“Bizi daim təzyiq altında saxlamağa çalışırlar” Siyasət

“Bizi daim təzyiq altında saxlamağa çalışırlar”

Novruz Məmmədov: "Bəlkə olimpiada bitərdi, sonra başlayardılar"

"Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur". Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda "Avropa İttifaqı və onun qonşuluq siyasəti" mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.
O, çıxışdan öncə Azərbaycan tərəfdən çıxış edənlərin sayının az olduğu üçün əlavə vaxt verilməsini xahiş edib. Ardınca isə aydın şəkildə "kiminçün maraqlı olmasa, iclası tərk edib gedə bilər", - deyib.
Onun sözlərinə görə, bu gün dünyada müharibə ab-havası var: "Biz həm də gərək özümüzdən soruşaq. Nə üçün belə qısa müddətdə belə bir ab-hava özünü göstərir? 20-25 il ərzində beynəlxalq aləmdə beynəlxalq hüququn norma və prinsipləri yox, böyük dövlətlərin iqtisadi, siyasi, geosiyasi maraqlarının ortaya qoyulması belə bir vəziyyətə gətirib çıxardı. Əvvəllər dünyada 10-a yaxın qaynar nöqtə var idi. Bu gün isə 50-yə yaxındır. Bu elə-belə baş vermir".
N.Məmmədov qeyd edib ki, geosiyasi oyunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı. Lakin bu vaxta qədər beynəlxalq hüquqa əsaslanan fikir söylənilmir: "Bu məsələ ATƏT-in Minsk qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk qrupu bu problemi həll edə bilməz".
PA rəsmisinin fikrincə, vaxtilə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ədalətli qərar olsa idi, ondan sonrakı münaqişələr də olmazdı.
"Əlbəttə, bizim nöqsanlarımız da çoxdur. Amma bu nöqsanlara bu cür yanaşmaq olmaz. Hər gün Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Nə üçün belə olmalıdır", - deyə, N. Məmmədov gileyini də bildirib. Əlavə edib ki, Azərbaycanda demokratiya ilə bağlı problem ola bilər. Amma əgər Qərb səmimidirsə, nə üçün Azərbaycan ərazilərinin 25 ildən artıq işğal altında olması barədə bir mövqe ortaya qoymurlar. İnsan hüquqları pozulursa, başa düşürəm bunu tənqid etmək lazımdır. Amma 25 ildir 1 milyon insanın haqı pozulub, niyə bir dövlət başçısı ortaya prinsipial mövqe qoymur, Qərb bir kəlmə demir. Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhrandır. Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizimçün".
N.Məmmədov deyib ki, qədim yunanlarda olimpiada vaxtı düşmənçiliklər dayanardı: "Amma Azərbaycanda keçiriləcək Avropa oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki, biz bunu təsəvvür edə bilmirik. Bəlkə olimpiada bitərdi, sonra başlayardılar. Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz".
PA rəsmisi 2012-ci ildə "Avrovizion" ərəfəsində də eyni basqıların olduğunu bildirib.
PA rəsmisi deyib ki, Azərbaycan 24 illik müstəqilliyi dövründə Qərblə səmimi əməkdaşlıq edərək, bunun əvəzində yeganə bir şey istəyib: "Azərbaycanın ərazi bütövlüyünün işğaldan azad olunmasında ədalətli mövqe. Amma biz bunu görmədik. Avropaya olan səmimi münasibətimiz tükənir. Sanki Azərbaycanı Liviya, Suriya dövlətinə çevirmək istəyirlər. Buna imkan verilməyəcək. Nə üçün Dağlıq Qarabağdan əlavə 7 rayon 24 ildir işğal altındadır. Amma bir dövlət bu məsələni qaldırmır. Niyə?!".