“Azərbaycanla heç kim sanksiya dilində danışa bilməz” Siyasət

“Azərbaycanla heç kim sanksiya dilində danışa bilməz”

Eldar İbrahimov: "Məşhur atalar məsəlində deyildiyi kimi, yel qayadan nə apara bilər ki?!"

"Daxili və xarici məkrli anti-Azərbaycan dairələrin, beynəlxalq "qeyri-hökumət təşkilatları"nın, "ekspertlər"in bütün cəhdlərinə, təxribatçı əməllərinə baxmayaraq, Azərbaycan ilk Avropa Olimpiya Oyunlarına uğurla evsahibliyi edəcək".
Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib.
Onun dediyinə görə, bugünlərdə müxtəlif ölkələrdən olan 45-yə QHT təmsilçisinin, siyasətçi və ekspertlərin dövlət başçılarına və beynəlxalq ictimaiyyətə müraciət edərək, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını boykot etməyə, Azərbaycanın rəsmi şəxslərinə qarşı isə sanksiyaların tətbiqinə çağırması Azərbaycanın günü-gündən inkişafına, dünyada nüfuzlu yer və söz sahib olmasına qısqanc münasibətdən, gözügötürməzlikdən başqa bir şey deyil.
O, deyib ki, həmin dairələr Azərbaycan müstəqil siyasətini, onun uğurlarını, dünyanın aparıcı və lider dövlətləri sırasında inamla addımlamasını heç cür həzm və qəbul edə bilmirlər.
E.İbrahimovun bildirdiyinə görə, məhz bu baxımdan da, məlum anti-Azərbaycançı ermənipərəst dairələr hər vəchlə ölkəmizin imicinə, nüfuzuna xələl gətirməyə çalışır və bundan ötrü dəridən-qabıqdan çıxırlar: "Ancaq onlar bir məqamı unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərinin Azərbaycanı deyil. Azərbaycanla artıq heç kimsə təhdid, təzyiq, sanksiya, hədə-qorxu dilində danışa bilməz.
Azərbaycan bu gün sözün hər mənasında dünyanın, yerləşdiyi regionun və bölgənin əsas söz və nüfuz sahiblərindən biridir. Azərbaycan regionun lider dövlətidir.
Artıq dünya Azərbaycanın yeri və çəkisi ilə hesablaşır. Çünki bu bölgədə, bu regionda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir regional və beynəlxalq əhəmiyyətli layihə gerçəkləşdirilə bilməz. Bunu həmin dairələr də artıq anlasalar, qəbul etsələr yaxşı olar. Onlar nə edirlərsə, özlərinə edirlər. Məşhur atalar məsəlində deyildiyi kimi, yel qayadan nə apara bilər ki?!
Azərbaycan bu günə kimi bır sıra regional və beynəlxalq əhəmiyyətli nüfuzlu tədbirlərə, idman, musiqi yarışmalarına uğurla evsahibliyi edib. Bu, həmin tədbirlərin iştirakçıları olan dövlətlər və onların təmsilçiləri tərəfindən də daim etiraf və təqdir edilib. Odur ki, Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da hələ bir çox nüfuzlu beynəlxalq tədbirlərə, idman, musiqi yarışmalarına ev sahibliyi edəcək.
Bunun qarşısını almağa heç bir qüvvənin iradəsi çatmayacaq, onlar sabun köpüyü kimi havaya sovrulub gedəcəklər. Bir daha qeyd edirəm ki, Azərbaycan qarşıdan gələn ilk Avropa Oyunlarına da uğurla evsahibliyi edəcək və bununla dünyadakı yerini, çəkisini, nüfuzunu möhkəmlətmiş olacaq. Buna kimsənin əsla və əsla şübhəsi olmasın".