“Quranda və çoxsaylı islam ideoloji cərəyanlarında əsas problem Xaliq və məxluq münasibətidir” Layihə

“Quranda və çoxsaylı islam ideoloji cərəyanlarında əsas problem Xaliq  və məxluq münasibətidir”

Zümrüd Quluzadə: "Bu münasibətin şərhindən asılı olaraq müxtəlif təlimlərin fəlsəfi baxımdan idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü müəyyən edilirdi"

III yazı...

8–10 əsrlərdə islam bölgəsində, o cümlədən Azərbaycanda daxilən ziddiyyətli, lakin əksər hallarda fəlsəfi dünyagörüşündə panteizm, sosial baxışlarında demokratizm, etik görüşlərində humanizm və varlığa dialektik yanaşma ilə fərqlənən mistik ismaililik və sufilik sosiomədəni cərəyanları ilk inkişaf dövrlərini keçirirdilər. Sufiliyin fəlsəfi dünyagörüşünün əsasında fəlsəfi kateqoriya kimi eşq, ismaililiyin əsasında isə real və irreal idrakın vəhdəti dururdu. Sufiliyin fəlsəfəsini bu dövrdə Əbü-lFərəc Əbü-l-Vahid Varasani Təbrizi, Əbu Saib Həmədani, Əli ibn Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil edirdi. Orta əsr mənbələrində ideya kökləri qədim Şərq və yunan fəlsəfəsinə aparan ismaililiyin islamı inkar edərək zərdüştiliyin bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda yayılması haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və b. məlumat verirlər. Mənbələrə görə ismaililik fəlsəfəsi təbiət elmlərinin nailiyyətləri və "İxvan əs-Səfa" ensiklopediyasının yaranması ilə bağlıdır. Bu ensiklopediyanın ideoloqu azərbaycanlı alim və filosof Əbü-l-Həsən Əli Harun oğlu Zəncani idi".
Onun bildirdiyinə görə, 8–10 əsrlərdə ölkənin sosial və mədəni həyatında xristianlığa qarşı yönəlmiş pavlikianlıq bidəti və islamı tamamilə inkar edən xürrəmi-babəki ideologiyaları mövcud idi: "İki dünya dininə və eyni zamanda sosial zülmə qarşı yönəlmiş pavlikianlıq və xürrəmi-babəki ideologiyalarının fəlsəfi və sosial görüşlərinin təməl prinsipləri Azərbaycanın qədim dövr ideoloji cərəyanları zərvanilik, zərdüştilik, manilik və məzdəkiliyin fəlsəfi və sosial ideyalarından qaynaqlanırdı. Xeyir–Şər, işıq–zülmət başlanğıclarının vəhdət və mübarizəsi, insanın mistik kamilləşməsi yolu və Allahın insanda təcəssümü haqqında ideyalar həmin cərəyanların dualizm səciyyəli dünyagörüşünün əsas prinsiplərini təşkil edirdi. Sonradan pavlikian və xürrəmi-babəki ideologiyalarının özləri də xristian və islam mənəvi-mədəni ideologiyaları üçün qaynağa çevrildilər.
Şamanizm, zərdüştilik, qədim yunan, xristian və islam mədəni bölgələrinin fəlsəfi ənənələrini özündə sintezləşdirərək inkişaf etdirən 7–10 əsrlər Azərbaycan fəlsəfəsi 11–13 əsrlərdə həm Azərbaycan mədəniyyətinin İntibahına, həm də bütövlükdə islam bölgəsi mənəvi mədəniyyətinin, o cümlədən fəlsəfəsinin intibahına zəmin yaradan qaynaqlardan olmuş və sonrakı dövrlərdə bu mədəniyyətlərin fəal üzvi hissəsi kimi tanınmaqda davam edib. Digər tərəfdən, 11–12 əsrlərdə ölkənin iqtisadi (feodal münasibətlərin inkişafı, pul rentasının yayılması, iqtisadi cəhətdən yüksək inkişaf etmiş iri şəhərlərin mövcudluğu), siyasi (müstəqil Şirvanşahlar, Şəddadilər, Rəvvadilər dövlətlərinin yaranması, Ön Asiya və Şərqin digər bölgələri ilə müxtəlif növ əlaqələr), sosial (daxili