Qədim Albaniyada yaşayan azsaylı xalqlar Layihə

Qədim Albaniyada yaşayan azsaylı xalqlar

Qaynaqlarda Qafqaz Albaniyasında yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlarvə amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olublar. Tarixçilər bildirir ki, eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülüb, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlayıb. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar.
Tarixi mənbələrə əsasən qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Ancaq albanlar bu massivdə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından alıb. Mütəxəssislər qeyd edirlər ki, "Alban" adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olub. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilib.
Qafqaz Albaniyasının əski Qafqazdilli sakinlərindən çilb (avar), çiqb (saxur), gel (ingiloy) və saxurlar haqında albanşünas B.Şahverdiyevin qənaətləri maraqlıdır: "Strabonun yazdığına görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (çilblər), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), gellər və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər. Onların nəsilləri bu gün də Dağıstanda və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar. Bunlardan çoxsaylısı avarlardır ki, onların bir qismi Dağıstanda, bir qismi isə Azərbaycanda, əsasən Balakən və Zaqatala rayonlarında məskundurlar. Hazırda Dağıstanın ən çoxsaylı xalqı hesab olunurlar. Dilləri İber-Qafqaz dillərinin Nax-Dağıstan qrupuna daxildir. Antropoloji cəhətdən subavropoid irqinin kafkasion tipinə aiddirlər. Ümumi saylarının 500-600 min civarında olduğu bildirilir. "Avar" adı onlara kənardan verilmiş addır. Özlərini "tsolb" adlandırırlar. Tarixi mənbələr də onları məhz bu adla, daha doğrusu, bir qədər təhrif edilmiş "çilb" və ya "silv" şəklində, qədim Albaniyanın xalqlarından biri kimi qeydə alıb. Kənardan verilən "avar" adına görə onları çox zaman VI-VIII əsrlərdə mövcud olan və Şərqi Avropanın böyük bir hissəsini hakimiyyəti altına alan Böyük Türk-Avar Xaqanlığını quran avar türkləri ilə qarışdırırlar. Tsolb-avarların türk avarlarla etnik və dil qohumluğu yoxdur.
Görünür, tsolblar (çilblər, silvlər) bir zamanlar Avropanın bir çox xalqları kimi Avar Xaqanlığının təbəələri olub və ya da əsgər kimi türk-avar ordusunda xidmət edib, bu üzdən "avar" adı yanlış olaraq onlara da şamil edilib. Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə danışdıqları qəbul edilsə də, əslində bunlar qohum dillər olmasına baxmayaraq, fərqli iki dildir. Məsələ isə ondadır ki, XX əsrin 30-cu illərində Stalinin birbaşa göstərişi ilə "andiyalı" və ya "andok" kimi tanınan tamam başqa bir Dağıstan xalqının etnik kimliyi inkar edilməyə və həmin dövrdən etibarən bu xalq avar kimi qələmə verilməyə başlanıb. Sözügedən xalqın adı Dağıstanda axan iki Göysu adlı çaydan birinin adında əbədiləşib – Andiyskoye Koysu. Maraqlıdır ki, bu çaylardan biri andiyalıların (andokların) adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə avarların adı əbədiləşib – Avarskoye Koysu.
Azərbaycanda məskunlaşan avarlarla qonşuluqda digər azsaylı qafqazdilli xalqlar da yaşayırlar ki, bunlardan saxurların və ingiloyların adını xüsusi çəkmək lazımdır. Saxurlar Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsiylə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. İber-Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan türkcəsində danışırlar. "Saxur" adı bu xalqın əsl adı deyil və yaşadıqları ən böyük kəndin adından qaynaqlanır. Sayları 30 mindən bir qədər çox olan saxurlar özlərinə "yixv" deyirlər ki, tarixi mənbələr onları məhz bu adla, daha dəqiq desək, həmin adın bir qədər təhrif edilmiş forması olan "çiqb" kimi Qafqaz Albaniyasının sakinlərindən biri kimi qeydə alıb. İngiloylara gəlincə, əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu hesab edilən bu xalqın nümayəndələri I Şah Abbasın dövründə müsəlmanlığı qəbul ediblər. Tarixi mənbələr onlardan "gel" (qel) adı altında, Qafqaz Albaniyasının sakinlərindən biri kimi söz açır.
Qafqaz Albaniyasının qafqazdilli xalqlarından danışarkən, udinlərin üzərində xüsusi durmağa böyük ehtiyac var. Şərqi Qafqazda qədim xalqlardan biri olan və özlərini "udi" adlandıran udinlər Oğuz şəhərində, eləcə də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Onlara Rusiya, Gürcüstan (Oktomberi kəndi), Qazaxıstan, Ukrayna və başqa olkələrdə də rast gəlmək mümkündür. Udinlər udin dilində danışırlar, dinləri xristianlıqdır. Alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılıb. Ancaq tarixi mənbələrin heç biri bunu təsdiqləmir. Əksinə, həm erməni, həm də alman qaynaqları birmənalı şəkildə bildirirlər ki, alban əlifbası məhz qarqar dili əsasında yaradılmışdı və bu dil əsrlər boyu Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifadə edib.
Filologiya üzrə fəlsəfə doktoru Asiyyat Tinayeva avarlar haqqında danışaraq bunları bildirir: "Folklor hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsini özündə əks etdirən onun mənəvi sərvətidir. Hər bir xalqın tarixi, adət-ənənəsi, ictimai-siyasi düşüncəsi, əxlaqi keyfiyyətləri, qəhrəmanlığı və vətənpərvərliyi bütöv və özünəməxsus şəkildə onun folklorunda cəmlənib. Bu baxımdan Azərbaycanda yaşayan avarların foklor nümunələri maraq doğurur. Avarlar Azərbaycanın şimal-qərb bölgəsində - Zaqatala və Balakən, qismən də Qax rayonlarında yaşayırlar. Əhali əsasən əkinçilik, maldarlıq, tərəvəzçiliklə məşgul olur. Avar xalq ədəbiyyatı mövzu və məzmun baxımından rəngarəng olsa da, Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərə malikdir. Şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda əmələ gəlməsini göstərir. Azərbaycanın zəngin folkloruna daxil olan nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu burada yaşayan xalqların şifahi söz sənətinə güclü təsir göstərib.
Qodu-qodu ilə bağlı olan nəğmələrin ilk iki sətri Azərbaycan dilindədir:

