Avropa Parlamentində xristian həmrəyli Siyasət

Avropa Parlamentində xristian həmrəyli

Və yaxud erməni yalanlarının arxasınxa sürünən Avropa

Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında qondarma "erməni soyqırımı"nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə layihəsi müzakirə edilib.
Məbuatın verdiyi məlumata görə, AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka) qondarma "erməni soyqırımının" 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının demək olar hamısı belə bir "soyqırımın baş verdiyini" söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər.
Fransalı avroparlamentar Jan-Mari Kavada isə daha irəli gedərək, Türkiyənin prezidentini "100 il öncə qətlə yetirilmiş ermənilərin ruhu qarşısında baş əyməyə" çağırıb. Çıxış edən bir çox avropalı deputatlar üçün əsas istinad nöqtəsi isə Roma Papasının da "erməni soyqırımı" ifadəsini işlətməsi olub.
Ümumiyyətlə, keçirilmiş iclasda zalda oturanların əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri Türkiyənin mövqeyini dəstəkləməyib, ermənilərin törətdikləri soyqırımlarla bağlı bir cümlə də səsləndirməyib.
Avropa Komissiyası adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva isə öz çıxışında "soyqırım" kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. Xanım Georgiyeva bu haqda suala cavab verərkən, "soyqırım" məsələsinin çox həssas olduğunu deyərək, AB-nə üzv ölkələri arasında bununla bağlı birmənalı mövqeyin olmadığını qeyd edib.
Qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, qəbul olunmuş qətnamə layihəsində Avropadakı vətəndaş cəmiyyətlərini, parlamentarlar, assosiyasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa Birliyi Şurası və AP Ümümavropa anım mərasimini qeyd etməyə səslənilir.

Ərdoğan: "Türkiyənin üzərində "soyqırım" ləkəsi və kölgəsi yoxdur"

"Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir. Türkiyənin üzərində "soyqırım" ləkəsi və kölgəsi yoxdur ".Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin (AP)1915-ci il hadisələrini "soyqırım" adlandırmasına cavab olaraq bildirib. Ərdoğan sonra deyib:"Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcaba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil".
Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: "Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil".
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara "twitter" sosial şəbəkəsi üzərindən münasibət bildirib: "AP bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. AP-nin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun".
Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri və baş müzakirəçi Volkan Bozkır da AP-nin qərarı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Türkiyənin nümayiş etdirdiyi xoş niyyətə qarşı AP bu qərarı ilə tarixi siyasətə alət edib.
Bozkır bu qərarın tarixi və hüquqi gerçəyi əks etdirmədiyini, ona görə də Türkiyə və Türk milləti üçün heç bir əhəmiyyət daşımadığını qeyd edib: "Avropa Parlamenti bugünkü qərarı ilə keçmişdəki acılar arasında ayrı-seçkilik yaradıb. Birinci Dünya Müharibəsində həlak olmuş Türk və Müsəlman xalqların uğradığı faciələri görməzdən gəlib, sadəcə ermənilərin acılarını önə çıxarıb".
Nazir qeyd edib ki, 1915-ci il hadisələri Türkiyəyə qarşı bəhanə olaraq istifadə edilir: "Bu məsələnin siyasi mübarizə mövzusu kimi təqdim edilməsi qəbuledilməzdir".
Bozkır Türkiyənin 1915-ci il olaylarının tarixi komissiyada araşdırılması ilə çağırış etdiyini də xatırladıb: "Ermənistanla 2009-cu ildə protokollar imzaladıq. Ancaq bu protokollar təsdiq olunmadan Ermənistan parlamentindən yığışdırıldı. Avropa Parlamenti isə bu qərarı ilə tarixi siyasətə alət etdi. AP-nin istifadə etdiyi "soyqırım" ifadəsi hüquqi anlayışdır. Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir".

