“Radikal müxalifətin aprelin 5-nə planlaşdırdığı aksiyadan ciddi heç bir şey gözləməyə dəyməz” Siyasət

“Radikal müxalifətin aprelin 5-nə planlaşdırdığı aksiyadan ciddi heç bir şey gözləməyə dəyməz”

Elçin Mirzəbəyli: "Bu, məqsədyönlü şəkildə keçirilən aksiyadır"

Sərdar Cəlaloğlu: "Faktiki olaraq, xalq tərəfindən dəstəklənmirlər"

Əhməd Oruc: "Milli Şuranın mitinqinə çoxsaylı insanın çıxacağı inandırıcı deyil"

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Məlumatda bildirilir ki, BŞİH-də Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və aprelin 5-də saat 15-00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib.
Qeyd edək ki, Milli Şura bundan öncəki mitinqini martın 15-də keçirib.
Onu da əlavə edək ki, siyasilər Milli Şuranın növbəti mitinqininə münasibətlərini açıqlayıblar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli deyib ki, radikal müxalifətin aprelin 5-nə planlaşdırdığı aksiyadan ciddi heç bir şey gözləməyə dəyməz. BAXCP rəsmisinin sözlərinə görə, bu, məqsədyönlü şəkildə keçirilən aksiyadır: "Hətta bildiyiniz kimi, Azərbaycanda beynəlxalq tədbirlər keçiriləndə bir neçə istiqamətdə ölkəmizə qarşı hücumlar başlayır. Bunlar Azərbaycanın marağlarına zidd fəaliyyət göstərən, eyni zamanda ölkəmizin müstəqil siyasət yürütməsini arzu etməyən dairələrin təsirini stimullaşdıran davranışlardır. Digər qrup isə erməni diasporası, lobbisi ilə yaxından əlaqəsi olan və onların sifarişlərini yerinə yetirən dairələrdir. Təbii ki, onların da Azərbaycanda bir qrup yetkililəri var ki, həmin şəxslər daxildə atdığları addımlarla ölkədə ictimai-siyasi mühiti pozmağa çalışırlar. Məqsədyönlü şəkildə bir mənbədən idarə olunan kampaniyadır. Amma nəzərinizə çatdırım ki, Azərbaycan xalqı da baş verənlərin fərqindədir və heç zaman bu cür pozucu əməllərə dəstək verməyiblər. Beləcə həmin qüvvələrin əleyhinə çıxış ediblər. Təbii ki, bu baxımdan aprelin 5-də keçiriləcək növbəti aksiyadan da ciddi heç bir şey gözləmək lazım deyil".
Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Milli Şura mart ayında mitinq keçirmək üçün manatın devalvasiyasını, bundan irəli gələn bəzi məsələləri bəhanə etdi: "Bununla sanki elə bir rəy yaratmaq istəyirdilər ki, guya dünyada baş verən bütün proseslərin səbəbkarı Azərbaycan iqtidarıdır. Eyni qaydada bu bazar günü də mitinq keçirmək barədə qərar qəbul ediblər. Düzdür, mitinq keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərbəst toplaşmaq hər bir siyasi partiya və təşkilatın, fərdlərin hüququdur. Amma bu hüquqdan istifadə edərkən ədalət hissini itirməməyi, hadisələrə obyektiv yanaşmağı da bacarmaq gərəkdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi qonşuluğumuzdakı dövlətlərin iqtisadiyyatına təsir etdiyi kimi, Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Bizim qonşuluğumuzda elə dövlət olmadı ki, bu amil onun valyutasına da təsir etməsin. Bizdə də baş verdi və manat dollar və avroya nisbətən bir qədər ucuzlaşdı. Bu, təbii iqtisadi prosesdir. Məgər hadisələrin mahiyyətinə varmayan, populist çıxışlar edən, xalqa yalançı vədlər verən radikal müxalifət hakimiyyətdə olsaydı, bunun qarşısını ala biləcəkdimi? Bu, qarşısını almaq qeyri-mümkün olan beynəlxalq bir prosesdir. Xalq da, dövlət də baş verənlərin mahiyyətini aydın dərk edir. Onsuz da Azərbaycan hökuməti qiymətlərin, manatın stabil saxlanmasına çalışır. Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi vasitəsilə belə məsələlər tənzimlənir. Məhz bu reallıqların olmasına görə Milli Şuranın mart ayında keçirdiyi mitinq kimi, budəfəki aksiyası da baş tutmayacaq. Cəmiyyət həqiqətləri olduğu kimi görür və qəbul edir. Bu səbəbdən belə mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur. Sosial sifariş olmadığı üçün də həmin mitinqlərə az adam gəlir, kütləvilik müşahidə edilmir. Yalnız radikal müxalifət liderləri, eləcə də onların yaxın ətrafı bir yerə toplaşıb çıxışlar edir, sonra da dağılışıb gedirlər".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, onun partiyası mitinq keçirərsə, təkbaşına daha çox adam cəlb edər, nəinki Milli Şura: "Partiyamızın əvvəllər təşkil etdiyi mitinqlər yəqin ki, çox adamın yadındadır. Tək partiya olaraq, Milli Şuranın topladığı adamlardan dəfələrlə çox adam yığırdıq. Əgər dedikləri kimi, tək müxalifətçi onlardırsa və ölkədə bu qədər problem varsa, o zaman təşkil etdikləri mitinqlərinə minlərlə adam gəlməli idi. Belə zəif və az sayda adamla keçirilən mitinqlər, kütləviliyin olmaması partiyanın real reytinqinin, xalq tərəfindən onlara olan dəstəyin səviyyəsinin göstəricisidir. Özləri bir uğursuzluğa düçar olanda dərhal bunu kiminsə boynuna atmağa çalışırlar. Son mitinqlər göstərir ki, nə qədər pul töksələr də, əziyyət çəksələr də hamısı boşunadır".
S.Cəlaloğlunun fikrincə, mitinqlərin zəif keçməsinin bir səbəbi var ki, o da elektoratın olmamasıdır: "Faktiki olaraq, xalq tərəfindən dəstəklənmirlər. Əli Kərimli özü də yaxşı bilir ki, biz bir qəpik xərcləmədən, üzvlərimizin fədakarlığı ilə güclü mitinqlər keçirmişik. Sadəcə olaraq, indi mitinqlərin keçirilməsinə ehtiyac görmürük. Xalqın mitinqlərə gəlməməsi göstərir ki, doğrudan da, mitinqin keçirilməsi üçün heç bir sosial sifariş yoxdur. Bir partiya sosial sifarişi nəzərə almadan, öz subyektiv fikri ilə getsə, o, uğursuzluğa düçar olacaq. Mən dəfələrlə demişəm ki, xalqla işləmək üçün interaktiv əlaqə lazımdır. Onlar müəyyən bir şeyi tələb etməli, biz təklif verməliyik. Xalq mitinq keçirməyi tələb etmədiyi müddətdə hər zaman bu cür zəiflik müşahidə edəcəyik".
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, Milli Şura adlanan qurum özü müxalifəti parçalama yolu tutub və bu açıq-aşkar özünü büruzə verir: "Biz dəfələrlə istər ölkədəki vəziyyət, istər seçki məsələləri, istərsə də digər proseslərlə əlaqədar keçirdiyimiz tədbirlərə Milli Şuranın nümayəndələrini dəvət etsək də, onlar həmin tədbirlərə qatılmayıblar. Eyni zamanda, onlar da keçirdikləri tədbirlərin heç birinə bizi dəvət etmirlər. Bu da onu deməyə əsas verir ki, Milli Şura istənilən əməkdaşlıqdan imtina edərək müxalifət daxilində parçalanma yaradır. Onların əsas məqsədi isə özlərini xaricdəki dairələrə Azərbaycanın yeganə müxalifət qurumu kimi təqdim etməkdir. Guya hakimiyyətə qarşı dayanan ən güclü müxalifət qüvvəsi məhz Milli Şuradır". Əhməd Oruc Milli Şurada təmsil olunanların hakimiyyətlə dialoqa gedən partiyaları aşağılamasını da sərt tənqid edib. Bildirib ki, hər kəs öz səviyyəsinə uyğun danışır: "Əslində biz dəfələrlə məsələ qaldırmışıq ki, iqtidar-müxalifət dialoqunda Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası da iştirak etsin. Bu mövqeyimizi səmimi şəkildə ortaya qoymuşuq. Hesab etmişik ki, indiki şəraitdə müxalifətin küçə aksiyaları, mitinqlər vasitəsilə siyasi proseslərə təsir etmək imkanları çox aşağıdır. Bunun da başlıca səbəbi Milli Şurada olan liderlərin 25 ildir ki, xalqı aldatmasıdır. Ona görə də cəmiyyət bundan bezib. Ona görə də biz küçə aksiyaları, mitinqlərə əhalinin böyük əksəriyyətinin biganə qaldığını nəzərə alaraq hesab edirik ki, indiki şəraitdə