BAXCP Xilaskar Türk Əsgərinin Anım Gününü qeyd edib Siyasət

BAXCP Xilaskar Türk Əsgərinin Anım Gününü qeyd edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər və partiyanın fəalları aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəsini ziyarət ediblər. BAXCP mətbuat xidmətindən verilən məlumata görə, türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.
Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını bildirib: "Bu gün dünyanın 20 ölkəsi ermənilərin "qondarma" soyqırımını tanıyan qətnamə qəbul edib. Roma Papası II Fransiskin bəyanatı, bunun ardınca Avropa Parlamentinin ermənilərin yalanlarına haqq qazandıran qətnaməsi dünyada haqqın, ədalətin hansı səviyyədə müdafiəsinin göstəricisidir. Halbuki, 100 il bundan öncə Birinci Dünya Müharibəsini başladan xristian dövlətləri və Avropa ölkələri olub. Eləcə də İkinci Dünya Müharibəsini də özləri başladıblar. Birinci Dünya Müharibəsində 10 milondan çox insan öldürülüb, 20 milyindan çox insan şikəst olub. İkinci Dünya Müharibəsində isə, 50 milyondan çox insan həlak olub. Xristianların başlatdığı müharibələrin nəticəsində ölkələr, şəhərlər xarabazarlığa çevrilib, xalqların tarix və mədəniyyət abidələri dağıdılıb".
Qüdrət Həsənquliyev vurğulayıb ki, BAXCP 2007-ci ildən bəri hər il bu abidənin önünə gəlir və türk əsgər, zabitlərini ehtiramla yad edir:"Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır. 1918-ci il hadisələri, erməni hərbi birləşmələri tərəfindən on minlərlə dinc müsəlman türkün və bu torpaqlarda yaşayan digər milli azlıqların təmsilçilərinin qətlə yetirilməsi, qəhrəman Türk əsgər və zabitlərinin rəşadəti nəticəsində törədilən amansız cinayətlərin qarşısının alınması sübuta yetirir ki, Türklər bütün dövrlərdə yalnız xilaskar missiyasını yerinə yetiriblər. Tarix və onun bu günə kimi qorunan təkzibolunmaz faktları ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasətidir. Türk əsgər və zabitləri isə öz soydaşları ilə yanaşı bu coğrafiyada yaşayan digər millətləri də erməni zülmündən xilas ediblər".
BAXCP sədri qeyd edib ki, bu il həm də Çanaqqala zəfərinin 100 illiyidir:"Biz 100 il bundan əvvəl həmin döyüşlərdə dünyasını dəyişən insanların hamısını, fərq qoymadan, hörmətlə yad edirik və onlara rəhmət diləyirik".
Qeyd edək ki, hər il aprelin 24-nün Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd olunması təşəbbüsü ilə ilk dəfə 2007-ci ildə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. O gündən etibarən BAXCP üzvləri hər il aprelin 24-də bu günü qeyd edirlər.