AVCİYA-nın başlatdığı petisiyanın əhəmiyyəti Layihə

AVCİYA-nın başlatdığı petisiyanın əhəmiyyəti

"ABŞ-ın petisiya ilə bağlı nümayiş etdirəcəyi münasibət çoxplanlı xarakter daşıyacaq"

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bu il apreli 6-da Ağ Evin rəsmi saytında başladığı "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" petisiyaya imza toplama kampaniyası mayın 6-da başa çatıb. Qeyd edək ki, petisiya 30 gün ərzində davam edib və bu müddət ərzində sənədə 330 mindən artıq insan imza atıb.
Bu uğurlu layihəyə görə, AVCİYA-nı təbrik etmək olar. Xatırladaq ki, "Sərsəng" Su Anbarının yatmış "əjdaha" olmasını cəmiyyət məhz AVCİYA-nın bu məsələ ilə bağlı başladığı kampaniyadan sonra öyrəndi. Təşkilatın prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə məsələ qaldırıldı və Azərbaycanın aşağı Qarabağ bögəsini, burada yaşayan 500 min insanı gözləyən təhlükə barədə ilk olaraq Azərbaycan cəmiyyəti, daha sonra isə dünya ictimaiyyəti məlumatlandırıldı. Məsələ ilə bağlı durmadan iş aparıldı və nəhayət Avropa Şurası Parlament Assambleyasında (AŞPA) bununla bağlı 2085 saylı qətnamə qəbul edilməsinə nail olundu. Bununla da kifayətlənməyən layihə müəllifləri daha bir uğurlu taktika ilə mübarizəni davam etdirərək Ağ Evin rəsmi saytında petisiya başlatdılar və lazım olandan 3 dəfə artıq səs topladılar ki, bu da çox ciddi nəticədir. Qeyd edək ki, buna ölkə xaricindən də dəstək gəldi. Hətta tanınmış simalar da bura imza ataraq öz dəstəklərini nümayiş etdrdilər və Azərbaycanın haqq işinə səs verdilər.

Ekoloji terror

Ermənistan həm də Azərbaycana qarşı ekoloji terroru davam etdirməsi yuxarıda qeyd etdiyimiz kimi AŞPA-nın qış sessiyasında "Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib" adlı qətnamədə tam şəkildə öz əksini tapıb. Burada açıq mətnlə vurğulanır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Qeyd olunur ki, qəsdən sudan məhrumetmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz. O da bildirilir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq "ekoloji təcavüz" kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir. Avropa Şurası Parlament Assambleyası diqqəti ona da yönəldib ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır. Assambleya bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Bu vacib humanitar problemi nəzərə alaraq, assambleya tələb edib ki, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi həyata keçirilməlidir. Həmçinin tələb edilib ki, Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmalıdır. O da xüsusi vurğulanıb ki, Sərsəng su səddi köhnəlmiş vəziyyətdədir ki, bu da humanitar və ekoloji problem yaradır və çox sayda insan tələfatına səbəb olacaq qəzaya gətirib çıxara bilər. Bu problemin həlli üçün AŞ PA Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edib. Bundan başqa, su anbarına, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə, payız-qış dövründə su buraxılması qrafikinə beynəlxalq nəzarət tələb olunur. Amma erməni tərəfi ekoloji müstəvidə törətdiyi bu cinayətlərə son qoymur, əksinə, istifadəsi qadağan olunmuş silahlar tətbiq etməklə beynəlxalq hüququ yenidən pozur. Məhz bu səbəbdən Ermənistana qarşı beynəlxalq hüquq müstəvisində daha sərt addımların atılmasına ciddi zərurət yaranıb.

Qazanılan divident...

