Prezident İlham Əliyev: Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki, bir oriyentirə ehtiyacı var idi Siyasət

Prezident İlham Əliyev: Ağdamdakı məscidi ona görə tam dağıtmamışdılar ki, bir oriyentirə ehtiyacı var idi

Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi.

Bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar.