Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Layihə

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti

Onun tarixinin öyrənilməsi hüquqi dövlət quruculuğu baxımından önəmli məsələlərdəndir

I yazı

Azərbaycanın dövlət arxivlərində Azərbaycan Xalq Cümhuriyyətinə aid dövlət hakimiyyəti və idarəçilik orqanlarının, hüquq-mühafizə və təhlükəsizlik təşkilatlarının fəaliyyəti nəticəsində yaranmış 25 mindən yuxarı iş qorunub saxlanılır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin daim öyrənilməsi, bu səhifələrin soydaşlarımıza çatdırılması müasir vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu baxımından son dərəcə önəmli məsələlərdəndir. Tanınmış araşdırmaçı Ataxan Paşayevin araşdırmalarından aydın olur ki, bu materiallar şanlı dövlətçilik tariximizdən bir soraq olan cümhuriyyətimizin yaşam tərzi haqqında demək olar, tamamilə dolğun təsəvvür yaradır: "Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nisbətən tam şəkildə qorunub saxlanılan arxiv Cümhuriyyət parlamentinin fondudur. Bu fondda minə yaxın iş qorunur. Parlamentin 1918-ci il dekabrın 7-də açılan ilk iclasından tutmuş 1920-ci il aprelin 19-da keçirilmiş 142-ci iclasına qədər bütün iclasların protokolları və onların böyük əksəriyyətinin stenoqrafik hesabatları saxlanılır. Bundan başqa parlament tərəfindən qəbul olunmuş qanunlar, digər normativ aktlar və s. bu qəbildəndir. Həmçinin burada parlament üzvlərinin siyahıları, bəzilərinin şəxsi işləri də saxlanılır."
1918-ci il dekabrın 7-də Şərqdə ilk parlament - Azərbaycan Xalq Respublikasının parlamenti yaradıldı. Əvvəlcə həmin tarixi dövrə ətraflı nəzər salaq. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən 3 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamenti tarixinin mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyəti fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərirdi.
19 noyabr tarixli iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız türklərdən ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında başqa millətlər də təmsil olunmalıdır, Azərbaycan ərazisində yaşayan bütün xalqlar parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər Azərbaycan türklərini, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi.
Araşdırmaçılar hesab edir ki, o zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur. Məhəmməd Əmin Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: "... Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər".
Ancaq sonrakı hadisələr bir daha göstərdi ki, ermənilər xalqımızın ləyaqətli davranışına layiq olmadılar. M.Ə.Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.
1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (indi o binada Füzuli adına Əlyazmalar İnstitutunun yerləşir) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, Şərqdə o dövrün demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi: "Möhtərəm məbuslar (deputatlar, millət vəkilləri)! Azərbaycan Cümhuriyyətinin ilk məclisi-məbusanını açmaq səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə fəxr edirəm, əfəndilər. Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl təsis edəcəkdi. O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir yolda cərəyan edəcəkdi. Millətlər öz müqəddəratlarının təyinini cəm bir surətdə Rusiya məclisi- müəssisanından gizlədilər. Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mürtəce bir istibdad nə kimi xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab namına hökmfərma olan millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi. Zaqafqaziyadan Rusiya məclisi-müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını etməkdə gördülər. Eyni məntiq nəhayət, Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq, bu şurayi-milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı. Azərbaycan İstiqlalı elan olundu. Bu gün azlıq təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir. Bu, məclis seçki üsulu ilə toplanacaq. Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis Vətənimizi tamamilə təmsil edə bilər".
Bu yerdə Rəsulzadə Rusiyanın əhalisinə qarşı heç bir kin, nifrət bəsləmədiklərini bildirir: "Bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatına nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır. Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə ürək istədiyi kimi ittifaqa girməlidir. Bütün dünya millətlərinin bir millətlər cəmiyyəti vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir. Bu federasyon cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. Biz Rusiya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəyirik. Biz Rusiya hökumətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyıq. Çünki Qafqas dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilmərik. Biz Rusiyanın səadətini istəyirik, Rusiya səadətini sevərik. Fəqət kəndi istiqlalımızı da əziz tutarıq. Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olmaz, çünki səadət hürriyyət və istiqlaldadır... Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha sönməyəcək, mən bəşəriyyətin vicdanına inanıram. Milyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verməz. "Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir. İnanıram ki, artıq öldürməklə millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyil. Qaliblər də, məğlublar da "millətlərin hüququ təslim edilməlidir" deyirlər. Yaxında açılacaq ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq. Bu gün vəziyyətə hakim olanlar müttəfiqlərdir. İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti-əğvam" şüarı yazılıb. Dövlətlərin Bakıdakı nümayəndələri naminə general Tomson Qafqasya məsələlərinin ümumi sülh konqresində həll olunacağını rəsmən elan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti var olur. Fəqət bunun üçün səbat, mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edək. Bu oldumu, sizi əmin edirəm ki, kimsə haqqımızı təslim etmək cəsarətində buluna bilməz. Hansı vicdandır ki, istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? Qafqasya əğvamı ruhunda hər zaman hürriyyət fikrinin təmsilçisi olan Prometey Qafqaz dağlarında zəncirbənd edilmişdi. O daim zəncirlərini qırmaq təşəbbüsündə idi. Prometeyin ruhu bütün Qafqazın millətlərində var. Qafqaz millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir uzaq xəyal deyil".

Uğur