“Özümü şou-biznes nümayəndəsi saymıram” Siyasət

“Özümü şou-biznes nümayəndəsi saymıram”

Abbas Bağırov: "Eyyub Yaqubovla məni səhv salırlar"

Əməkdar artist Abbas Bağırovun Lent.az-a müsahibəsini oxucularımıza təqdim edirik

- Abbas bəy, efirlərdə az görünməyinizin səbəbi nədir?
- Ümumiyyətlə, tez-tez efirlərə çıxmağı sevmirəm. Gərək səbəb olsun ki, efirlərdə görünüm. Nə zamana kimi eyni mahnılarla, mövzularla efirdə görünəsən. Axı bu, heç kimə maraqlı deyil. Ona görə də fərqlilik olmalıdır. Mən özüm də fərqliliyi sevən insanam. Bununla yanaşı, son zamanlar idmana daha çox üstünlük verirəm. Amma bu, o demək deyil ki, mən idmançı olmaq istəyirəm. Hər kəs deyir, bəsdir bu qədər arıqladın. İnanın, mən arıqlamaq üçün yox, gözəl bədən quruluşuna sahib olmaq üçün idman edirəm (gülür).
- Efirdə görünmürsünüzsə, demək, yeni bir layihə üzərində işləyirsiniz. Yaradıcılığınızda hansı yeniliklər gözlənilir?
- Bəli, yeni albom üzərində işləyirəm. Hazırda son işlər gedir, may ayının sonlarında işıq üzü görəcək.
- Keçən il konsertiniz oldu. Bu il də konsert vermək fikriniz var?
- Əlbəttə, var. Hansı müğənni konsert vermək istəməz. Hətta keçən ilki konsertimdən sonra iki gün onun təsiri altında qaldım. Çünki bu, olduqca məsuliyyət tələb edən bir işdir. Elə müğənnilər var ki, "konsertdi də, burada nə var ki, toyda da eyni mahnıları oxuyursan", - deyib işin ciddiyyətini önəmsəmirlər. Bununla yanaşı konsert verərkən elə etmək lazımdır ki, tamaşaçı səndən, mahnılarından zövq alsın.
- Pulsuz oxuduğunuz toy olub?
- Bu haqda danışıb, gündəmə gəlmək istəmirəm. Amma onu deyə bilərəm ki, mən də bəzi insanların toylarında pulsuz oxumuşam.
- Abbas Bağırova məşhurluq gətirən "Aləm gözəl" adlı ifası oldu...
- Bu mahnı mənə çox uğur qazandırsa da, məşhurluğumun səbəbkarı deyil. Çünki bundan öncə ifa etdiyim "Eşqim-məhəbbətim", "Cənnətdir Bakı" adlı mahnılarım da sevilənlər sırasındadır.
- Özünüzü şou-biznesin nümayəndəsi sayırsınız?
- Ümumiyyətlə, özümü şou-biznes nümayəndəsi saymıram. Adımın belə hallanmağı da xoşagələn deyil. Çünki mən sənət adamıyam.
- Bu sənətdən kim getsə, yeri görünər?
- Məncə, özünü yaxşı aparan, hörmətini, adını, sənətini qoruyub-saxlayan şəxs getsə, yeri görünər.
- Qalmaqallarla aranız necədir?
- Ən sevmədiyim haldır. Qalmaqalla gündəmə gələnlərə də yaxşı baxmıram.
- Eyyub Yaqubov və Abbas Bağırovu birləşdirən nədir?
- Hər ikisinin sənət nümayəndəsi olmağı. Düzdür, mən ona bənzədildiyimə görə, anlaşılmazlıq yaranır, lakin aramızda heç bir küsülülük yoxdur.