“Azərbaycan əleyhinə aparılan bu qarayaxma kampaniyası nə ilkdir, nə də son” Siyasət

“Azərbaycan əleyhinə aparılan bu qarayaxma kampaniyası nə ilkdir, nə də son”

Musa Qasımlı: "Bütün bu cəhdlər heç bir nəticə verməyəcək"

Çingiz Qənizadə: "Azərbaycana yönəlik təzyiq və təhdidlər əhəmiyyətsizdir"

İlk Avropa Yay Oyunları ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir. Bu isə Azərbaycanda narazılıqlarla müşayiət olunur.
Millət vəkili Musa Qasımlı ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib ki, Azərbaycan əleyhinə aparılan bu qarayaxma kampaniyası nə ilkdir, nə də son: "Məlum olduğu kimi, hələ "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də ölkəmizə çoxlu böhtanlar atılırdı. Nəticəsi nə oldu? Azərbaycan bu yarışların tarixində ən mükəmməl təşkilatçı oldu, ölkəmiz dünyada kifayət qədər təbliğ edildi, haqqımızda məlumatı olmayanlar da informasiya aldılar".
M.Qasımlı qeyd edib ki, o zaman ölkəmizə gələnlər başa düşdülər ki, qarayaxma kampaniyası onlarda Azərbaycan haqqında mənfi rəy yaratmaq məqsədi daşıyıb: "İndi belə çirkin kampaniyanın aparılması Azərbaycana gələn turistlərin sayını azaltmaq, xalqımız və ölkəmiz haqqında mənfi rəy formalaşdıraraq, gözdən düşürmək məqsədi güdür. Bu fəaliyyətin arxasında erməni lobbisi və diasporasının işləri açıq-aydın görünür".
M.Qasımlı bildirib ki, bütün bu cəhdlər heç bir nəticə verməyəcək: "Ölkəmiz bu yarışları ən yaxşı şəkildə təşkil edəcək. Vətənimizə səfər edənlər hər şeyi əyani olaraq görəcəklər və tam əmin olacaqlar ki, onları aldatmağa çalışıblar. Belə çirkin fəaliyyətin nəticəsi qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və digərləri üçün acınacaqlı olacaq. Onlar rüsvay olacaq və daha da nüfuzdan düşəcəklər. Oyunlardan sonra ölkəmiz və xalqımız haqqında formalaşan müsbət rəyi daha dəyişmək mümkün olmayacaq. Avropa oyunları vətənimizin ən yaxşı təbliği olacaq. Bu Oyunlar ölkəmizə strateji baxımdan çox lazımdır".
Millət vəkili Çingiz Qənizadə deyib ki, beynəlxalq təşkilatların, yaxud da hansısa xarici ölkənin Azərbaycana yönəlik təzyiq və təhdidləri əhəmiyyətsizdir. Onun sözlərinə görə, Azərbaycanın milli maraqlara söykənən, müstəqil xarici və daxili siyasət kursu var: "Hər hansı təzyiq və təhdid Azərbaycanı siyasi kursundan, yolundan döndərə bilməz. Bədnam xarici qüvvələr çox arzulayarlar ki, Azərbaycanın müstəqil siyasətini, cənab prezidentin bu istiqamətdə reallaşdırdığı siyasi kursu dəyişdirsinlər. Yaxud onlar istəyərlər ki, Azərbaycanı Ermənistan kimi qoltuqaltı bir dövlətə, oyuncaq hökumətə çevirsinlər. Bununla yanaşı, xarici qüvvələr Azərbaycanı Gürcüstan kimi tez-tez hakimiyyət dəyişikliyi olan, Ukrayna kimi münaqişə meydanına çevrilən bir ölkəyə də çevirməkdə maraqlıdırlar. Bu niyyətləri bir araya gətirəndə belə fikir yürütmək olar ki, xarici qüvvələr, həmin o beynəlxalq təşkilatlar Cənubi Qafqazda güclü, qüdrətli, stabil Azərbaycan dövlətini görmək istəmirlər. Əgər biz xarici qüvvələrin sifarişləri ilə oturub-dursaq, ölkəmizin Dağlıq Qarabağ problemi də, siyasi-iqtisadi siyasətimiz də ermənilərin maraqlarına uyğunlaşdırılacaq. Ona görə də ölkə başçısı Azərbaycanın müstəqil ölkə olduğunu, yalnız milli maraqlara söykənən müstəqil siyasət yürütdüyünü, dostluq-əməkdaşlıq etmək niyyətində olan digər ölkələrə də açıq olduğunu bəyan edir. Bəzən bizi sevməyən xarici ölkələrlə də beynəlxalq münasibətlər kontekstində əməkdaşlıq edir, bununla onların yatmış vicdanlarının oyanacağına ümid bəsləyirik. Lakin hadisələrin gedişində biz bunun əksini müşahidə edirik. Hər bir halda, təzyiq və təhdidlərlə heç bir dövlət və ya beynəlxalq təşkilat Azərbaycandan nə isə əldə edə bilməyəcək".

Əli