“Azərbaycana qarşı təzyiqlər...” Siyasət

“Azərbaycana qarşı təzyiqlər...”

Elman Nəsirli: "Eyni mərkəzlərdən idarə olunur"

"Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı təzyiqlər daha da güclənib. Cənab Prezident də bu yaxınlarda çıxışlarının birində qeyd etdi ki, bu təzyiqlər həmişə olub. "Eurovision" musiqi yarışması Bakıda keçirilərkən də eyni təzyiqlərin şahidi olduq. Bu da o nəticəyə gəlməyə əsas verir ki, bu təzyiqlər eyni mərkəzlərdən idarə olunur". Bunu politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, Azərbaycana qarşı bu təzyiqlərin nədən yaranması sualı ortalığa çıxır:"İlk növbədə bu Azərbaycanın çox sürətlə inkişafı ilə bağlıdır. Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, həmin qüvvələr utanmadan, açıq şəkildə bizə deyirlər ki, sürətinizi yavaşıdın. İndiki dünyadakı maliyyə və iqtisadi böhran illərində inkişaf edən dövləti təqdir etmək lazımdır, tərifləmək lazımdır. Amma bizdən əksini tələb edirlər. Deməli, həmin qüvvələr ayıq-sayıqdı və həmişə məqam gözləyirlər ki, Azərbaycana istədikləri təzyiqlərini reallaşdırsınlar. Ölkəmizdəki böyük tədbirlər zamanı isə onu həyata keçirmək üçün unikal imkan əldə edirlər. Onlar bunu o məntiqlə edirlər ki, bu yolla dünyanı yalanlarına inandıracaqlar və Azərbaycanı dünyann gözündən salacaqlar. Özlərnə sərf edən "mənbələr"ini tapırlar, onlardan müsahibələr götürürlər və yalan məlumatları doğru kimi tirajlamağa başlayırlar. Bu işi həyata keçirənlərin özləri daha böyük qüvvələrin əlində alətdirlər. Azərbaycanın özündə də müəyyən alətlər tapmağa çalışırlar, 5-ci kalon deyilən ünsürlərdən istifadə etmək istəyirlər. Beləliklə də, ölkəni müstəqil siyasət kursundan yayındırmaq, onunla diqtə dili ilə danışmağa çalışırlar. Amma bunlar hamısı xülyadır və reallaşmaq əmsalı sıfıra bərabərdir".
Politoloq təzyiqlərin başqa bir səbəbinin isə Azərbaycan dövlətinin Qarabağ münaqişəsində tutduğu prinsipial mövqenin olduğunu deyir. "Azərbaycana qarşı təzyiqlərdən danışarkən Qarabağ münaqişəsi ilə bağlı məqamı da qeyd etmək lazımdır. Məlumdur ki, bu təzyiqi həyata keçirən qüvvələr, eyni zamanda, Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasında çox israrlı idilər. Onlar istəyirdilər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması şərti olmadan Ermənistan-Türkiyə sərhəddi açılsın. Amma Azərbaycan dövləti bu məsələdə çox böyüş siyasi iradə ortalığa qoydu və qətiyyətli mövqe nümayiş etdirdi. Azərbaycan xalqı, ziyalılar bir hədəfdən çıxış etdilər. Eyni zamanda, Azərbaycan prezidenti də böyük siyasi iradə nümayiş etdirdi. Dövlət başçısına təzyiq etmək üçün ABŞ prezidenti və dövlət katibi Türkiyəyə gəldi, İstanbulda bir beynəlxalq konfrans təşkil etdilər və 2009-cu ildə Azərbaycan prezidentini də həmin tədbirə dəvət etdilər. Məqsəd isə o idi ki, bu vasitəylə, yəni üzbəüz Azərbaycan prezidentinə təzyiq göstərsinlər, sərhədlərin açılması məsləsində Azərbaycanın güzəştinə nail olsunlar. Amma Azərbaycan prezidenti bu addımı atmadı və bildirdi ki, belə bir addım Azərbaycan xalqının və dövlətinin milli maraqlarına ziddir. Prezident həmin tədbirə getmədi. Həmin qüvvələr də Azərbaycana qarşı bu baxımdan təzyiqləri artırdılar.
Cənab prezident bu yaxınlarda belə bir ifadə də səsləndirdi ki, "bizə olan təzyiqlərin biri də onunla bağlıdı ki, mən açıq şəkildə onların ikili standartlar siyasətini üzlərinə deyirəm, bu da onların xoşuna gəlmir". Bu baxımdan, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qətiyyətli mövqe də müəyyən böyük dairələri narahat edir".

Əli