Azərbaycan XİN: "Bu qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsidir"

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) aprelin 15-də Avropa Parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş qətnaməyə münasibət bildirib.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu qətnamə əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsidir.
Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, "erməni soyqırımı" ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir.
İnsan hüquqlarının "müdafiəçisi" roluna iddia edən dairələr Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törədikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməmişlər.
Hələ 80-ci illərin sonunda Avropa Parlamentində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair qətnamənin qəbul edilməsi sonradan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, on minlərlə azərbaycanlının ölümünə və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə töhfə verən addımlardan biri olmuşdur. Avropa Parlamentinin 15 tarixli 2015-ci il tarixli qətnaməsi də Ermənistanın əsassız iddialarına dəstək verərək regionda gərginliyin daha da artmasına rəvac verir.
Tarixi saxtakarlıq əsasında "erməni soyqırımı" iddiaları ilə çıxış edən Ermənistanın isə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə olan cinayət əməllərinə görə daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf etməsi, Azərbaycana qarşı işğal və təcavüzə son qoyması və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsi regionda sülh və sabitliyin bərqərar olmasına və Ermənistanın özünün düşdüyü acınacaqlı vəziyyətdən xilas olmasına xidmət etmiş olardı", - deyə H. Hacıyev vurğulayıb.

Hüsaməddin Cindoruk: "Avropa Parlamenti peşəsi soyqırım törətmək olan işğalçı erməniləri mükafatlandırdı".

Aprelin 15-də Avropa Parlamentinin Türkiyə əleyhinə qəbul etdiyi qondarma "soyqırım" qərarını APA-ya şərh edən Türkiyə Böyük Millət Məclisnin keçmiş spikeri Hüsaməddin Cindoruk deyib: "Bu qərar təkcə Türkiyənin yox, eyni zamanda, can qardaşımız Azərbaycanın əleyhinə qəbul edilib. Avropa Parlamenti türklərə qarşı soyqırım törətməyə özünə peşə seçən və Azərbaycan torpaqlarını uzun müddətdən bəri işğal altında saxlayan erməniləri mükafatlandırdı. Əslində Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarını işğal edərək Xocalı soyqırımını törətmiş erməniləri cəzalandırmalıdır. Ancaq təəssüf ki, AP bunu etmək əvəzinə Türkiyə əleyhinə heç bir əsası olmayan absurd qərar qəbul edib. Qərarın Türkiyəni narahat edəcək heç bir qüvvəsi yoxdur, çünki Türkiyənin bütün arxivləri açıqdır. Bizim əleyhimizə qərar qəbul edənlər zəhmət çəkib o arxivlərə baxsaydılar, ermənilərin bizə qarşı soyqırım törətdiklərini görə bilərdilər. AP-nin bizə qarşı qəbul etdiyi bu ədalətsiz qərarı unutmayacağıq. Həqiqətlərin ortaya çıxacağı günlər isə mütləq gələcək".

Türkiyə XİN: "Tarixi və hüququ qətl edən bu mətni qəbul edənləri ciddiyə almırıq"

"Türkiye-AB əlaqələrinin inkişafına mane olmaqla tanınan Avropa Parlamenti daha öncə də elədiyi kimi 1915-ci il olayları ilə bağlı yenidən tarix yazmağa həvəslənib".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Avropa Parlamentinin (AP) qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar bəyanatında qeyd olunub.
Bəyanatda AP-nin qərarı "gülünc" adlandırılıb: "Tarixi və hüququ qətl edən bu mətni qəbul edənləri ciddiyə almırıq. Avropa Birliyi vətəndaşlarından cəmi 42 faizinin 2014-cü ildəki seçkilərə qatılması da bu parlamentin AB siyasi mədəniyyətindəki yerini zatən göstərib. Mənasızlıqda hər baxımdan bənzərinə az rast gəlinən bu mətni gələcəkdə xatırlamaq istəmədiyi sənədlər arasına qoymaq üçün eynilə bu quruma geri göndəririk".
Bəyanatda bildirilib ki, bu qərarın yalnız bilgisizlik və cəhalətlə əlaqələndirilməsi yanlış olar: "Bunun arxasında, nə yazıq ki, din və mədəni fərqliliyə görə yaranmış laqeydlik də var. AP Avropa xalqları arasında ortaq gələcəyin inşasına töhfə vermək istəyirsə, bunun fərqli din və mədəniyyətləri uzaqlaşdıraraq, gerçəkləşməsinin mümkün olmadığını bilməlidir".
Türkiyə XİN AP üzvlərinə 1915-ci il olayları ilə maraqlanmadan öncə öz tarixləri ilə üzləşməyi, xüsusilə I və II dünya müharibələri kimi insanlığın ən qorxunc fəlakətindəki rol və məsuliyyətlərini xatırlamalarını tövsiyyə edib.