Milli Məclisin növbəti iclası keçirilib Siyasət

Milli Məclisin növbəti iclası keçirilib

Sabir Rüstəmxanlı: "Başa düşə bilmirəm, indi bu nə laqeydlikdir?"

Aqil Abbas: "Polisə xüsusi icazə verilməlidir ki, şübhələnəndə Aqil Abbası da saxlaya bilsin"

İqbal Məmmədov: "Ələkram Hümmətov hökmən cəzalandırılmalıdır"

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, Əmək, Cinayət-Prosessual məcəllələrində, "Yol hərəkəti haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə təqdim olunmuşdu.
Gündəliyin müzakirəsinə keçməzdən əvvəl millət vəkilləri onları narahat edən məsələlərə toxunublar. Deputat Zahid Oruc çıxışında qeyd edib ki, Rusiya məkanında fəaliyyət göstərən Azərbaycan təşkilatlatlarının güclənməsinə ehtiyac var: ""Milyarderlər İttifaqı" dağılandan sonra isə azərbaycanlıların mədəni muxtariyyətləri arasında parçalanma gücləndi".
O bildirib ki, Rusiya mediasında, maliyyə sektorunda mənşəcə erməni olan insanlar çoxdurlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da mənşəcə erməni olduğunu xatırladan deputatın sözlərinə görə, o, soyuqqanlılığı ilə seçilir. Zahid Oruc qeyd edib ki, Rusiyadakı Azərbaycan təşkilatları güclənməlidir.
Deputat Fazil Mustafa isə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun yasına buraxılmasına münasibət bildirib. Qeyd edib ki, Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması ölkə rəhbərliyinin iradəsinin göstəricisidir. Fazil Mustafa prezident İlham Əliyevə Tofiq Yaqublunun azadlığa buraxılması üçün müraciət edib: "Cənab prezidentdən xahiş edirik ki, Tofiq Yaqublu azadlığa buraxılsın. Bununla bağlı əfv sərəncamı verilsin. Bu, cəmiyyətdə də müsbət qarşılanar. Həmin ailədə böyük bir faciə yaşanır. Ona görə də cəzasının bir qisimini çəkən Tofiq Yaqublu əfv olunsa, daha yaxşı olar".
Deputat Avropa Şurası Parlament Assambleyasında ermənilərin "soyqırımı" ilə bağlı 171 imza toplamasına da diqqət çəkib: "Məlumdur ki, onlara dəstək verən qüvvələr var. Təklif edirəm ki, Xarici İşlər Nazirliyində bununla bağlı bank yaradılsın. Qondarma soyqırımına dəstək verənlərin Azərbaycana gəlib-getməyinə məhdudiyyət qoyulsun".
Spiker Oqtay Əsədov isə deyib ki, AŞPA da ermənilər imza toplasa da, hər hansı qərar qəbul olunmayıb.
İqbal Məmmədov çıxışında 1993-cü ildə özünü "Talış-Muğan Respublikası"nın lideri elan edən Ələkrəm Hümmətovun qondarma erməni soyqırımı ilə bağlı bəyanatına diqqət yönəldib. İqbal Məmmədov onu xəyanətkar adlandırıb. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirib ki, Ələkrəm Hümmətov Azərbaycana qarşı xəyanət edib və o xaricdə ölkəmiz əleyhinə kampaniya aparır.
Deputat qeyd edib ki, Xarici İşlər Nazirliyi və Azərbaycan diasporu məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. "O, Avropanın verdiyi hüquqlardan istifadə edərək, Azərbaycanı parçalamağa yönəlik çıxışlar edir. Hökmən o bu addımlarına görə cəzalandırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır".
Onun sözlərinə görə, xəyanətkar Ələkrəm Hümmətov xarici təşkilatların əlində oyuncağa çevrilib.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Ələkrəm Hümmətov kimi separatçı, xəyanətkar birini fetişləşdirməyə ehtiyac yoxdur. "Ümumiyyətlə, onun səviyyəsi yoxdur. O, Azərbaycana xəyanət etmiş adamdır".
Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ermənilərin AŞPA-da qondarma soyqırımla bağlı heç bir tədbir keçirə bilmədilərini diqqətə çatdırıb: "Bu sessiyada ermənilər bir neçə cəhd göstərdilər. Ancaq onların istəkləri alınmadı. Avropa Şurasının nümayəndələrinin imzasını toplamaqla dünyaya beynəlxalq sənəd təqdim etmək istəyirdilər. Əslində bu ermənilərin yeni təbliğat cəhdi idi".
Onun sözlərinə görə, AŞPA-da sənəd qəbul olunması çox mürəkkəb prosesdir.
