Etnik-mədəni tərkibinin rəngarəngliyi ilə seçilən Zaqatala aşıq mühiti Layihə

Etnik-mədəni tərkibinin rəngarəngliyi ilə seçilən Zaqatala aşıq mühiti

I yazı

Aşıq sənətinin mahiyyəti insançılıqla bağlıdır. Qədim türk dağda, cayda, göydə, günəşdə müqəddəslik axtarırdı, tapırdı, təbiəti ilahiləşdirirdi. Türkün təbiət sevgisi, təbiətlə birliyi özünü bütün çalarlarıyla, qüdrətiylə sazda göstərir. Azərbaycan aşıq sənətində sazın möhtəşəmliyi ilə yanaşı, zərifliyi də üzə çıxır. Sazın səsində orkestrlik var: möhtəşəm, hiddətli, çılğın, döyüşkən, ruhlu… Qədimlikdən gələn mənəvi tellərin sabaha bağlanması bu gün daha da qaçılmazdır.
Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, bu xüsusiyyət etnik-mədəni tərkibinin rəngarəngliyi ilə seçilən Zaqatala aşıq mühitinə, onun regional çalarlarına kompleks yanaşma zərurəti yaradır: "Azərbaycan aşıq sənətinin mühitlər üzrə öyrənilməsi orada baş verən tarixi, etnik-mədəni prosesləri izləmək, el sənətkarlarının yaradıcılığını müqayisəli şəkildə araşdırmaq, konkret mühitin digər aşıq mühitləri ilə fərqli və oxşar xüsusiyyətlərini ortaya çıxartmaq imkanı verir. Aşıq sənətinin ayrı-ayrı mühitlər üzrə öyrənilməsi gələcəkdə ümumazərbaycan aşıqlarının elmi kataloqunun yaranmasına, sənət şəcərələrinin doğru-düzgün araşdırılıb sıralanmasına da kömək edəcək".
Zaqatalanın coğrafiyası, etnik-mədəni tərkibi və aşıq mühitinin formalaşma tarixi ilə bağlı qənaətini bildirən araşdırmaçı vurğulayır ki, şifahi xalq ədəbiyyatının janr özünəməxsusluğunu, milli adət-ənənələrini bu gün də qoruyub saxlayan, xalq sənətini zaman-zaman yaşadan, formalaşdıran mühitlərdən biri də Zaqataladır. Bu mühitin tarixən müəyyən ənənələrə malik olması, ustad və ifaçı aşıqları ilə seçilməsi Zaqatala aşıq mühitindən kifayət qədər söz açmağa imkan verir. Zaqatala aşıqları xalqın şad günündə (el bayramları, toy məclisləri), həmişə xalq arasında olub, xoş avazları, şən havaları ilə elin-obanın ruhunu oxşayıb, xeyir-dualarını xalqdan əsirgəməyiblər: "Folklorşünas alim E.Məmmədli aşıq sənətinə aid araşdırmalarında qeyd edir ki, bu sənət formalaşdığı dövrdən, insan aləmini, onun istək və arzularını, ağrısını, acısını, sevincini, kədərini, sevgi və iztirablarını tərənnüm edir. Zaqatala aşıq mühitinin hələlik bizə məlum olan, əsərləri zəmanəmizə qədər gəlib çatan ilk aşığı XVIII əsrin sonu, XIX əsrin 60-70-ci illərinə kimi yaşamış varxiyanlı (indiki Bəhmədli) Aşıq Məhəmməddir. Şübhəsiz, varxiyanlı Məhəmmədin bir sənətkar kimi yetişməsi heç də təsadüfi deyildi. Ola bilsin ki, burada Aşıq Məhəmmədə qədər çox aşıqlar yaşayıb-yaradıblar. Onların yaradıcılıq irsləri günümüzə gəlib çatmadığı üçün tədqiqata cəlb olunmayıb. Aşıq Məhəmmədin dövründə onunla yanaşı, varxiyanlı Aşıq Həsən, şagirdləri Aşıq Qurban və Aşıq Təmaz da yaşayıb-yaradıblar. Sonrakı dövrlərdə isə Aşıq Arabın, Kamal təxəllüsü ilə yazan talalı Aşıq Dibronun, Aşıq Bəkirin, yengiyanlı Aşıq Əlixanın, Aşıq Sarətin, suvagilli Kor Nəzirin, carlı Aşıq Könlünün, əliabadlı Aşıq Hüseynin, Aşıq Həsənin, Aşıq Camalın, zaqatalalı Aşıq Camalın, Aşıq Yusifin, varxiyanlı (indiki Bəhmədli) Həsənin, Cumanın, Cahangir Dalğının, Aşıq Mədətin və başqalarının adlarını çəkmək olar. Zaqatala aşıqlarının fəaliyyəti yalnız boya-başa çatdıqları ərazi ilə məhdudlaşmayıb, eyni zamanda vətənimizin ayrı-ayrı bölgələri və ondan kənarda – Gürcüstan, Rusiya, Dağıstan ərazisində də məşhurlaşıb. Zaqatala aşıq mühitinin bəzi nümayəndələrinin adlarına ara-sıra mənbələrdə də rast gəlirik. 1930-cu illərin mənbələrində Zaqatala aşıqlarından mosullu İbrahimin, talalı Hacı Muradın, qandaxlı Molla Orucun, kəpənəkçili Murtuza Əlinin, Aşıq Ərəbin, zəyəmli Aşıq Bayramın adları çəkilir. Əgər biz bu mühitdə istər tarixən, istərsə də çağdaş dövrümüzdə yaşayıb-yaratmış, yüksək sənətkarlıq xüsusiyyətləri ilə tanınmış, yaddaşlara həkk olunmuş, ustad, ifaçı aşıqların həyat və yaradıcılıq irslərindən söz açacağıqsa, əvvəlcə, bu sənətkarların yaşadığı ərazinin etnik-coğrafi, mədəni xüsusiyyətlərindən danışmalıyıq".
