Əlvida Amerika üstünlüyü... Siyasət

Əlvida Amerika üstünlüyü...

The National Interest: ABŞ anlamalıdır ki, inkişafda olan dövlətlər artıq inanmırlar ki, inkişaf üçün səylər mütləq Qərb siyasi və iqtisadi dəyərləri ilə müşayiət olunmalıdır

Çinin maliyyə qurumlarının artan nüfuzundan çəkinən ABŞ müttəfiqlərinə bu strukturlara daxil olmamağı məsləhət görür. Bu barədə ABŞ-da dərc edilən "The National Interest" mətbu orqanında "Əlvida Amerika üstünlüyü" adlı məqaləsində deyilir.
Məqalədə qeyd edilir ki, inkişaf etməkdə olan Asiya və Latın Amerikası ölkələri Beynəlxalq Valyuta Fondunun reseptlərindən narazıdırlar. Bu reseptlər həmin ölkələrdə iqtisadi böhranı daha da artırıb.
Dünya Bankı isə iqtisadi yardım etməklə yanaşı, siyasi tələblər də irəli sürür.
Yazı müəllifləri qeyd edirlər ki, inkişaf etməkdə olan dövlətləri daha çox özlərinin iqtisadi inkişafları maraqlandırır və bu zaman onlar üçün adları çəkilən beynəlxalq maliyyə qurumlarının siyasi tələbləri arzuolunmazdır.
"Bu fonda iqtisadiyyat və inkişaf üçün alternativ qurumlar təklif edildi. Təklif Çindən gəldi. Söhbət Çinin Asiya İnfrastruktur İnvestisiyalar Bankı (AİİB), bank BRİKS və "Yeni ipək yolu" təşəbbüslərindən gedir.
Bir müddət əvvəl AİİB-ə qoşulmaq istəyi ilə Böyük Britaniya, Fransa, Almaniya və İtaliya çıxış edib. Birləşmiş Ştatlar bu təşəbbüsdə Çinin bütün Asiyanı nəzarətə götürmək arzusunu görür və müttəfiqlərindən, o cümlədən Avstraliya və Cənubi Koreyadan AİİB-ə qoşulmamağı tələb edir.
Hazırda AİİB 50 milyard dollar kapitala malikdir və idarəetmə mexanizmi hələ formalaşmayıb. Amma AİİB-ə qoşulmaq üçün artıq 35 ölkə hazır olduqlarını bildiriblər. Bu göstərici qısamüddətli kreditlərin alınması üçün deyil, əksinə bu Çinin Asiya üçün baş ofisləri Vaşinqtonda olan maliyyə institutlarından daha çox edə biləcəyinə inamın göstəricisidir".
Yazıda, həmçinin qeyd edilir ki, kömək istəyənlər üçün vacib məqamlardan biri də Çinin digər yardım istəyən ölkələrin daxili işlərinə qarışmayacağı barədə dəfələrlə verdiyi vəd olub ki, bu da Qərbin xarici siyasətinə tam ziddir.
Qloballaşmanın uğursuzluğunda günahın bir hissəsini üzərinə götürən BVF və DB hazırda inkişaf etməkdə olan dövlətlərə islahatların keçirilməsi üçün daha çox zaman versələr də, heç kimdə şübhə doğurmur ki, bunun son məqsədi Qərb dövlətlərində olan prinsip və modellərin tətbiq olunmasıdır.
Bunların üstünə inkişaf etməkdə olan dövlətlərin BVF və DB tərəfindən qərarlar qəbul edilərkən səs hüququnun olmaması ilə bağlı narazılığı gəlsək, onların digər yardım mənbələrinə can atmasının səbəbini anlamaq olar.
Məqalə müəllifləri vurğulayıblar ki, bu məsələlərdən ABŞ konkret nəticələr çıxarmalıdır.
"İlk növbədə ABŞ anlamalıdır ki, inkişaf etməkdə olan dövlətlər artıq inanmırlar ki, inkişaf üçün edilən səylər mütləq Qərb siyasi və iqtisadi dəyərləri ilə müşayiət olunmalıdır".