“Ermənistan 25 ildir iqtisadi, siyasi və təhlükəsizlik baxımından Rusiyanın əyaləti vəziyyətinə düşüb” Siyasət

“Ermənistan 25 ildir iqtisadi, siyasi və təhlükəsizlik baxımından Rusiyanın əyaləti vəziyyətinə düşüb”

Hatəm Cabbarlı: "Bu ölkənin Aİ ilə müstəqil siyasət həyata keçirmək imkanı yoxdur"

"Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasından sonra Avropa İttifaqı bu ölkəni yenidən özünə yaxınlaşdırmaq üçün yeni müstəvidə siyasət həyata keçirir. Aİ ilə Ermənistan arasında iqtisadi, siyasi dialoqun yeni mexanizminin hazırlamasına cəhd edilir".
Bunu siyasi elmlər doktoru, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib. O bildirib ki, ancaq bunun istənilən kimi nəticə verməsi mümkün deyil: "Ermənistan son 25 ildir iqtisadi, siyasi və təhlükəsizlik baxımından Rusiyanın əyaləti vəziyyətinə düşüb və Aİ ilə müstəqil siyasət həyata keçirmək imkanı yoxdur. Ermənistan dövlət rəsmilərinin və siyasi təhlilçilərin Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında körpü rolu oynadığını demələri cəfəngiyatdır. Ermənistan hansı iqtisadi və siyasi potensiyalına görə körpü rolunu oynayır? Ermənistanın hər iki tərəfə verəcəyi nələr var? Bu əsasən Ermənistanın daxili ictimai-siyasi rəyinə yönəlik dəyəri olmayan təbliğatdan başqa bir şey deyildir. Ermənistan heç bir halda bu rolun öhdəsindən gələ bilməz və hətta bu ssenaridə nəinki oyunçu heç texniki işçi belə deyil".
H. Cabbarlı əlavə edib ki, keçdiyimiz günlərdə Ermənistan prezidenti Serj Sərkisyan Çinə rəsmi səfər etdi: "Səfərdən sonra açıqlama verən Sərkisyan ölkəsinin İpək yoluna qoşulacağını bildirdi. İpək yolu layihəsi təxminən 20 ildir həyata keçirilir və Ermənistan bu layihədən kənarda qalıb. Ermənistanın bu layihəyə qoşulması sadəcə Çinin razılığı ilə həll olunmur. Layihədə iştirak edən digər dövlətlərin də razılığı lazımdır ki, bu da çətin məsələdir. Ermənistan mətbuatında müzakirə edilən digər bir məsələ də İranın nüvə problemində ABŞ ilə razılığa gəlməsidir. Bu İran və Ermənistan arasında iqtisadi və siyasi münasibətlərin inkişafına müəyyən qədər təsir edə bilər, amma strateji əməkdaşlığa çevrilə bilməz. Ermənilər bundan sonra İranın təbii qazını ala biləcəklərini ümid etsələr də, bu zaman Rusiya amilini unutmaq olmaz. Ermənistan-İran arasında təbii qaz boru xətti var. Bu xətdən idxal etdiyi təbii qazdan sadəcə elektrik enerjisi almaq üçün istifadə edir və bu xətt Ermənistanın təbii qaza olan tələbatını ödəmir. Layihəyə Aİ-nin maliyyə dəstəyi təmin edildikdən sonra Ermənistan və İran təbii qaz boru xəttini Ermənistan və Gürcüstan ərazisindən keçərək Qara dəniz sahilinə qədər uzatmağı, buradan da dənizin dibi ilə çəkilməsi planlaşdırılan boru xətti ilə təbii qazı Ukraynaya nəql etməyi və son nöqtə olaraq Avropaya çıxarmaq istəyib". Onun sözlərinə görə, İran təbii qazının Ermənistan, Gürcüstan və Ukrayna üzərindən Avropaya nəqli ilə (Bu layihənin uzunluğu 550 km-dir) bağlı suala cavab verən Movsesyan İran heyəti ilə bu məsələni müzakirə etmədiklərini, Avropa dövlətlərinin bu barədə tələbləri olarsa nəzərə alacaqlarını qeyd edib: "Bu layihənin həyata keçirilməsi üçün 5 milyard dollar tələb olunurdu. Bu rəqəm inşaatı uzun zaman müzakirə edilən BTC neft boru xəttinin inşaat dəyərindən iki dəfə çoxdur. Ermənistan bu layihənin rentabelli olduğunu sübut etmək üçün Gürcüstanın da layihədə iştirak etməsinə çalışıb. Bu baxımdan Ermənistan İran ilə əməkdaşlığının bölgənin xeyrinə olduğunu və enerji layihələrində Gürcüstanın da iştirak edə biləcəyini vurğulayıb. Bu layihə müzakirə edildiyi zaman Rusiya buna qarşı olduğunu bildirib Çünki İran-Ermənistan təbii qaz boru xətti Ukraynaya qədər uzanarsa, həm Ermənistan Rusiyaya olan enerji asılılığından azad olacaq, həm də Avropada Rusiya təbii qazına alternativ mənbə ortaya çıxacaqdı ki, bu da beynəlxalq bazarda Rusiyanın əleyhinə qiymət dəyişikliyi ilə nəticələnə bilərdi. Təbii qazın qiymətində kiçik dəyişiklik isə Rusiyaya milyonlarla dolların itirilməsinə səbəb ola bilərdi. Bütün bunlar nəzərə alınarsa İran qazının Ermənistana nəql edilməsi məsələsi mümkün deyil".

Əli