“Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var” Siyasət

“Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var”

Şeyxülislam: "Bizim kədərimiz və sevincimiz ortaqdır"

"Azərbaycan və Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var". APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
O deyib ki, bu qüvvələr xaricdən təzyiqləri artırıblar və erməni kartından daha çox istifadə edirlər: "Qondarma bir "soyqırım"ı bayraq edib, Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilənləri isə bundan ayırıb, Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır".
Şeyxülislam qeyd edib ki, Azərbaycana səfər edən nüfuzlu din alimləri tanıyıram ki, yardımlar etməklə, mədrəsələr açmaqla, Azərbaycanda öz ölkələrinin təsirini yaymağa çalışırlar, buradakı siyasi proseslərə təsir etmək istəyirlər.
O bildirib ki, eyni zamanda başqa ölkələrdən gələn kifayət qədər din alimləri də var ki, onların niyyətləri safdır və əsl islami biliklərin yayılmasına xidmət edirlər. A. Paşazadə belə şəxslərdən biri kimi Osman Nuri Topbaşın adını çəkib.
A. Paşazadə Türkiyənin görüşdə S. Sarkisyanın bir neçə gün əvvəl qondarma "erməni soyqırımı" ilə bağlı İrəvanda etdiyi çıxışa toxunub. QMİ sədri Ermənistan prezidenti Serj Sarkisyanı siyasi riyakar adlandırıb.
Şeyxülislam bildirib ki, özünü prezident adlandıran şəxs tarixi faktları saxtalaşdıraraq siyasi riyakarlığa yol verib: "Deyir ki, bu tədbiri dünyaya sülhün çatdırılması, ölkələrin dostluğu naminə keçirir. O zaman mən ondan soruşuram, əgər sən belə sülh carçısısansa, cəmi 23 il bundan əvvəl elə öz iştirakınla Xocalıda törədilən soyqırımı niyə dilə gətirmirsən?! Niyə bundan danışmırsan?! Axı sən özün də etiraf etmisən ki, Dağlıq Qarabağda azərbaycanlıları necə qırmısınız. Bu necə sülh və ədalətdir ki, 100 il əvvəlki bir hadisəni indi "soyqırımı" kimi dünyaya bayraq edirsən, amma Dağlıq Qarabağda azərbaycanlıların qanına susamağınızı görməməzliyə vurursan. Axı bu, ən azı siyasi riyakarlıqdır və özünü prezident adlandırana yaraşmaz".