“Erməni yalanlarına qarşı ciddi addımlar atılmır” Siyasət

“Erməni yalanlarına qarşı ciddi addımlar atılmır”

Ayhan Dəmirçi: "Onlarin yalanlarını tam mənada ifşa edə bilmirik"

Mübariz Əhmədoğlu: "Roma Papasının ermənilərlə bağlı verdiyi bəyanat əks effekt yaradıb"

Qabil Hüseynli: "Amerika ermənilərin oyununa getməyəcək"

Çexiya parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsi "erməni soyqırımı"nın 100-cü ildönümünə həsr edilən qətnaməni qəbul edib. Səs çoxluğu ilə qəbul edilən qətnamədə Türkiyənin "soyqırım"ı inkar siyasəti ittiham olunub.
Qətnamədə "Çexiya parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi dünyanın bütün ermənilərinə öz başsağlığını ifadə edir", deyə bildirilir.
Qeyd edək ki, Çili Parlamentinin Nümayəndələr Palatsı da analoji qətnamə qəbuil edib.
Xatırladaq ki, qondarma erməni soyqırımının indönümü yaxınlaşdıqca erməni lobbisi Avropada, onun siyasi mərkəzlərində aktivliklərini artırırlar. Niderland krallığının ardınca ermənilər indi də Belçikada qondarma soyqırıma abidə qoyulması istiqamətindəki fəaliyyətlərində nəticə əldə edə biliblər. Məlumata görə, Belçikanin böyük şəhərlərindən biri olan Mekelen bələdiyyəsi ərazisində aprelin 19-da qondarma soyqırımın 100 illliyi ilə əlaqədar abidə qoyulacaq.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, erməni yalanlarına qarşı ciddi addımlar atılmır: "Türk cəmiyyətləri olaraq Belçikada 250 min insanımız var. Lakin bu qədər sayda olmağımıza baxmayaraq erməni yalanlarını tam mənada ifşa edə bilmirik. Bir ovuc erməninin Mekelen bələdiyyəsində dini liderlərinin dəstəyi ilə buna nail olmaları belə deməyə əsas verir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bələdiyyə başçısı da erməni yalanlarına inanaraq abidənin qoyulmasına razılıq verib". Ayhan Dəmirçinin sözlərinə görə, bu, türklərə qarşı ayrı-seçkilik, ikili standartlardan yanaşmanın göstəricisidir: "Halbuki bu cür səhv addımlar atmaq əvəzinə əsl həqiqətlərin araşdırılması kimi cəhdlərin göstərilməsi, tarixi həqiqətlərin gün üzünə çıxarılması vacibdir. Biz türk mənşəli belçikalılar olaraq təəssüf ki, ayrı-seçkiliyin bir neçə ölçüləri ilə üz-üzə qalmışıq. Bu gün özümüzü bir daha haqsız yerə alçaldılmış hiss edirik. Birinci dünya müharibəsinin hökm sürdüyü 1915-ci ildə baş verən hadisələrin soyqırım kimi qələmə verilməsi və avropalıların bu yalana inanaraq ona abidə ucaltması çox üzücüdür". Ayhan Dəmirçi Mekelen bələdiyyəsinin erməni yalanlarına şərik çıxmasına qarşı atılacaq mümkün addımlardan da danışıb. Bildirib ki, Belçikada yaşayan türk cəmiyyəti olaraq reaksiya veriləcək: "İlkin mərhələdə etiraz əlaməti olaraq Mekelen bələdiyyəsinə etiraz məktubu göndərəcəyik". Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri qeyd edib ki, Hollandiyada fəaliyyət göstərən Türk cəmiyyət və təşkilatları da öz növbəsində erməni yalanlarına inanan və ona dəstək verən Avropa parlamentarilərinə etirazını bildirib, onlara qarşı hüquqi addımlar atmağı qərarlaşdırıb: "Belə ki, Hollandiya Türk Şurası (HTK) bu ölkənin parlamentində təmsil olunan bəzi deputatlar və Avropa Parlamenti üzvlərindən bir qismini məhkəməyə verməyi qərarlaşdırıb. Hollandiya Türk Şurasının başçısı Səfa Yürükel və Mustafa Cingöz Hollandiya Parlementində ötən həftə gündəmə gələn və 127 səslə qəbul edilən 1915-ci il hadisələrini soyqırımı kimi tanınması təklifini Türk cəmiyyətinə qarşı haqsızlıq və böhtan kimi dəyərləndirib. Keçən həftə sonu təşkil etdikləri mətbuat konfransında Səfa Yürükel və Mustafa Cingöz