“Azərbaycan qətiyyən iki müsəlman ölkəsinin bu şəkildə üz-üzə dayanmasını istəmir” Siyasət

“Azərbaycan qətiyyən iki müsəlman ölkəsinin bu şəkildə üz-üzə dayanmasını istəmir”

Zahid Oruc: "Bu bütün hallarda beynəlxalq təhlükəsizlik sisteminin zərbə alması deməkdir"

"İran Yaxın Şərqin siyasi arxitekturasının formalaşmasında fəal şəkildə rol oynamağa çalışır və uzun illər boyu çox mürəkkəb bir şəraitdə özünün hərbi, maliyyə və digər yardımları ilə regiondakı proseslərdə Qərbin atdığı addımlara qarşı müqavimət göstərir". Bunu millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Yəməndə baş qaldırmış məzhəb davası fonunda İran böyük bir şiə qurşağını Yaxın Şərqdə bərqərar etməyə çalışır: "Bu isə uzun müddətdən bəri davam edən Səudiyyə Ərəbistan və İran arasındakı soyuq münasibətləri bir az da dərinləşdirir. Bütün bunlar dünya ölkələrinin nəzərində iki ölkənin hərbi toqquşması ilə nəticələnə bilər. Əgər hadisələr bu səviyyədə davam edəcəksə, bu ərəb NATO-sunu narahat etməyə başlayacaq və yerüstü əməliyyatlar artacaq. Bu isə kütləvi müharibə deməkdir və ərəb dünyasında kövrək olan sabitliyin daha böyük zərbə alması ilə nəticələnəcək". Z. Oruc deyib ki, Azərbaycan qətiyyən iki müsəlman ölkəsinin bu şəkildə üz-üzə dayanmasını istəmir: "Bu bütün hallarda beynəlxalq təhlükəsizlik sisteminin zərbə alması deməkdir. Heç kəs bunu iki ölkə savaşsın, hər ikisi dünya neft və qaz resurslarının çəkili bir hissəsini verən dövlətlərdir və bu neftin, qazın qiymətinə təsir göstərəcəkdir kimi məhəlli maraqlardan yanaşmaq yanlış olardı. Azərbaycanın bu məsələdə mövqeyini ölkə başçısı Səudiyyə Ərəbistanına səfəri zamanı ifadə edib. Bu mövqeni hamımız bölüşürük. Ona görə də İran və Səudiyyə Ərəbistan arasında hərbi toqquşmaların olmaması üçün beynəlxalq birlikdən gərəkən səylər tələb olunur ki, onlar həyata keçirilsin".

Əli