Bahar Muradova parlament seçkilərinə hazırlıqdan danışıb Siyasət

Bahar Muradova parlament seçkilərinə hazırlıqdan danışıb

"Biz bu seçkiləri də yüksək səviyyədə təşkil edəcəyik"

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Link ilə görüşüb. MM sədrinin müavini Azərbaycanın ATƏT və onun müvafiq institutları ilə əməkdaşlığa ciddi önəm verdiyini söyləyib.
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlığa toxunan B.Muradova həmçinin qeyd edib ki, bu əməkdaşlıq dövründə Azərbaycan üzərinə götürdüyü öhdəliklərə daim sadiq qalıb:"ATƏT-in bu institutunun Azərbaycandakı fəaliyyəti bir çox sahələrdə uğurlu nəticələr verdiyi kimi, seçki monitorinqi sahəsində də ciddi müzakirələrə səbəb ola bilən fəaliyyətlə yadda qalıb".
O, ATƏT-in iki ayrı-ayrı institutunun bir məsələ ilə bağlı fərqli mövqelərdən çıxış etməsinin təşkilatın dünyadakı nüfuzuna mənfi təsir göstərə biləcəyini vurğulayıb.
"Azərbaycanda indiyə qədər dəfələrlə seçkilər keçirilib və Parlament Assambelyasında seçkilərin nəticələrinin müzakirəsi zamanı obyektiv reallığa söykənən fikirlər səslənib və ümid edirəm ki, bu, gələcəkdə də bu belə olacaq", - deyə o, sözlərinə əlavə edib.
M.Linkin budəfəki səfərinin Azərbaycanda parlament seçkiləri ilinə təsadüf etdiyini deyən B.Muradova bildirib ki, seçkilərə siyasi qüvvələr və Azərbaycan cəmiyyəti olaraq ciddi şəkildə hazırlıq gedir:
"Azərbaycanın seçki qanunvericiliyi və bu günədək keçirilən seçkilər onu sübut edir ki, biz bu seçkiləri də yüksək səviyyədə təşkil edəcəyik. Artıq Azərbaycanın bu sahədə təcrübəsi var".
B.Muradova budəfəki seçki monitorinqinin əməkdaşlığın səviyyəsinə daha çox uyğun gələcəyinə inandığını deyib.
M.Link bütün fəaliyyəti dövründə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib.
O bildirib ki, hər hansı bir işi görmək üçün qanunlar və prinsiplərdən başlamaq və əməkdaşlığa əsaslanmaq lazımdır:"Müşahidənin obyektiv olması üçün bir araya gələrək rəyləri ümumiləşdirməliyik".
ATƏT rəsmisi bu yaxınlarda Parlament Assambleyasında və AŞPA-da görüşlər keçirdiyini deyən qonaq seçkiləri müşahidə zamanı bütün mövqeləri birləşdirərək birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə dair razılıq əldə edildiyini söyləyib.
M.Link Azərbaycanda keçiriləcək seçkilərin də məhz bu şəkildə müşahidə olunacağına inandığını deyib.