“Azərbaycan Ordusu Ermənistandan dəfələrlə güclüdür” Layihə

“Azərbaycan Ordusu Ermənistandan dəfələrlə güclüdür”

Anar Turan: "Münaqişə yenidən alovlanacağı təqdirdə Ermənistanın işğal etdiyi ərazilərimizdə qalmaq şansı sıfıra bərabərdir"


Müsahibimiz analitik, siyasi yazar, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi Anar Turandır.

-Dünyada gedən proseslər, Suriya Dağlıq Qarabağ problemini arxa plana keçirib. Bu danışıqlar prosesinə hansı formada təsir edir?
-Suriyada baş verən hadisələr artıq neçə ildir ki, dünya mediasının və siyasətinin əsas nəzər nöqtəsinə çevrilib. Burada beynəlxalq qüvvələrin, qlobal faktorların maraqları var və bu baxımdan Suriya böhranında aktivlik göstərən ölkələrin, eyni zamanda, Dağlıq Qaraağ münaqişəsinə diqqət ayırması inandırıcı deyil. Onlar bu münaqişəni dondurulmuş münaqişə kimi qələmə verməyə çalışırlar. Əslində isə həm ötən ilin aprel döyüşləri, həm də dəfələrlə Ermənistan silahlı qüvvələrinin diversiya hücumları və ordumuzla gərgin qarşıdurmalar, dinc azərbaycanlı sakinlərin atəşə tutulması, son olaraq körpə Zəhranın nənəsi ilə qətlə yetirilməsi bir daha onu göstərdi ki, bu münaqişə dünyanın ən ciddi diqqət ayrılmalı problemlərindən biridir. Danışıqlar prosesində Ermənistanın həmişəki kimi cığal, aqressivliyə söykənən mövqeyi də burada rol oynayır. Dünya təşkilatlarının bu məsələdə konkret mövqe bildirməsi, Ermənistana təzyiqlər etməsinin zamanı artıq çoxdan yetişib.

-Sizcə müşahidə olunan geosiyasi amillər bizə necə təsir edəcək? İtirəcəklərimiz nələrdir və hansı dividentlər əldə edirik?

-Geosiyasət elə bir sahədir ki, burada yalnız incə maraqlar və ustalıqla həyata keçirilən dərin siyasət rol oynayır. Bu gün ABŞ-ın yeni kursu, hadisələrə yeni yanaşması olan Donalt Tramp administrasiyası tərəfindən idarə olunur. Avropa ölkələrinin yeni dünya düzəninin yeni maraqlarını görürük. Ərəb ölkələrində yeni qarşıdurmala müşahidə olunmaqdadır. Qətər böhranı bunu deməyə əsas verir. Hətta eyni dini cərəyana mənsub olan Qətər və Səudiyyə Ərəbistanı arasında inkişaf edən neqativ proseslər, İran və Səudiyyə Ərəbistanı arasında soyuq müharibənin davam etməsi, Türkiyənin proseslərdə iştirakı, Suriyada böyük bir aporiyanı xatırladan çəkişlmələrin yeni axına qədəm qoyması, Ukrayna və Gürcüstanda Rusiyanın fəallaşması və Qərb ölkələri ilə prinsipial maraqların toqquşması geosiyasi düzəndə yeni baxışların, yeni ab-havanın olmasını göstərməkdədir. Bu baxımdan proseslərin Azərbaycana necə təsir edəcəyi Azərbaycanın özünü necə aparmasından asılı olacaq. Təbii ki, ola bilsin müəyyən məsələlərdə dilemma qarşısında qalan Azərbaycan mövqeyini konkret olaraq müəyyənləlşdirməli olacaq. Ola da bilsin ki, region və dünyanın böyük ölkələri ilə apardığımız qarşılıqlı əməkdaşlığa söykənən siyasətimiz hələ uzun müddət problemsiz davam etdi. Çünki bu gün Azərbaycan dövləti kiçik olsa da dünyanın mədəni elitasında qəbul edilən, iqtisadi və siyasi amillər baxımından vacib göstəricilərə malik çəkisi var. Biz əlimizdə olan imkanlardan səmərəli və yüksək diplomatik gedişlərdən istifadə edərək geosiyasi mənzərənin istənilən dəyişiklərində öz yerimizi tapa və öz maraqlarımızı qoruya bilərik. Bizim belə imkanlarımız var.

-Həmsədr ölkələr arasında ciddi qarşıdurmalar Dağlıq Qarabağ danışıqlarının dalana dirənməsində rol oynayırmı?
-Sözsüz ki, həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsində ciddi rola malikdirlər. Bu baxımdan bu, bizə də təsirsiz ötüşmür. Və hər dəfə belə məqamlarda Ermənistan öz işğalçı simasını qimən pərdələyə bilir və bir-birilə aralarındakı problemlərə başı qarışan həmsədr ölkələrin düşdüyü vəziyyətlərdən öz maraqları üçün istifadə edir və münaqişənin uzanmasını biraz da təmin edirlər.