1930-cu ildə yaranmış Zaqatala inzibati rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Alazan-Əyriçay vadisində yerləşir. Ərazisi 1348 km2 olan Zaqatala rayonu cənubdan Gürcüstanla, şimaldan Dağıstanla, qərbdən Balakən, şərqdən Qax rayonu ilə həmsərhəddir. 68 kənddən ibarət olan rayonun ən iri yaşayış məntəqələri Zaqatala şəhəri, Əliabad qəsəbəsi, Muxax, Yuxarı Tala, Danaçı kəndləridir. 49%-ni meşəliklər təşkil edən əsrarəngiz təbiətə malik olan rayon ərazisindən 7 çay axır. Alazan çayı, Katex çayı, Tala çayı, Təndir çayı, Qara çay və s."
Rayonda 110 mindən çox əhali yaşayır. Əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləridir: "Zaqatalada azsaylı xalqlar da yaşayır. Bura avarlar, ingiloylar, saxurlar və s. daxildir. Rayonun etnik tərkibinə gəlincə, etnoqraf alim Məhəbbət Paşayeva öz tədqiqatlarında burada skif, sak, hun, xəzər, bulqar, savir, eyni zamanda gel, leq, uti və s. kimi qədim alban tayfalarının izlərinə rast gəlindiyi bildirilir. Bu ərazidə yaşayan avarlar, əsasən, dağlıq yerlərdə Car, Masex, Maqov, Cimcımax və Paşanda, saxurlar isə Sabunçu, Suvagil, Gözbarax, Lahıc, Yengiloylor Mosul, Yenqiyan, Əliabad kəndlərində azəri türkləri ilə qarışıq məskunlaşıblar.
Respublikamızın ərazisində yaşayan azsaylı xalqlar xalqımızın musiqi folklorundan təsirlənmiş və bu, ayrı-ayrı hallarda onların şeir və musiqisində ikidillik hadisəsini meydana gətirib. Bu xalqların hər biri Azərbaycan türkləri ilə qaynayıb-qarışıb, ortaq bir mədəniyyətə malik olublar. Folklorşünas alim A.Əhmədiyə görə, "Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış azsaylı xalqlar yerli əhaliyə qarışmış şəkildə rahat güzəran sürməkdədirlər". Bu faktın özü heç də təsadüfi deyil. Türkə məxsus olan ənənəni lazımınca öyrənmək və onu qoruyub saxlamaq bacarığına malik olan azsaylı xalqlar (xüsusən avarlar, saxurlar, yenqiloylar) türkə məxsus sazı, tənburu da (el arasında buna danbur deyilir) sevərək mənimsəyiblər. Bu gün də onların arasında sazda və danburda Azərbaycan türkcəsində çalıb-oxuyanlara təsadüf etmək mümkündür. Çox təbii ki, onlarda olan bu həvəs mühitdə yaşayan yerli türklərin təsiri ilə əlaqədar yaranıb.