və xarici sosial zülmə qarşı arasıkəsilməz mübarizə, Beyləqanda 1110 ildə xalq hakimiyyətinin yaranması) və mənəvi-mədəni (ərəb və fars dilləri ilə yanaşı türk dilinin elitar ədəbi dil kimi qəbulu) sahələrində vəziyyət və onun unikal mənəvi-mədəni irsi, başqa sözlə, ölkədaxili potensial imkanlar Azərbaycanda İntibahın baş verməsinə şərait yaradırdı. Azərbaycan və bütövlükdə islam Şərqi fəlsəfəsində İntibah yerli fəlsəfi irsin qədim yunan fəlsəfi irsi ilə sintezi əsasında inkişaf edərək, sonradan Qərb və Şərq fəlsəfəsinin inkişafı üçün zəmin oldu. Azərbaycan fəlsəfi fikrinin İntibahı təbiətşünaslıq elmlərinin, təhsilin, ədəbiyyat, memarlıq, musiqi, musiqi nəzəriyyəsi və s. mənəvi mədəniyyət sahələrinin yüksəlişi və ölkənin dünya fəlsəfi təlimlərini bəhrələndirən fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi idi".
O, hesab edir ki, 11–12 əsrlərdə Azərbaycanda fəlsəfi fikir Şərq fəlsəfəsinin ənənələrini yunan-Roma fəlsəfi fikri ilə sintezləşdirən və fəlsəfi fikir istiqaməti kimi orijinallığı ilə fərqlənən Şərq peripatetizmi, işraqilik , sufilik və s. cərəyanların fəlsəfi ideyalarını əks etdirən xüsusi risalələrdə, təfsir, teoloji və teosofiya məzmunlu əsərlərdə və fəlsəfi poeziyada əksini tapmışdı: "Sonralar Şərqin klassik irsinə daxil olan bu əsərlərin meydana gəlməsi fəlsəfi fikrin müxtəlif sahələrini təmsil edən mütəfəkkir və alimlərin tədqiqat obyektlərinin geniş diapazonu və dövrün ensiklopedik biliklərinə yiyələnməsi sayəsində mümkün olub.
Bu mütəfəkkirlərdən biri Şərq peripatetizminin görkəmli nümayəndələrindən olan Əbülhəsən Bəhmənyar ibn əlMərzban Azərbaycani idi. O, müxtəlif elm sahələri, mədəniyyət və fəlsəfə problemlərini ehtiva edən "Mövcudatın mərtəbələri", "Metafizika elminə dair" traktatın, "Təhsil", "Məntiqə dair zinət", "Nəfslərin fərqi", "Musiqi haqqında kitab", "Gözəllik və səadət" və s. əsərlərin müəllifidir. Bəhmənyar Azərbaycani əsərlərində dialektik yanaşma metoduna və dünya nizamının qanunauyğunluğuna istinad edərək varlıq, onun mühüm və mümkün mövcudluq formaları, substansiya, aksidensiya, substansiyanın aksidensiyaya görə ilkinliyi, ilk başlanğıc, daimi ilk materiya, forma, ilk səbəb, imkan, həqiqət, emosiya və nəfsin növləri və substansionallığı, hərəkətin əbədiliyi, hiss, əql, xeyir, şər, mənəviyyat və s. dünyagörüşü problemlərindən bəhs edir. Xeyir və şərin kamillik və dünyanın nizamı ilə bağlılığı və s. məsələlərin şərhində onun mövqeyi orijinal səciyyə daşıyırdı. Bəhmənyar özünün rasionalizmi ilə fərqlənən fəlsəfəsində idrak prosesində xarici və daxili hisslərin rolu və insanın əqli imkanlarının sonsuzluğu ideyalarını təhlil edir. Bəhmənyar irsinin davamçıları İbn Sinadan sonra Şərq peripatetizminin yalnız İspaniya və Məğrib ərəb filosofları tərəfindən inkişaf etdirilməsi fikrini inkar edərək göstərirlər ki, müsəlman Şərqində də İbn Sinadan sonra müstəqil peripatetizm məktəbinin fəaliyyəti davam etdirilib.
11–12 əsrlərdə Azərbaycanda fəlsəfəni elmi nailiyyətlərlə birləşdirərək fəlsəfi mövzuları (dialektikanı, kateqoriyaları, qnoseoloji problemləri və s.) tədqiq edən Şihabəddin Marağayi, Əbu Səid Urməvi, Əbusəd Təbrizi, Abdulla Urməvi və b. filosoflar məlumdurlar.