Bu prosesin məntiqi davamı kimi Ağ Evin rəsmi saytında petisiyanın başlanılması çox uğurlu məntiqi ardıcıllıqdır. Avropa və dünya ictimaiyyətinə, həmçinin beynəlxalq təşkilatlara və dövlətlərə mesaj verildi. Onlar bundan sonrakı proseslər üçün məsuliyyət daşımağa məcbur edildilər. Petisiya isə prosesi daha geniş masştaba daşıdı və Ağ Ev qaydalara əsasən məsələyə münasibət bildirməlidir. Ağ Evin hər bir addımınını dünya mediasının gündəmini zəbt etdiyini nəzərə alsaq o zaman layihənin Azərbaycan üçün nə qədər əhəmiyyət daşıdığını, Qarabağ məsələsində, eyni zamanda erməni diasporu ilə aparılan informasiya müharibəsində ölkəmizə ciddi divident qazandırdığını deyə bilərik.
Layihə müəllifi, millət vəkili Elxan Süleymanov bildirib ki, qaydalara uyğun olaraq, Ağ Ev və ya Dövlət Departamenti 1 ay müddətində petisiyada edilmiş çağırışa münasibət bildirməlidir: "Odur ki, hazırda petisiya ilə bağlı Obama Administrasiyasının verəcəyi cavabı gözləyirik. ABŞ-a müraciət etməyimizin səbəbi sadədir. ABŞ dünyanın ən güclü dövlətidir, özünü dünyada demokratiyanın carçısı, beynəlxalq təhlükəsizliyin qarantı kimi təqdim edir. ABŞ BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Ağ Evin petisiyaya bildirəcəyi münasibət bu ölkənin supergüc mərkəzi kimi demokratiyanın inkişafının, beynəlxalq təhlükəsizliyin və beynəlxalq hüquq normalarının qorunub saxlanılmasının qarantı kimi nümayiş etdirəcəyi münasibətin nə dərəcədə obyektiv olacağına şahidlik edəcəyik. Petisiya Ağ Ev Administrasiyasının rəsmi internet resursundadır və bu sayta daxil olan nəinki Amerikadan, hətta bütün dünyadan çoxsaylı ziyarətçilər Azərbaycan xalqının bu çağırışları ilə tanış olur. AŞPA kimi böyük bir beynəlxalq qurumun da rəsmi sənədlə təsdiqlədiyi bu faktlar bütün dünyanın diqqətindədir və ABŞ-ın bu petisiyaya cavabı həm də onun dünyadakı imicinə təsir göstərə bilər. Çünki ABŞ-ın bu müraciətimizə cavabı həm də demokratiya carçısının mahiyyətini açacaqdır".

İki mühüm məqam

O, əlavə edib ki, bu petisiyada iki mühüm məqam vurğulanır: "Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğalı faktı və torpaqların işğaldan azad edilməsinə dəstək verilməsi çağırışı. Petisiyada istinad etdiyimiz AŞPA-nın 2085 saylı qətnaməsi bu vaxtadək torpaqlarımızın işğaldan azad edilməsini ləngidən mühüm bir amili sıradan çıxardı. Ermənistan dövləti rəsmən işğalçı kimi tanındı və bundan sonra qondarma "Dağlıq Qarabağ" danışıqlarda tərəf kimi təqdim oluna bilməz. Bu səbəbdən ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu petisiyaya veriləcək cavabında torpaqlarımızın işğaldan azad olunmasında nə dərəcədə maraq göstərdiyi açıq-aydın görünəcəkdir.
Sərsəng su anbarının hazırki durumunun böyük fəlakətlə nəticələnə biləcəyi və bu fəlakətin qarşısının alınmasına dəstək çağırışı. AŞPA-nın 2085 saylı qətnaməsinin qəbul edilməsindən sonra baş verə biləcək bu fəlakətə görə məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür, bu petisiyadan sonra isə ümidvarıq ki, ABŞ bu fəlakətin qarşısının alınması üçün öz konkret rəyini bildirəcəkdir. Bu çağırışımıza məhəl qoyulmayaraq, bu fəlakətin qarşısının alınmasına dəstək verilməyəcəyi halda, fəlakət nəticəsində baş verə biləcək humanitar böhrana görə bütün beynəlxalq aləm məsuliyyət daşıyacaq.
Nəzərə almalıyıq ki, ABŞ 47 Avropa ölkəsini özündə birləşdirən AŞPA-nın 45 üzv ölkəsinin (Rusiya sanksiyalarla bağlı səsvermədə iştirak etməyib, Ermənistan isə əksinə səs verib) səsverməsi nəticəsində qəbul edilmiş 2085 (2016) saylı qətnaməyə münasibət bildirməklə həmçinin Avropa Şurasında qəbul edilmiş qərarlara münasibətini nümayiş etdirmiş olacaq. Göründüyü kimi, ABŞ-ın petisiya ilə bağlı nümayiş etdirəcəyi münasibət çoxplanlı xarakter daşıyacaq. İnanmaq istərdik ki, ABŞ rəsmiləri qeyd edilən aspektləri nəzərə alacaq və bu çağırışa cavab xatirinə cavab verməyəcək. Biz reallığın nəzərə alınacağına və petisiyaya obyektiv və dolğun münasibət bildiriləcəyinə ümid edirik".

Habil Hüseynov