ölkədaxili problemləri danışıqlar yolu, dəyirmi masalar vasitəsilə həll etmək məqbuldur. İstər regionda, istərsə də regionda baş verən proseslər, müxtəlif ölkələrdə baş verən inqilablardan sonra həmin ölkələrin viran qalması da onu deməyə əsas verir ki, istənilən cəmiyyətdə mövcud problemlərin həlli danışıqlardan keçir. Bütün bunları nəzərə alaraq biz hakimiyyətlə dialoq tərəfdarıyıq və bu danışıqlarda iştirak edirik". Partiya sədri deyir ki, Milli Şurada təmsil olunanlar isə bunu öz əxlaqlarına uyğun şəkildə xarakterizə edirlər: "Bizi gah hakimiyyətlə işbirliyində, gah da hakimiyyətin sözünü deməkdə ittiham edirlər. Mən indiyə qədər heç kimin iradəsinin ifadəçisi olmamışam və öz düşüncəm, təfəkkürümlə hərəkət etmişəm. Eyni zamanda bir yerdə olduğumuz siyasilərin də fikirlərinə həmişə hörmətlə yanaşmışam. Hətta mən fərqli, əksəriyyət isə başqa cür düşünəndə konsensus naminə əksəriyyətin fikrini müdafiə etmişəm". Partiya sədrinin sözlərinə görə, Milli Şura mitinqə on min nəfər çıxara bilsə, yenə də heç nə dəyişməyəcək: "Hərçənd Milli Şuranın mitinqə bu sayda insan çıxara biləcəyi qətiyyən inandırıcı deyil. Ancaq hakimiyyət təmsilçisi ilə görüşdə istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də digər vacib məsələlərin ortaya qoyulması daha məqsədəuyğun və nəticəverən ola bilər. Nəinki mitinqlərin keçirilməsi". Əhməd Orucun sözlərinə görə, Milli Şuranın hamıya çirkab, böhtan atmaq siyasəti əxlaqlı yol deyil: "Konkret olaraq kim mənim barədə nəsə danışa bilərsə buyurub danışsın. Mən də çoxları haqqında çox şey bilirəm. Ancaq onları danışmağı öz əxlaqıma uyğun saymıram. Eyni zamanda istənilən bir auditoriyada, mətbuat qarşısında onlarla üz-üzə gəlməyə hazıram. Ümumiyyətlə, beynəlxalq qüvvələr Milli Şurada hər zaman milli qüvvələrin üzərinə kıskırtmağa adam tapır. İndi də görünür bir-iki nəfər tapılıb ki, bizim üzərimizə hücum edirlər. Düşünürəm ki, onların kimə xidmət etdikləri, haradan maliyyələşdikləri hər kəsə məlumdur". Partiya sədri hakimiyyətlə dialoqa gedən partiyaların elektoratının məhdud sayda olduğu iddialarını da əsassız hesab edir. Əhməd Oruc deyir ki, bəziləri elektorat məsələsindən alver, şantaj məqsədilə xidmət edir: "Uzun illərdir ki, müəyyən beynəlxalq təşkilatlar tərəfindən ayrı-ayrı partiya sədrlərinə böyük məbləğlərdə pullar ayrılıb. Həmin siyasilər də o pullarla özlərinə funksionerlər saxlayıb, mətbu orqanları təsis ediblər. Bu gün də onların həmin mənbədən qidalanmaq imkanları var. Ancaq Azadlıq Partiyasının elə bir imkanları olmayıb və partiya heç vaxt o cür imkanlar axtarmayıb. Hətta belə imkanlar olanda biz milli maraqlarımızı müdafiə etmişik.Ona görə də onlar bizimlə hər hansı şəkildə əməkdaşlığa maraq göstərmirlər. Ancaq Milli Şura üçün bunun fərqi yoxdur. 2013-cü ilin prezident seçkilərində Rusiya xətti tutan Milli Şura planının alınmadığı təqdirdə Avropayönümlü xətt nümayiş etdirdi. İndi də İslamçılardan özlərinə elektorat toplamaq istəyirlər. Yəni, bunlar üçün fərqi yoxdur. Sifarişi kimin verməsindən asılı olmayaraq onlar səriştəli üzəduran, işverəndirlər. Arada çaşıb bizə də sataşırlar. Məsləhət görərdim ki, öz işləri ilə məşğul olsunlar və bizə toxunmasınlar. Hər halda onların kim olduğunu biz daha yaxşı bilirik. Çünki neçə illərlə birgə yol qət etmişik". Əhməd Oruc bildirib ki, Azərbaycanda kimin kim olduğu hər kəsə məlumdur: "Ehtiyac yaransa sübut etməyə hazırıq. Ona görə də kiminsə özünə bir-iki mirzə tutub başqalarını ya buradan, ya da Fransadan söydürməsi doğru deyil".

Əli