“Azərbaycan fəlsəfi fikrinin inkişafında 7–10 əsrlər özünəməxsus mərhələ olub” Layihə

“Azərbaycan fəlsəfi fikrinin inkişafında 7–10 əsrlər özünəməxsus mərhələ olub”

Zümrüd Quluzadə: "Fəlsəfənin sonrakı inkişafı xristian və islam mədəniyyətləri məcrasında davam edib"

II yazı...

Zərvanilik, zərdüştilik və maqların təməl ideyaları Azərbaycan fəlsəfəsinin gələcək inkişafına xeyli təsir göstərib. Yeni eranın ilk əsrlərində digər fəlsəfi cərəyanlara da rast gəlinir. Qədim dövrün sonu və erkən orta əsrlərdə zərdüştilik, astral dinlər, tanrıçılıq (Göy Tanrı), şamanizm və xristianlıqla bağlı cərəyanların içində manilik və məzdəkilik fəlsəfi görüşləri xüsusi yer tutur. E.ə. 1-ci minilliyin sonundan və yeni eranın ilk yüzilliklərindən başlayaraq Azərbaycanın şimal ərazisi olan Albaniyada bir-birinə zidd iki siyasi və məfkurə təmayülü – maqların yaydığı zərdüştilik təmayülü və politeizmə, sonra isə xristianlığa söykənən yunan-Roma və Bizans təmayülü mövcud idi.
Fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi Zümrüd Quluzadənin fikrincə, Azərbaycanda manilik bizim eranın 3 əsrinin sonundan yayılıb: "Özünü Zərdüşt, Budda və İsanın davamçısı adlandıran, təlimini İran, Orta Asiya, Qərbi Çin və Hindistanın ənənələrinə uyğunlaşdıraraq yayan Mani (216–277) Zərdüşt kahinləri tərəfindən edam olunmuşdur. Mani "Sirlər kitabı", "İki prinsip haqqında kitab", "Praqmataya" ("Nəsihətnamə"), "İncil" adlı əsərlərində özünün yeni təlimini şərh edib. Manilik zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə, Xeyir və Şər (Nur və Zülmət) hər ikisi ilkindir. Əzəmətin atası Sroşav (bəzən Mani onu Zərvan da adlandırır) işıq aləmində yerləşir ki, bu aləm "dahi ruhu" ehtiva edir və efirlə əhatə olunub. Sroşavın beş məkanı və eyni zamanda beş təzahürü var. Bunlar zəka, əql, təfəkkür, refleksiya və iradədir. Maniyə görə, dünya və insana Nur və Zülmətin, Xeyir və Şərin, Allah və Şeytanın mübarizəsi xasdır. Əsas məqsəd Nuru Zülmətdən azad etməkdir".
O, əlavə edib ki, Zərdüştilikdən fərqli olaraq, Maniyə görə, insan bu yolda dünyəvi nemətlərdən imtina etməlidir: "Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-fəlsəfi və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq, həm Atropatenada, həm də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, pavlikianların, albiqoyçuların, katarların və onun ideoloji təlimlərində geniş yer tapmışdı. Maniliyin İşıq Allahını Əqllə birləşdirməsi (beş təzahürdən dördünün bilavasitə Əqllə bağlılığı) və Şərin əbədiliyini qəbul etməsi sonrakı təlimlərdə rasionalizm və dialektikanın inkişafı üçün geniş imkanlar yaradıb.
Ölkədə əvvəlki fəlsəfi ənənələri davam etdirən digər cərəyanlardan biri də erkən zərdüştilik və maniliyin müxtəlif prinsiplərini qnostisizmin fəlsəfi ideyaları ilə birləşdirən suriyalı Məzdəkin (təqr. 470–529) yaratdığı məzdəkilik təlimidir. Məzdəkiliyin sosial görüşlərinə görə, cəmiyyətdə bütün şər işlər mülkiyyət bərabərsizliyi üzündən baş verir. Buna görə də mövcud əmlakdan, o cümlədən məzdəkilərin əmlak növü hesab etdikləri qadın və qullardan cəmiyyət üzvləri bərabər istifadə etməlidirlər.
Hər işdə mötədillik tələb edən məzdəkilik sosial ədalət uğrunda üsyana qalxmağı və qan tökülməsini mümkün hesab edirdi. Məzdəkin əsərləri yandırıldığından onun dünyagörüşü haqqında məlumatı orta əsr mənbələrindən (Əbu Reyhan Biruni, əş-Şəhristani və b.) almaq mümkündür. Məzdəkilik də manilik kimi dünyanın iki (Xeyir və Şər) qüvvə tərəfindən idarə olunması, Xeyirin ağılla bağlı olmasından bəhs edir. Başqa sözlə, hər iki cərəyanda rasional amil əsas yer tuturdu. Məzdəkiliyə görə, insan ağlı ali idrak qüvvəsidir; ağıl, yaddaş və sevinc dünyanı idarə edən kosmik qüvvəyə bənzəyir. Məzdəkiliyin utopik cəmiyyət idealında yenilik qadınların ümumiləşdirilməsi ideyası idi.
Qədim dövr və erkən orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişələr nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin tam zənginliyi ilə təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlumatlar aşağıdakı qənaətə gəlmək üçün əsas verir: qədim dövr və erkən orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi problemlərin qoyuluşu və şərhi metodları, fəlsəfi kateqoriyalardan – mövcudat, başlanğıc, son, maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, xeyir və şərdən, onların qarşılıqlı əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi səciyyələndirir. Bu mülahizəni qədim yunan filosofları, tarixçiləri, eləcə də orta əsr və yeni dövr mənbələri də təsdiqləyir. Qədim dövrdə və erkən orta əsrlərdə varlığın atomlardan yaranması, maddi və qeyri-maddinin, xeyir və şərin, işıq və zülmətin ziddiyyəti və vəhdəti, Allahın işıq və həqiqətlə eyniləşdirilməsi, idrakın dəyərləndirilməsi tərzi, sosial ədalət və utopik xoşbəxt cəmiyyət haqqında təsəvvür və nəzəri mülahizələr Azərbaycanda fəlsəfi fikrin təşəkkülü və inkişafının ideya əsaslarını təşkil edib".