Səməd Seyidov qeyd edib ki, sadəcə, imza toplamaqla bunu reallaşdırmaq mümkün deyil. "Sözügedən sənədin heç bir gələcəyi yoxdur. Azərbaycan və Türkiyə nümayəndə heyəti bunun qarşısını aldı. Onlar qondarma soyqırımla bağlı AŞPA-da heç bir tədbir keçirə bilmədilər. Bu, ermənilərin sessiyadakı uğurunu yox, məğlubiyyətini göstərdi. Ermənilər ölkələrin içərisinə girərək onları parçalamaq niyyətini güdüblər. Azərbaycan nümayəndə heyətinin iki üzvü - Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəldilər. Sahibə xanım qadınlara zorakılıq kampaniyasına qarşı, Sevinc xanım isə uşaqlara zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün gördüyü işlərin koordinasiyanı aparacaq. Bizim xanım nümayəndələrimiz bu vəzifələrə müddətsiz gətirilib.
Azərbaycan nümayəndə heyəti sessiyada bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldavada olan münaqişələrdən fərqləndirilməsin. Mins qrupu Qarabağ münaqişəsini Azərbaycan torpaqlarının işğal olunmuş ərazilər kimi qəbul etməlidir. Artıq bu istəyimizə nail olmuşuq. Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə "Avropa Şurası ölkələri içərisində münaqişələr, konfiliktlər və Dağlıq Qarabağ münaqişəsi" ifadəsi "Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar" kimi qeyd edilib".
Sabir Rüstəmxanlı isə deputat həmkarlarından incikliyindən və bunun səbəbindən danışıb: "Aprel ayının 18-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) 13-sü qurultayını keçirdik. Yüksək səviyyədə keçən qurultayda Türkiyə və İraqdan millət vəkilləri iştirak edirdi. Türkiyənin 20-yə yaxın televiziyası qurultayın gedişini dünyaya çatdırdı".
O, DAK-ın qurultayına laqeyd mövqelərinə görə azərbaycanlı deputatlardan incidiyini bildirib: "Yaşımdan, Milli Məclisdə olan stajımdan istifadə edib bir incikliyimi və fikrimi çatdırmaq istəyirəm. DAK-ın qurultayına Qazaxıstandan başlamış Avstraliyadan, Amerikadan və bir çox ölkələrdən millət vəkilləri gəlmişdilər. Azərbaycandakı həmkarlarıma dəvətnamə vermişdim. Amma buna baxmayaraq, heç kim qurultaya gəlmədi. DAK İrana qarşı yaradılan təşkilat deyil. Bu, diaspor təşkilatıdır, müstəqildir, nə müxalifət, nə də iqtidardır. Yalnız milli birliyə xidmət edən bir təşkilatdır. Təəssüflər olsun ki, dəvətnamə verdiyim həmkarlarımın heç olmasa biri bir cümlə ilə də olsa, qurultaya görə təbrik səsləndirmədilər. Vaxtilə mərhum Heydər Əliyev DAK-ın Vaşinqtonda keçirilən qurultayına 60-a yaxın adam göndərmişdi. Başa düşə bilmirəm, indi bu nə laqeydlikdir? Bizim aramızda yoldaşlıq var. Biri-birimizin xeyir-şərində iştirak edirik, çox gözəl. Amma bu da bir milli hərəkatdır, milli işdir".
Deputat Aqil Abbas söyləyib ki, Azərbaycanda bıçaqlanma hadisələri az qala milli adət-ənənəyə çevrilib və elə gün yoxdur ki, bıçaqlanma hadisəsi baş verməsin".
O bildirib ki, son zamanlar belə hadisələrin baş verməsinin qarşısının alınması üçün Cinayət Məcəlləsindəki soyuq silah gəzdirmə ilə bağlı maddədəki qaydalar sərtləşdirilməlidir. "Biz tələbə vaxtı da görürdük ki, bıçaq gəzdirmək olmaz. Belə bıçaqlanma halları o zaman çox az hallarda baş verərdi. Əvvəllər 4 sm-dən uzun bıçağa görə məsuliyyət nəzərdə tutulurdu. Mən təklif edirəm ki, bu məsələ diqqətdə saxlanılsın və polisin səlahiyyətləri artırılsın. Polisə şübhələndiyi adamın üzərinə baxış keçirmək icazəsi verilsin. Kiminsə üzərində soyuq silah varsa, onu polis müəyyən etsin. Polisə xüsusi icazə verilməlidir ki, şübhələnəndə Aqil Abbası da saxlaya bilsin".
Deputat bildirib ki, bu məsələ komitələrin növbəti iclaslarında müzakirəyə çıxarılmalı və polisin səlahiyyətləri artırılmalıdır. "Baş verən bədbəxt hadisələr sabah bizim də başımıza gələ bilər. Bu xalq da bizimdir. Ona görə düşünürəm ki, millətimizi qorumaq üçün qərarlar qəbul etməliyik".