“Birinci Avropa Oyunlarının bütün təşkilatı məsələləri öz həllini tapıb” Siyasət

“Birinci Avropa Oyunlarının bütün təşkilatı məsələləri öz həllini tapıb”

Aydın Hüseynov: "Belə olan təqdirdə bunu baykot etmək qeyri-mümkündür"

Kamilə Əliyeva: "Qərbdəki, Avropadakı bəzi dövlətlər və beynəlxalq təşkilatlar hər fürsətdə Azərbaycana qarşı qarayaxma kampaniyası düzənləyir"

İlk Yay Avropa Oyunlarına az bir zaman qalsa da bəzi beynəlxalq təşkilatlar tərəfindən baykot çağırışı davam edir. Avropa Siyasəti Araşdırmaları Mərkəzi də bu siyahıya qoşulub. Bu çağırışların oyunların keçirilməsinə təsiri ola bilərmi?
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun sözlərinə görə, ilk növbədə bu məsələlərə erməni diasporasının təsiri vardır. Onun fikrincə, Azərbaycana qarşı kənardan hansısa addımlar varsa, orada mütləq şəkildə erməni diasporasının "barmağı" olur: "Digər tərəfdən bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının bütün təşkilatı məsələləri öz həllini tapıb. Artıq orada iştirak edcək dövlətlər və idmançılar müəyyənləşdirilib. Belə olan təqdirdə bunu baykot etmək qeyri-mümkündür. Hətta deyərdim ki, Oyunların başlanmasına sayılı günlər qalıb. Bunun qarşısını cılız fikirli insanlar, qurumlar, mərkəzlər ümumiyyətlə, heç kim ala bilməyəcək. Heç şübhəsiz ki, Avropa tarixində ilk dəfə olaraq sözügdən bu olimpiya oyunları çox yüksək səviyyədə keçəcək. Bir sözlə, dünyada Azərbaycan brendləri və standartları addım atacaq".
Milli Məclisin (MM) deputatı Kamilə Əliyeva bildirib ki, istər cəmi iki ay sonra reallaşdırılacaq ilk Avropa Oyunları, istərsə də IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında müqavilənin imzalanması bu baxımdan əhəmiyyətlidir: "Azərbaycanın inkişafını, uğurlarını gözü götürməyən dairələrin bütün pozuculuq əməllərinə, yalan, böhtan, şantaj kampaniyasına baxmayaraq, ölkəmiz mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir".
Onun sözlərinə görə, bu fakt Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləməklə yanaşı, onun həm Qərbdə, Avropada, həm də İslam dünyasında nüfuzunun göstəricisidir: "Düzdür, Qərbdəki, Avropadakı bəzi dövlətlər və onların təsir dairəsində olan qüvvələr, beynəlxalq təşkilatlar, media quruluşları hər fürsətdə Azərbaycana qarşı qarayaxma kampaniyası düzənləyir, ölkəmizin dünyadakı yüksək nüfuzuna və imicinə kölgə salmağa cəhdlər edirlər, amma sonucda onların bütün cəhdləri, addımları uğursuzluğa, fiaskoya gətirib çıxarır. Başqa cür də ola bilməz.
Bundan sonra da bu məkrli dairələrin, qüvvələrin cəhdləri heç bir nəticə verməyəcək, uğursuzluqla nəticələnəcək. Azərbaycan müstəqil siyasət kursu həyata keçirməklə, öz inkişafına, öz tərəqqisinə doğru daha inamla addımlayacaq, onu bu yoldan heç bir qüvvə geri döndərə, çəkindirə bilməyəcək. Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da nüfuzlu beynəlxalq tədbirlərə, idman, musiqi yarışmalarına yüksək səviyyəli ev sahibliyi edəcək. Buna heç kimsənin şübhəsi olmasın".
Millət vəkili eyni zamanda, bildirib ki, həyata keçirilən siyasət Azərbaycanın, həmçinin İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib: "IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı müqavilənin imzalanması da təsadüfi deyil. Bu, ölkəmizin İslam aləmindəki yerinin və çəkisinin göstəricisi, etirafıdır".

Əli