11–12 əsrlərdə Azərbaycanda batinilik, ismaililik və sufilik cərəyanlarının yayılması sürətlənir. Həmin cərəyanların fəlsəfi ideyaları ölkədə həm mənəvi mədəniyyətin, həm də sosial həyatın müxtəlif sahələrinə fəal təsir göstərib. Əsasən, 11–12 əsrlərdən başlayaraq adı çəkilən cərəyanların nəzəri təlimləri, sovet dövrü istisna olunmaqla, Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrində geniş yer tutub. Azərbaycanda əsrlər boyu ezoterik fəlsəfi təlimlər və ilk növbədə, sufi fəlsəfəsinin nəzəri əsasları haqqında əsərlər yazmış alim-mütəfəkkirlər olublar. Onların əksəriyyəti dünyəvi təhsil almış, fəlsəfi problemlərə, əsasən, vəhdət əl-vücud adı altında tanınan və dünya fəlsəfi düşüncəsi üçün universal fenomen olan panteizm mövqeyindən yanaşıblar. Onlar Allahın və ilahiləşdirilmiş varlığın sirlərinin irrasional dərkinə üstünlük versələr də, bir çox hallarda varlığın rasional dərkini inkar etməyib, mədəniyyət tarixində dünyəvi elmlərin dərin bilicisi kimi də tanınıblar".
Zümrüd Quluzadə əlavə edir ki, 11–12 əsrlərdə Azərbaycanda qeyri-ortodoksal sufilik fəlsəfəsinin yaradıcıları dünya mədəniyyəti tarixində tanınmış Baba Kuhi Bakuvi (948–1050), Eyn əl-Qüzat Miyanəci (1099–1131), Əxi Əbü-l-Fərəc Zəncani və mötədil sufiliyin yaradıcılarından olan Şihabəddin Əbuhəfs Ömər ibn Məhəmməd Sührəvərdinin (1145–1234) fəlsəfi irsi olub: "Eyn əl-Qüzat Miyanəci sufi fəlsəfəsinin nəzəri əsaslarını İbn Ərəbidən əvvəl "Həqiqətlərin seçilmişləri", "Əsaslar", "Aşiqlərin sevinci və təşnələrin bidəti" və s. əsərlərində verib. Dini fəlsəfəyə zidd olduğuna görə, o, arasıkəsilməz təqiblərdən sonra 1131 ildə 32 yaşında dərs dediyi mədrəsədə edam edilib.
Azərbaycan fəlsəfi fikri 11–12 əsrlərdə sufi fəlsəfəsinin radikal yönümü ilə seçilən nümayəndələri ilə yanaşı, mötədil sufiliyin nəzəriyyəçiləri ilə də təmsil olunub. İslam Şərqində özünün mötədil sufilik məktəbini yaradan Azərbaycan filosofu Əbu Həfs Sührəvərdi olub. Sührəvərdi Şərqdə sufizmin dərsliyi kimi qəbul edilmiş "Mərifətlərin töhfələri" əsərində sufiliyin bidətə aparan panteizmini əl-Qəzalidən əvvəl islah edərək onu ortodoksal islam teologiyası ilə bağlamağa və barışdırmağa cəhd göstərmiş, dövrünün mədəniyyət tarixinə peripatetik fəlsəfənin və hər cür bidətə aparan ideyaların qatı əleyhdarı kimi daxil olub.
Azərbaycan filosofu Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154–91) dünya mədəniyyətində məşhur işraqilik fəlsəfəsinin banisidir. Bu fəlsəfi təlim onun "İşraq fəlsəfəsi", "Nur heykəlləri", "İşıq haqqında risalə" və s. əsərlərində şərh olunur. Qədim Azərbaycan, Şərq və yunan fəlsəfəsindən qaynaqlanan, peripatetizmin rasionalizmini, sufilərin fəlsəfi baxımdan əhəmiyyətli olan varlığın vahid substansionallığı haqqında ideyasını və dini təsəvvürlərin avtoritarlığını özündə birləşdirən Sührəvərdi təlimi bu gün də Şərq və Qərb fəlsəfə tarixçilərinin diqqətini cəlb edir. Dövrün fəlsəfi fikri Azərbaycan ilahiyyatçıları Əbuhəfs Zəncani, Əbu Ömər Osman Dərbəndi, Əbülfəz Üşnuhi, Əbubəkr Urməvi, Əbu Xəfif Şirvani və başqa mütəfəkkirlərin ortodoksal təmayüllü teoloji risalələrində əksini tapıb".

Əli