Zaqatala aşıq mühiti bu və ya digər xüsusiyyətləri baxımından maraq doğurur. Prof. Azad Nəbiyev "Azərbaycan aşıq məktəbləri" kitabında xalqın geniş əraziyə səpələnmiş, milli-etnik mədəniyyətləri, folklorunu, onun inkişafının başlıca istiqamətlərini öyrənmək baxımından belə mühitlərin araşdırılmasının çox önəmli bir məsələ olduğunu qeyd edib. Prof. H.İsmayılova görə, Azərbaycan tarixinin ən mürəkkəb mübahisə doğuran problemlərindən biri etnogenez problemidir. Müəllif eyni zamanda etnik azlıqların sıx-sıx məskunlaşdığı ərazilərin folklorunun, aşıq sənətinin araşdırılıb tədqiq edilməsini zəruri hesab edib. Aşıq mühitlərinin regional, lokal, mədəni sisteminin hadisəsi kimi vahid bir tamın ümumtürk mədəniyyəti konteksində yerinin araşdırılmasında özünəməxsus əhəmiyyəti olduğunu bildirib. H.İsmayılov digər tərəfdən milli musiqimizin, xalq sənətinin etniklərin mədəniyyətinə, yaşamına təsirini araşdırmağın, qədim adətlərimizin bu bölgələrdə hansı şəkildə qorunub-saxlanılmasını müəyyənləşdirməyin diqqət çəkən məsələlərdən biri olduğunu qeyd edib. Etnik-mədəni təsirlərin güclənməsi Zaqatalada mövcud olan, bu gün də yaşamaqda olan aşıq sənətinə heç bir qeyri-təsir göstərməyib. Bunun əsas səbəbi Azərbaycan dilinin üstün mövqedə olması ilə əlaqədardır. Buna nümunə olaraq suvagilli Kor Nəzirin, carlı Vəlinin və başqalarının adlarını çəkmək olar. Onlar el şənliklərini Azərbaycan dilində aparırdılar".
Araşdırmaçı bildirir, Zaqatala da məhz belə bölgələrimiz sırasındadır ki, burada yaşayan saz-söz sənətkarlarının (istər türklər, istərsə də azsaylı xalqların nümayəndələri olsun) bir-birilərinə qaynayıb-qarışmaları sayəsində mədəniyyətləri, adət-ənənələri hər zaman rəngarənglik təşkil edib. Burada yaşayan ləzgilər, saxurlar, avarlar, inqiloylar və s. etnik qrupların nümayəndələri inteqrasiyaya daha çox meyilli olduğundan türk mədəniyyətini lazımınca mənimsəyə biliblər. Maraqlı cəhətlərdən biri də budur ki, azsaylı xalqlar bizim mədəniyyətimizi, musiqimizi, adət-ənənələrimizi mənimsəyərək bu gün də yaşadırlar. Bu da həqiqətdir ki, ucqar dağ kəndlərində türklərdən mənimsənilən ənənə daha yaxşı qorunub. Fikrimizcə, Zaqatala aşıq mühitini "tarixi və çağdaş" dövrlərə ayırmaq daha düzgün olar. Zaqatala aşıq mühitinin tarixi XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi olan dövrü, çağdaş mühit isə XX əsrin əvvəllərindən bu günümüzə kimi olan dövrü əhatə edir. Ayrı-ayrı zamanlarda yaşayan el sənətkarlarının hər biri ayrılıqda özünəməxsus fərdi ifa tərzləri, yaratdıqları saz havaları, zəngin repertuarları ilə yadda qalmış və el-obada, hafizələrdə yaşamaqdadırlar.
O zaman Zaqatalada toylar, el bayramları aşıqsız keçməzdi. Məclis aparan ustad aşığın yanında bəzi hallarda balabançısı da olmalı idi. Ak. H.Araslı aşığı haqlı olaraq, xalqın sevimlisi, onun şad və qəmgin günlərində ən yaxın sirdaşı hesab edib. Zaqatalada XX əsrin 60-cı illərinə kimi aşıqlar məclisi ya tək, yaxud da iki aşıq bir-birini əvəzləyərək aparardılar. Aşıqlar məclisdə, xüsusən, dastan, nağıl və rəvayət danışardılar. Bir qayda olaraq, "Baş divani" ilə başlayar, sonra təcnis oxuyar, nəhayət, müxəmməslə bitirərdilər. Çox zaman buna "duvaqqapma" deyilir. Deyilən ənənələr zaman keçdikcə öz formasını müəyyən qədər dəyişib. İndi məclisləri aşıq tək, balabansız aparır. Maraqlı hal budur ki, tarixi Zaqatala aşıq mühitinin aparıcı nümayəndələrinin ifaçılığında bəzi hallarda saz-balaban müştərəkliyinin mövcud olması bu mühit haqqında müəyyən yanlış mülahizələrə gətirib çıxarıb. Prof. M.Qasımlı "Aşıq sənəti" kitabında Zaqatalanı tarixi mühit hesab etdiyi Dərbənd aşıq mühitinə aid edib. Prof. A.Nəbiyev isə "Azərbaycan aşıq məktəbləri" kitabında Zaqatalanı Şirvan aşıq məktəbi daxilində ayrıca mühit kimi təqdim edib. Prof. M.Qasımlı Dərbənd aşıq mühitinə Quba, Qusar, Zaqatala, Qax, Balakəni – azsaylı millətlər yaşayan sərhəd əraziləri aid edir. Digər tərəfdən, müəllif bunun bir səbəbini də sənətin birindən digərinə ötürülməsi ənənəsinin aradan çıxmasında görür. İstər qədimdə, istərsə də bu gün tənburla sazın paralel şəkildə mövcud olduğu Zaqatala aşıq mühitinin tarixi və çağdaş mənzərəsi yuxarıda deyilən fikri qətiyyətlə təkzib edir".

Uğur