“Dağlıq Qarabağ probleminin həllinin vaxtı çoxdan yetişib Siyasət

“Dağlıq Qarabağ probleminin həllinin vaxtı çoxdan yetişib

Sergey Lavrov:"Hər iki tərəf üçün məqbul olan əsası tapmağa imkan var"

"Biz Dağlıq Qarabağ münaqişəsinin həllinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıyıq". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya çox şey edir və bu istiqamətdə işləməkdə davam edirik ki, mürəkkəb olan bu münaqişənin düyünün açılması yolunu tapaq. Biz ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində işləyirik. Müntəzəm olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşürük. Bizim prezident də Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində bu məsələni müzakirə edir. Hər iki tərəf üçün məqbul olan əsası tapmağa imkan var. Ümid edirəm ki, bundan sonrakı əlaqələr bu problemin həllini tezləşdirəcək. Fikrimcə, artıq problemin həllinin vaxtı çoxdan yetişib".
S. Lavrov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun may ayında Moskvaya səfər edəcəyini də bildirib.
Lavrov qondarma erməni soyqırımı ilə bağlı məsələyə də münasibətini bildirib:"Biz bir neçə il bundan əvvəl Ankara və İrəvanın təşəbbüsü ilə başladılan, sərhədlərin açılması, qarşılıqlı tanınma və digər əməkdaşlıqları özündə əks etdirən prosesi dəstəkləmişdik. Təəssüf ki, sənədlər imzalandı, lakin qüvvəyə minmədi. Ona görə ki, Türkiyədə həmin mərhələdə sənədi ratifikasiya etmək alınmadı. Lakin biz bunun baş verməsinə fəal şəkildə yardım edəcəyik".
Nazir ABŞ-ın "erməni soyqırımı"nı tanıyıb-tanımayacağını barədə təxmin yürütməyəcəyini vurğulayıb: "Bu, onların öz qərarlarıdır. Hər bir ölkə müstəqil olaraq qərar qəbul edir. Biz çoxdan bu barədə qərar qəbul etmişik. Bildiyim qədər, bir çox ölkələr belə qərar qəbul ediblər. Kütləvi cinayətin qurbanlarının xatirəsini yad etmək kimlərləsə, o cümlədən bu cinayətin baş verdiyi ölkədə fəaliyyətdə olan hökumətlə münasibətləri pozmaq kimi qəbul edilməməlidir. Sizə İkinci Dünya müharibəsindən sonra Avropadakı sülhü, Rusiya ilə Almaniya, Fransa ilə Almaniya arasındakı sülhü misal gətirə bilərəm. Buna çoxlu misallar var".