“Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət etmişik ki...” Siyasət

“Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət etmişik ki...”

Bahar Muradova: "Dağlıq Qarabağdakı rejimin qondarma olduğunu, ümumiyyətlə, onun keçirdiyi seçkilərin heç bir hüquqi əsası olmadığını hər zaman diqqətə çatdırmışıq"

"Ermənistan qondarma "Dağlıq Qarabağ respublikası"nda seçkilər keçirəcək. Biz buna qarşı nə etməli olduğumuzu etmişik. Biz bu rejimin qondarma olduğunu, ümumiyyətlə, onun keçirdiyi seçkilərin heç bir hüquqi əsası olmadığını və onun qeyri-legitim olduğunu dəfələrlə bəyan etmişik". Bunu "Azadİnform"a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
O bildirib ki, bunun üçün müvafiq qurumlarımız mövqelərini ifadə ediblər: "Həmçinin, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ayrı-ayrı qurumlara müraciət etmişik ki, bu barədə məlumatlı olsunlar. Bu ərazinin Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycan Konstitusiyasının qanunlarından kənar orada seçkilərin keçiriləcəyinin qeyri-qanuni olduğunu diqqətə çatdırmışıq. Biz bildirmişik ki, ora nə müşahidəçi, nə nümayəndə göndərməsinlər. Həmçinin, bunun tanınması istiqamətində hər hansı addımlar atmasınlar".
B.Muradova deyib ki, beynəlxalq ictimaiyyətin də, münasibəti əksər hallarda obyektivdir: "Çünki, bir çox beynəlxalq təşkilat, heç bir dövlət, elə o cümlədən, Ermənistanın özü bu rejimi tanımayıb. Bunun hüquqi olduğu barədə hər hansı bir sənəd qəbul etməyib və edə də bilməz. Çünki, bu mümkün deyil. Edəcəyi təqdirdə də bu qeyri-qanunidir və onu legitim saymaq olmaz. Lakin buna baxmayaraq, bəzi dairələr var ki, bundan da Azərbaycana qarşı məqsədli şəkildə istifadə etmək istəyirlər. Jurnalistlərin, mətbuat nümayəndələrinin, ayrı-ayrı ölkələrin ictimai-siyasi elitasında olan bəzi şəxslər özlərinin şəxsi təşəbbüsü ilə ora gəlirlər. Sonra da, bunu mənsub olduqları ölkələrin mövqeyi kimi, təqdim etmək istəyirlər".
Vitse-spiker qeyd edib ki, bu qətiyyən belə deyil: "Bunları bir-birindən ayırmaq və ayrıca qiymətini vermək lazımdır: "Biz də haqlı olaraq, bu insanları Azərbaycanın mövcud qara siyahısına daxil edirik. Onlar Azərbaycanda arzuolunmaz şəxs hesab olunurlar. Həmçinin, Azərbaycana gəlmək onlara birmənalı şəkildə qadağan olunur. Bizim də, bu cür addımların qarşısında bu günkü zaman üçün edə biləcəyimiz hüquqi baxımdan və beynəlxalq hüququn prinsipləri baxımından budur və bunu edirik".