün şərh verməyəcəyəm". İsa Qəmbərin müşaviri Mustafa Hüseynbəyli Məlikin müşavirlikdən çıxarılması ilə bağlı xəbəri mətbuatdan oxuduğunu deyib.
Hüseyn Məlikin partiyadani getməsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Əli Kərimlinin qrupuna daxil olan şəxslərin sosial şəbəkələrdəki gerçək və saxta profilləri isə Hüseyn Məlikin müdafiəsinə qalxıb. Bu, Hüseyn Məlikin AXCP ilə yaxın əlaqələrə malik olduğu üçün qovulduğu iddiaları fonunda diqqət çəkir. Müsavat üzvü olan sosial şəbəkə istifadəçilərindən biri partiya rəhbərliyini buna görə tənqid edib: "Aktiv mübarizə aparanlar bir-bir gedir. Görəsən, partiya rəhbərliyi bunun niyə belə olduğunu düşünürmü?"
Digər müsavatçı "dəyərli insanları itirə-itirə gedirik, deyəsən, limana çatmışıq axı" deyə reaksiya verib.
"Əsas odur ki, sən həmişə haqq olanı demisən. Kimsə nəsə deyə bilər, amma haqq öz yerini tapacaq. Müsavat üçün sənin xidmətin böyük olub. Kimsə bunu görmürsə, deməli, vicdanı kordur",- deyə bir başqa müsavatçı qeyd edib.

Əli