Hollandiya Parlamentində təklifə dəstək verən parlamentarilərin bu addımını Hollandiyada yaşayan 500 min Türkü təhqir etmə kimi dəyərləndirib. Onlar sözügedən təklifə dəstək verən parlamentarilərə qarşı iddia qaldıracaqlarını bildiriblər". Ayhan Dəmirçi əmin olduğunu bildirib ki, Avropada erməni yalanlarını ifşa etmək istiqamətindəki fəaliyyətlər öz bəhrəsini verəcək və Avroparlamentarilər atdığı səhv addımı düzəldəcəklər: "Təbii ki, bunun üçün aktivliyimizi artırmalıyıq. Avropada yaşayan hər kəs erməni yalanlarının ifşa edilməsi istiqamətində çalışmalı, bacardığı qədər bu posesə öz töhfəsini verməlidir".
Politoloq Mübariz Əhmədoğlu Avropa Parlamentinin aprelin 15-də baş tutacaq plenar iclasında qondarma erməni soyqrımı məsələsinin müzakirəyə çıxarılmasına münasibətində isə "ola bilər ki, Avropa Parlamenti (AP) bundan bir müddət əvvəlki mövqeyinə nisbətən daha obyektiv olsun. "Erməni soyqırımı" ilə əlaqəli 3 qərar AP-la bağlıdır",- deyə bildirib. Politoloq deyib ki, 2014-cü ildə Ermənistana və "erməni soyqırımına" aid qərar qəbul edilib. O cümlədən, Avropa Xalq Partiyası da erməni "soyqırımı"nı nəzərdə tutan sənəd qəbul edib. Daha sonra Avronest PA-nın İrəvanda keçirilən iclasında Ermənistan-Türkiyə münasibətlərinə dair qərar qəbul olunub: "Qəbul edilən sənədlər Avropa strukturlarını "soyqırımının" tanınması istiqamətində fəaliyyət göstərməyə çağırırdı".
Politoloq qeyd edib ki, keçiriləcək iclasda vəziyyət fərqli ola bilər: "Roma Papasının ermənilərlə bağlı verdiyi bəyanat əks effekt yaradıb. BMT, Avropa Komissiyası əvvəlki mövqeyində qaldı, ABŞ da əvvəlki mövqeyində qalaraq hətta bir az Türkiyəyə tərəf yönəlib. Bunlar onu deməyə əsas verir ki, ermənilər istədiyinə nail olmadı".
M.Əhmədoğlu hesab edir ki, Avropa Parlamenti bu məsələnin müzakirəsində Avrokomissiya ilə də məsləhətləşəcək: "Mümkündür ki, qəbul ediləcək qərarda "erməni soyqırımı" ifadəsi işlədilsin. Çünki AP hələ 1987-ci ildə "erməni soyqırımı" ilə bağlı qərar qəbul edib. Amma bu qərarda Türkiyəyə qarşı sərt ifadələrin, Avropa strukturlarını soyqırımı tanımağa təhrik etmək kimi ifadələrin işlədiləcəyini gözləmirəm".
Politoloq Qabil Hüseynli deyib ki, Qərb dövlətləri Türkiyəyə qarşı siyasi həmlələrinin saytını artırıb. ABŞ Dövlət Departamentinin rəsmisi Mariya Arfın qondarma "erməni soyqırımı" ilə bağlı Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə əsas həmlənin Roma Papası Fransisk tərəfindən edildiyini deyən Q.Hüseynli qeyd edib ki, Vatikan rəhbəri digər Qərb dövlətlərinə çox pis nümunə verib. Politoloq Fransiskin qondarma soyqırımla bağlı səsləndirdiyi fikirlərin Qərbdə rezonansa səbəb olduğunu deyib: "Erməni lobbisi də bu məsələdə böyük rol oynayır. Qərb tərəfindən qondarma soyqırımın qəbul edilməsi üçün erməni lobbisi və Ermənistan hakimiyyəti xüsusi canfəşanlıq göstərirlər. Ermənilər Qərbin dəstəyini almaqla məsələni beynəlxalq məhkəməyə çıxarmaq niyyətindədir. Bununla həmçinin Türkiyədən təzminat almaq istəyirlər". Qabil Hüseynli ABŞ-ın məsələyə münasibətinə də toxunub. O, ABŞ prezidenti Barak Obamanın ənənəvi 24 aprel çıxışında "soyqırım" sözünü işlətməyəcəyi qənaətindədir. "7 ildə bu sözü işlətməyən Obama 8-ci ildə bu sözü işlədib iki dövlət arasında düşmənçilik yaratmayacaq. Düzdür, Papanın fikirləri ABŞ-dakı müəyyən siyasi dairələr tərəfindən dəstəklənir. Amma Obamanın qondarma soyqırımı tanımaqla, Türkiyə kimi strateji müttəfiqini incitməsi inandırıcı deyil. Amerika ermənilərin oyununa getməyəcək" – deyə Q.Hüseynli vurğulayıb.

Əli