“Ermənistannın indiki durumda silah almaq üçün maliyyə imkanları yoxdur” Layihə

“Ermənistannın indiki durumda silah almaq üçün maliyyə imkanları yoxdur”

Tural Əliyev: "İsrail Azərbaycanın strateji tərəfdaşıdır, tələm-tələsik İsraili tənqid etmək düzgün olmaz"

Politoloq Tural Əliyevin "Xalq Cəbhəsi"nə müsahibəsini təqdim edirik.


-Prezidentlərin sentyabrda görüşü gözlənilir. Gözləntilər varmı?

-Ermənistan – Azəbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində prezidentlərin bir nəçə dəfə görüşü olub. Ermənistan tərəfinin destruktiv fəaliyyəti nəticəsində danışıqlar dalana dirənib. 2016-ci il aprel döyüşlərindən sonra may ayında ATƏT-Minsk qrupunun təşəbbüsü ilə Vyanada görüş keçirildi. Bu görüşdə Rusiyanın xarici işlər naziri, ABŞ dövlət katibi və Fransanın xarici işlər naziri iştirak edirdi. Əslində müsbət mənada gözləntilər az da olsa var idi, çünki bu görüş cəbhə xəttində 22 illik fasilədən sonra gərginləşəndən sonra baş tutmuşdu. Çünki Ermənistan tərəfi şiddətli döyüşlər zamanı əsasən də Rusiyaya və digər digər dövlətlərə yalvarmağa başladı, hərbi əməliyyatlar dayandırılsın. Məhz bu səbəbdən bəzi ekspertlər düşünürdü ki, Ermənistan güzəştlərə gedəcək. Lakin bu baş vermədi. Bir daha hamıda əminlik yarandı ki, Ermənistan suveren dövlət olmadığından, ixtiyarı öz əlində deyil. Vyana görüşü prezidentlərin son görüşü oldu. O zamandan bu tərəfə hələ ki, görüş yoxdur.
Bu ilin iyul ayında Füzuli rayonu, Alxanlı kəndində ermənilər tərəfindən 2 yaşlı Zəhra və onun nənəsi öz evinin qarşısında qətlə yetirildilər. Bunun adı vəhşilik idi. Sivil insanların ölümü düşmənin hansı düşüncəyə malik olduğunu üzə çıxarır. Əslində Xocalıdakı törədilən vəhşilik bariz nümunə idi. Bu aprel döyüşlərindən sonra ən böyük təxribat idi. Müəyyən mənada sakitlik yaranmışdı. Füzulidəki bu olaydan sonra görüşlər və müharibə çağırışları yenidən gündəmə gəldi. Cəbhə xəttində vəziyyət yenidən gərginləşdi. Azərbaycanda ictimaiyyət tərəfindən səsləndirilən fikirlərdən biri bu idi, artıq görüşlərin heç bir mənası yoxdur, körpə qatilləri ilə bir masa arxasında oturub müzakirə etməyin heç bir mənası yoxdur. Müharibə son və yeganə həll yoludur.
Bu gərginliyin fonunda münaqişənin tənzimlənməsində ən çox fəallıq göstərən Rusiyanın özünə münasibət bir mənalı deyil. Gözlənilmədən Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Soçiyə dəvət etdi. Bu görüş haqqında müxtəlif fikirlər və versiyalar səslənməkdə davam edir. Görüş haqqında Rusiyalı ekspertlər də müxtəlif açıqlamalar verdi. Zənnimcə, prezidentlərin Soçi görüşməsi cəbhədə artan gərginlik, regionda baş verən proseslərlə birbaşa bağlı idi. Rusiya regionda söz sahibi dövlətlərdən biridi, məhz Ermənistan deyil, Azərbaycan prezidenti ilə görüşməsi və müzakirələr bir çox həqiqətlərin üzə çıxmasına şərait yaratdı. Düzdür görüşün detalları barədə tam rəsmi məlumat yoxdur.

-Ermənistanla Rusiyanın birgə qoşun yaratmasının Azərbaycan üçün nə vəd etməsi daha çox müzakirə olunur...

-NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlər, Cənubi Qafqazda artan gərginlik Rusiyanın yanaşması Yaxın Şərqlə yanaşı, dünyanın ən qaynar nöqtələrindən birinə çevrilməkdədir. ABŞ-ın vitse-prezidentinin bölgəyə səfər etməsi, Rusiyanın sərhədində NATO ilə bağlı verdiyi açıqlamalar, artıq Rusiyanı narahat etməyə başlayıb. İkinci məqam odur ki, ABŞ Konqresinin qəbul etdiyi sənəddə Rusiyaya qarşı nəzərdə tutulmuş sanksiyalar daha da kəskinləşdi. Dünyanın mənzərəsi dəyişməyə doğru gedir. Rusiya Cənubi Qafqazda öz möhkəmliyini qoruyub saxlamaq üçün Ermənistanla birgə qoşun yaratdı. Siyasətdə ümumiyyətlə təsadüflər olmur. Məsələnin başqa tərəfi Azərbaycanın ərazisini işğal edən, 25 ildir ki, işğalçılıq siyasətini davam etdirən Ermənistanla belə bir qoşun yaratması təbii ki, Azərbaycana təsir etməyə bilməz. Rusiya Minsk qrupunun həmsədr ölkəsidir. Rusiyanın özündə bir çox partiyalar, bəzi siyasi ekspertlər bunun əleyhinə çıxdılar. Ancaq sənəd ratifikasiya edildi. Azərbaycan Ermənistanla Qarabağda müharibə başlayacağı təqdirdə bu qoşunun qarışmağa hüquqi cəhətdən əsası yoxdur. Lakin rahatçılığa da heç bir əsas yoxdur. Azərbaycan da müstəqil dövlətdi,istənilən dövlətlə qoşun yarada bilər, bizə yaxın və dost ölkə olan Türkiyə anoloji addımlar atıla bilər. Ona görə düşünmürəm ki, Moskva Azərbaycanın tam əleyhinə kobud və yanlış adddımlar atsın.
-İsrail rəsmisinin Ermənistana səfəri iki ölkə arasındakı münasibətlərin düzəlməsi anlamına gəlirmi?
-Aprel savaşında Azərbaycanın hərbi arsenalında İsrailin istehsal etdiyi silahların həlledici rol oynadığını Ermənistan tərəfi gördü və hisslərini də gizlədə bilmədilər. İsrail əleyihə Ermənistan prezidenti səviyyəsində ittihamlar səsləndirməyə başladılar. Bu yaxınlarda İsrail regional əməkdaşlıq nazirinin İrəvana son 10 ildə İsrail tərəfdən rəsmi səfərə gələn ilk nazir oldu. Ermənistan xarici işlər nazirinin dəvəti ilə baş tutub. Əsas müzakirə məsələlərindən biri İsrailin Ermənistana silah satması olub. Hələ ki, fikir kimi olaraq alır. Birincisi, İsrail silahı yalnız pul qazanmaq məqsədi ilə satmır, çünki İsrailin dövlət maraqları var. İkincisi, Ermənistannın indiki durumda silah almaq üçün maliyyə imkanları yoxdur. Çünki Rusiya bəxşiş formasında Ermənistana silah verir. Təbii ki,öz maraqlarına görə bu addım atılır. İsrail Azərbaycanın strateji tərəfdaşıdır, tələm-tələsik İsraili tənqid etmək düzgün olmazdı. Məsələyə hərtərəfli baxdıqda İsrailin bu addımı region üçün,əsasən də Azərbaycan üçün müsbət gedişat ola bilər. Başqa imkanlar açıla bilər. Düşünmürəm ki, İsrail-Ermənistan münasibətləri bir nazirin səfəri ilə isinəşə bilər. Hadisələrin növbəti inkişafını gözləmək daha doğru olardı. Bir daha qeyd edirəm,İsrail bizim üçün təkcə hərbi cəhətdən deyil,diplomatik baxımından əlverişli dövlətdir.

-Son günlər cəbhədə təxribatlar daha intensiv xarakter almağa başlayıb...

-Yuxarıda qeyd etdiyim ki, iyulun 4-də Füzulidə ermənilər tərəfindən 2 yaşlı Zəhra və nənəsinin qətlə yetirilməsindən sonra cəbhədə vəziyyət gərginləşdi. Azərbaycan prezidenti İlham Əliyev nazirlərlə son görüşdə Zəhranın qisasını aldıq deməklə,cəbhə xəttində sakitliyin olmadığını bir daha vurğuladı. Son vaxtlar təkcə erməni silahlı birləşmələri Qarabağ deyil, Qazax, Tovuz, Agstafa rayonlarını atəşə tutması, özü də Ermənistanın ərazisində yerləşən hərbi hissələrdən düşmənin təxribatlarından xəbər verir. Bu təxribatların məqsədi nədir? Aprel döyüşlərindən sonra Azərbaycan tərəfi özünəməxsus torpaqların bir hissəsin azad etdi. Təbii ki, qisasçılıq. Lakin bu görünən tərəfdir. Görünməyən odur ki,çox güman ki, Ermənistan və onu himayə edənlər Qarabağdan başqa əraziləri atəşə tutmaqla Azərbaycana və dünyaya mesaj vermək istəyirlər ki, hər an Cənubi Qafqazda geniş miqyaslı müharibə alovlana bilər. İndi başlanan müharibə əvvəlki aprel döyüşləri kim olmayacaq, bu hamıya aydındır. Təbii ki, müharibə fəlakətdir, itkilər qaçılmazdır. Ancaq düşmən bizə başqa variantlar buraxmır. Bəzən deyirlər, ən pis sülh istənilən müharibədən yaxşıdır. Tamam razı, insanlıq baxımından tam düzgündür. Amma bu tarixi torpaqlarımızın itirilməsinə gətirib çıxardacaqsa, düşünmürəm normal azərbaycanlı bunu qəbul etsin. Qarabağ savaşında 30 minə yaxın soydaşlarımız həlak olub.
Prezidentlərin sentyabrda görüşü nəzərdə tutulub. Bu görüş barədə hələ ki, rəsmi məlumat yoxdur. Heç tarix də hələ bilinmir. Yuxarıda deyilənləri nəzərə alaraq, yekunda qeyd etmək istərdim, artıq danışıqlar limitinin bitdiyini rəsmi dairələr də dilə gətirirlər. İstənilən bir qığılcım alovlu müharibəyə gətirib çıxarda bilər.

Əli