O, qeyd edib ki, Azərbaycan fəlsəfi fikrinin inkişafında 7–10 əsrlər özünəməxsus mərhələ olub. Bu dövrdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış ölkədə fəlsəfənin sonrakı inkişafı xristian və islam mədəniyyətləri məcrasında davam edib: "Eramızın 1 əsrindən Şimali Azərbaycanda (Albaniyada) mövcud olan xristianlığın artıq 4 əsrdə dövlət dini elan edilməsilə Azərbaycanın mənəvi həyatı və fəlsəfəsi yunan-Roma mədəni-mənəvi arealı və bilavasitə Qüdslə bağlanır. Alban fəlsəfəsi haqqında müəyyən məlumatı Musa Kalankatuklunun "Albanların tarixi" əsəri verir. Burada həm də Albaniyada qnostisizm fəlsəfəsi və dualizm təmayüllü çoxsaylı bidətçi ideoloji cərəyanlar və onların nümayəndələrinin olması, onların Aluenin baş kilsəsi tərəfindən lənətləndirilməsi, Nerses Bakurun və "filosofların şöhrəti" kimi tanınan yepiskop Karin Teodorosun erməni katolikosu Eliya tərəfindən təqibi, Nerses Bakurun zəngin kitabxanasının çayda batırılması və onun xəlifə Əbdülməlikin əmri ilə edama məhkum edilməsi haqqında məlumat verilir. Həmin mənbədə alban şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ortodoksal xristianlıqdan fərqli, hikməti tərənnüm edən və yunan mifologiyası ilə bağlı elegiyası haqqında məlumat verilir. Bu dövrlərdə, həmçinin alban ilahiyyatçı-filosofları Sünikli Petros (6 əsr) və Sünikli Petros (8 əsr) yaşayıb yaratmışlar. Sünikli Stepanos Davidin "Fəlsəfənin tərifi" və Porfirinin "Giriş" əsərlərinə yazdığı şərhlərlə tanınır.
Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni katolikosatının təşəbbüsü ilə siyasi maraqlar naminə qəsdən məhv edilməsi (suda batırılması, yandırılması) faktı hazırda alban fəlsəfi əsərlərinin Ermənistan, Gürcüstan və Qüdsün monastır kitabxanalarında axtarılmasına əsas verir. Folklor və orta əsr yazılı abidələri həmin dövrdə Azərbaycanda türkdilli etnosun bütpərəstliklə yanaşı, şamanlığa və vahid Göy Tanrıya inamı haqqında məlumatlar verir. Qədim və erkən orta əsr Azərbaycan türklərinin sosial-mədəni həyatı və xüsusən dili, dini, əxlaqi norma və dəyərləri haqqında nisbətən geniş, obyektiv təsəvvür yaradan abidə və əsasən Azərbaycan reallığını əks edən türk xalqlarının müştərək eposu "Kitabi-Dədə Qorqud"dur.
7–10 əsrlərdə Azərbaycana islam dininin gəlməsi və möhkəmlənməsi və ölkənin islam mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu dövrdə inkişafının islam dini ilə çoxçalarlı əlaqələrinə imkan yaratdı. Zaman keçdikcə ölkəyə Quranın zahiri və batini şərhinə əsaslanan islam mədəni bölgəsinin çoxsaylı ideoloji cərəyanları da daxil olur və burada Azərbaycan mütəfəkkirlərinin simasında öz yerli təmsilçilərini tapırlar. Müxtəlif cərəyanların nümayəndələri nəzəri-fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər. Bu meyil regionda yayılmış mötəzililik, ismaililik, sufilik və s. cərəyanlar üçün səciyyəvi olub".
Zümrüd Quluzadə əlavə edib ki, Quranda və çoxsaylı islam ideoloji cərəyanlarında əsas problem Xaliq (Allah) və məxluq münasibətidir: "Bu münasibətin şərhindən asılı olaraq müxtəlif təlimlərin fəlsəfi baxımdan idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü müəyyən edilirdi. Qeyri-ortodoksal cərəyanlar Allahın Quranda həqiqət kimi təqdimini, onun canlı olması, vəchi haqqında, insanın Allaha qayıtması və Onunla görüşməsi, astral hadisələrə, idraka münasibət, İlahi nur, təqdir, cəza, Allah qorxusu, maddi nemətlərə münasibət və s. məsələləri ehtiva edən surələrin ezoterik şərhini verir, bir sıra hallarda məntiq və dövrün elmi və fəlsəfi fikrinə müvafiq, ortodoksal yönümdən fərqli, panteistik vəhdət əl-vücud fəlsəfəsini yayır və nəticədə Azərbaycanda islam bölgəsi mənəvi-mədəni məkanının ziddiyyətlərlə dolu ideologiyasını inkişaf etdirirdilər. 7–8 əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf etməyə başlayır. İslamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vəzifəsinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu.
O dövrdə Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn Harun Bərdici, Məkki ibn Əhməd Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azərbaycanda görkəmli nümayəndələri isə 9 əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bərdəi, Əbusəid Əhməd Bərdəi və b. idi.

Əli