Qordi, qordi, qordina,
Qordi salam vardina.

Bir çox atalar sözləri və zərbi-məsəllər (Məsələn: Bir əldə iki qarpız tutmazlar), Molla Nəsrəddinlə bağlı olan lətifələr də buna əyani misal ola bilər.
Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərlə yanaşı, avar folklorunun özünəməxsus cəhətləri az deyil. Bu cəhətlər daha çox xalqın iradəsini əks etdirən xalq dastalarında, toy, dəfn kimi mərasimlərdə, mərasim və mövsüm nəğmələrində, milli adət-ənənələrdə özünü göstərir.
Yazın ilk günlərində avarlar əkinçiliklə bağlı olan Ots bay bayramını keçirirlər. Bundan başqa yaz aylarında Rohi bog mərasimi, gül bayramı keçirilir. Avarlar arasında geniş yayılan yağıs və gün istəmə mərasimi uşaqların və böyüklərin həvəslə keçirdiyi mərasimdir. Yagış istəmə mərasimində burcah və gün istəmə mərasimində maxara bişirilir və hər kəsə verilirdi. Sulu burcah (əriştə) yagış damlalarını, sac üstündə bişirilən saçaqlı maxara isə günəşi xatırladır.
Avar toy adətlərinin özünəməxsusluğuna gəldikdə isə onu deyə bilərik ki, nişan mərasimi keçirilmir, elçilikdən az sonra toy mərasimi olur, evlənəcək oğlan üçün mütləq ayrı ev tikilir, onun təsərrüfatı ayrılırdı. Avar xalq dastanlarını el arasında yetişən xalq ozanları təmbur çalaraq söylərdilər. "Xoçbar", "Baxtika", "Kamalil Başir" kimi xalq dastanları Dağıstanda olduğu kimi bu bölgədə də dillər əzbəridir. "Xoçbar" dastanında xalq qəhrəmanı Xoçbarın zülmkar xana ölüm anında belə boyun əymədiyini, "Kamalil Başir" dastanında gözəlliyi dillərdə dastan olan Kamalın oğlu Başirin gözəlliyinin başına bəla olmasından, atası tərəfindən öldürülməsindən danışılır. Bu dastanlardan biri olan "Baxtika"da göstərilən baş qəhrəman Baxtika Avar xanı Umaxan Avarın bacısıdır. Qarabağ xanı İbrahimxəlil xanla müttəfiq olan Umaxan çox gənc olan bacısını yaşlı xana ərə verir. Baxtika qardaşına üsyan etsə də, bunun heç bir faydasının olmaması, ər evinə getməyə məcbur qaldığından çəkdiyi iztirablar dastanda öz əksini tapıb. Avar xalqının qəhrəmanlq keçmişini, onun qəhrəman övladlarının göstərdiyi şücaətləri "Carli Şaban" və Ğoloda sakinlərinin qəhrəmanlığını əks etdirən müxtəlif xalq şeirlərində, İmam Şamil və onun əfsanəvi naibi Hacı Muradla bağlı olan əfsanə və rəvayətlərdə görə bilərik. İmam Şamilin 30 ilə yaxın Rus İmperiyasına qarşı igidliklə vuruşması, Hacı Muradın göstərdyi misilsiz qəhrəmanlıqlar xalqın yaratdığı rəvayət və əfsanələrdə, nəğmələrdə şişirdilmir, öz real əksini tapır".

Uğur