TBMM sədri Moskavadan səslənib Siyasət

TBMM sədri  Moskavadan səslənib

"Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını azad etməlidir"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacibliyini dilə gətiririk".
Bunu dünən Moskvada keçirdiyi mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.
APA-nın Moskva müxbirinin "Rusiya tərəfi ilə keçirdiyiniz görüşlərdə Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi məsələsini müzakirə etdinizmi" sualına cavabında Türkiyə parlamentinin sədri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin ürək açan olmadığını bildirib: "Təəssüflər olsun ki,ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç nə edə bilmir. Dağlıq Qarabağmünaqişəsi uzun müddətdir, davam edir. Bu münaqişə başlayanda ana bətnində olan körpənin artıq 23 yaşı var. 1 milyondan artıq azərbaycanlı bu münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşüb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu münaqişəyə ikili standartlı münasibəti davam edir".
C. Çiçək Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Cənubi Qafqaz regionunda təhlükəsizliyə nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb: "Bu münaqişə həll edilmədikcə Cənubi Qafqaz regionunda təhlükəsizlik riski davam edəcək. Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını azad etməlidir".