“Azərbaycanın güclü dövlətə çevrilməsi bəzi ölkələri narahat edir” Siyasət

“Azərbaycanın güclü dövlətə çevrilməsi bəzi ölkələri narahat edir”

"Azərbaycanın güclü dövlət olmasını qəbul etməyən müəyyən təşkilatlar I Avropa Oyunları ərəfəsində özlərinə yaxın media qurumları vasitəsilə Azərbaycan qarşı qarayaxma kampaniyasına başlayıblar".
Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da daim qərəzli yazlarla çıxış edən media orqanları jurnalist obyektivliyinə əməl etmirlər: "Azərbaycanla bağlı mütəmadi olaraq xarici mediada müxtəlif səpkili materiallar işıq üzü görür. İstər qəzetlər, istər xəbər portalları, istər televiziya reportajlarında. Bu materialların bir qismi müsbət, bir qismi də mənfi olur. Bəlkə haradasa bunları təbii qarşılamaq olardı, ancaq birmənalı qaydada qərəzli, görülən işlərə qara yaxan reportajlardakı qeyri-peşəkarlığı aydın seçmək olur. Digər tərəfdən, onlar Azərbaycanın ən ciddi problemi olan Dağlıq Qarabağla bağlı Azərbaycanın əleyhinə materiallar hazırlayaraq Ermənistanın tərəfində görünməkdə maraqlıdırlar. Bu isə birmənalı olaraq Azərbaycanın maraqlarına ziddir. Bu materialları hazırlayan media qurumları azad deyil. Transmilli media hansı ölkədə yerləşirsə, hansı ölkədən maliyyələşirsə, həmin ölkələrin maraqlarından çıxış edir. Aid olduqları ölkənin marağına cavab verməyəndə əsas hadisəni görmürlər, lakin maraqlarına cavab verəndə adi bir hadisədən "dünya əhəmiyyətli xəbər" düzəldirlər. Elə bu yaxınlarda BBC-nin müxbiri Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib, hazırladığı reportaj da o qəbildəndi".
Şura sədri qeyd edib ki, son 20 ildə Azərbaycanın istər iqtisadi, istər siyasi, istər hərbi baxımdan regionda güclü dövlətə çevrilməsi, eyni zamanda müstəqil siyasət aparması müəyyən ölkələrdə narahatlıq yaradır: "Bu narahatlıq isə onlara yaxın mətbuat orqanlarında Azərbaycanla bağlı hazırlanan materiallarda özünü göstərir. "Eurovision" müsabiqəsi ərəfəsində də eyni vəziyyət idi".
Əflatun Amaşovun sözlərinə görə, Mətbuat Şurası xarici media vasitələrində Azərbaycanla bağlı obyektiv informasiyaların əksini tapması üçün mütəmadi fəaliyyət göstərir: "Mütəmadi olaraq müxtəlif ölkələrdən jurnalistlər dəvət edirik. Bu yaxınlarda da Türkiyədən çox böyük jurnalist heyəti gəlmişdi. Yaxın vaxtlarda da ayrı-ayrı ölkələrdən çoxsaylı jurnalistlərin ölkəmizə səfəri gözlənilir. Bizim qarşımıza qoyduğumuz əsas məqsəd ölkənin vəziyyəti ilə bağlı xarici media vasitələrində obyektiv informasiya yayılmasına nail olmaqdır. Daha çox qonaqlar dəvət edib, Azərbaycanda görülən işlərlə onları tanış etməkdir".