Milli Məclisin aqrar-siyasət komitəsinin iclası keçirilib Siyasət

Milli Məclisin aqrar-siyasət komitəsinin iclası keçirilib

"Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi müzakirə olunub

Ötən gün Milli Məclisin aqrar-siyasət komitəsinin növbəti iclası keçirilib.
"APA-Economics"in məlumatına görə, iclasda "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi müzakirə olunub.
Aqrar-siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, sözügedən qanun layihəsi aprelin 3-də Milli Məclisdə geniş müzakirə olunub. Onun sözlərinə görə, qanun layihəsinin birinci oxunuşunda millət vəkilləri bir sıra rəy və təkliflər veriblər. Bu təkliflər Milli Məclis aparatının əməkdaşları, o cümlədən, aidiyyatı nazirliklərin işçi qrupu tərəfindən diqqətlə öyrənilib, qanun layihəsi məzmun və struktur cəhətdən təkmilləşdirilib. Eldar Quliyev bu qanunun qəbuluna böyük ehtiyac olduğunu deyib.
Daha sonra Milli Məclis aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə çıxış edərək, qanun layihəsinə 8 müddəa əlavə olunduğunu, 4 müddəanın çıxarıldığını, 17 maddəyə isə əlavə və dəyişikliklər edildiyini bildirib. V. Əlizadənin sözlərinə görə, bu qanun layihəsi ikinci oxunuş üçün tələblərə tam cavab verir və müzakirəyə hazırdır.
Daha sonra millət vəkili Novruz Aslanov informasiya-məsləhət xidmətinin hər bir sahədə lazım olduğunu bildirərək bu qanun layihəsinin çox vacib olduğunu qeyd edib. O, bu ilin kənd təsərrüfatı ili olduğunu xatırladaraq kənd təsərrüfatı sahəsində qanunvericilik bazasının möhkəmləndirilməli olduğunu da diqqətə çatdırıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elmi Mərkəzinin elmi işlərin planlaşdırılması və koordinasiyası şöbəsinin müdiri Şükür Əhmədov çıxış edib. O, bu qanun layihəsinin qəbulunun ucqar yerlərdə yaşayan kənd təsərrüfatı istehsalçılarının bu sahədə elmi tədqiqat işləri, o cümlədən, innovasiyalı istehsalla tanış olmasına şərait yaradacağını bildirib. Ş.Əhmədovun sözlərinə görə, qanun layihəsinin qəbulu kənd təsərrüfatı məhsullarının istehsalında artıma gətirib çıxaracaq, eyni zamanda, ixrac yönümlü məhsulların çoxalmasına şərait yaradacaq.
İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi Xanış Təhməzov bildirib ki, bu qanun layihəsinin ilkin variantı Nazirlikdə diqqətlə öyrənilib. X.Təhməzov qeyd edib ki, bu gün dünyada ərzaq təhlükəsizliyi əsas məsələlərdən biridir. Bu qanun layihəsi ərzaq təhlükəsizliyinin həyata keçirilməsi istiqamətində aparılan aqrar siyasətin əsas tərkib hissələrindən biridir. Onun fikrincə, "İnformasiya-məsləhət xidməti haqqında" qanun layihəsinin qəbulu nəinki məhsul artımına şərait yaradacaq, o cümlədən, əhalinin sağlamlığının daha etibarlı təminatı ilə bağlı tədbirlərin tətbiqinə imkan verəcək. Bu baxımdan X.Təhməzov bu qanun layihəsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.