-Həmsədr ölkələrinin hansının mövqeyi daha məqbuldu?
-Konkret ölkə adını çəkmək istəmirəm amma ayrı-ayrılıqda bu ölkələrin hər birinin bizimlə əməkdaşlığı, müəyyən məsələlərdə strateji uyğunluqlarımız var. Amma uyğunsuzluqlar da var. Məsələn, Fransada erməni lobbisi çox güclüdür. Onların Fransa siyasətində izləri görünməkdədir. Rusiyada da baxmayaq ki, çoxsaylı diasporumuz var, Ermənistana və ermənilərə münasibətdə ən azı bir pillə də olsa geridəyik. ABŞ-da erməni diasporunun yerləşmə və yayılma tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Yəni orada da müxtəlif koqresmenlər var ki, erməni lobbisini təmsil edir. Lakin Azərbaycan dövlətinin stabil siyaəsti var ki, bunu da görməzlikdən gələ bilməzlər. Bu iki bir-birinə zidd olan xalqın maraqlarının arasında seçim etmək və "stavka"nı ədalətli tərəfə qoymaq indi çox müşkül prosesə çevrilib. Lakin sivil dünya buna mütləq getməlidir. Bu baxımdan biz hələ ki, həmsədr ölkələrə münasibətdə balansı qoruyub saxlamallyıq. Münaqişənin əsas açarının Rusiyada olması faktını da unutmaq olmaz. Rusiyaya münasibətdə də dövlətçilik maraqlarımızın təmin olunması istiqamətində işləməyimiz məqsədəuyğundur. Ordakı diasporumuzun təşkilatlanmasında yaxından iştirak etməliyik.
-Azərbaycan diasporunun hansı ölkələrdə güclənməsinə dövlətimiz konkret diqqət ayırmalıdır ?
-Əslində, Azərbaycan diasporu harda varsa ora diqqət ayırsaq daha güclü dövlət imicimizi yarada bilərik.Tutaq ki, Yaponiya və yaxud Malayziya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində o qədər də fəal ölkə sayılmır. Lakin by kimi ölkələrdə Azərbaycan iqtisadi və mədəni maraqlarını təbliğ etmək üçün ciddi səylər göstərməliyik. Bu elə bir məsələdir ki, humanitar və iqtisadi məsələlərdə göstərilən qarşılıqlı etimad istər-istəməz siyasətə də öz təsirini göstərəcək. Azərbaycan bu gün ən yaxşı halda Rusiya, ABŞ, Fransa, Almaniya kimi ölkələrdə ciddi diaspor siyasəti aparır. Bu bizim xeyrimizədir. Yüzildən çoxdur ki, bu ölkələrdə erməni diasporunun fəaliyyət tarixi var. Onların qarşısına yaddaqalan fəaliyyətimizlə çıxmaq üçün biz bu ölkələrdə diasporumuzun güclənməsinə yardım etməliyik. İş adamlarını bu proseslərə cəlb etməliyik. Rusiyada bizim ən böyük diasporumuz var. Diasporumuzu həmin ölkələrin intellektual insan resursuna çevrilməsinə dəstək olmalıyıq. Azərbaycan diasporunun inkişafı, güclənməsi dövlətçiliyimizin möhkəmlənməsidir.
-Türkiyənin geosiyasi proseslərə daha ciddi müdaxilə ehtimalı nə qədərdir? Rusiya Türkiyə münasibətləri bizə nə vəd edir?

-Türkiyə qardaş dövlət kimi həm regionun, həm də bütün müsəlman aləminin ən öndə gedən ölkəsidir. Türkiyənin Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya ölkələrinə ciddi təsirləri mövcuddur. Hətta Rusiyanın tərkibində olan türk subyektlərinin də içində Türkiyəyə meylini gizlətməyənlər var. Lakin bu gün Türkiyə dövlətinin qlobal siyasi böhranlarda söz sahibi kimi çıxış etmək istəyini heç cür qəbul etməyən dövlətlər var. Məsələn, Avropada Almaniyanın, Hollandiyanın bəzi hallarda erməni lobbisinin təsiri ilə Fransanın bu prosesə mənfi qatqıları var. ABŞ-ın bəzi geostrateji faktoirlarda Türkiyəylə uzlaşmayan baxışları mövcuddur. Rusiya Suriya və Ukrayna məsələsində Türkiyəylə mövqeləri tamamilə fərqlidir. Lakin Türkiyənin bu ölkələrdə ciddi iqtisadi əlaqələri var. Dəqiq desək, Türkiyənin dünyada son 10 ildə irəliləyən danılmaz nüfuz siyasəti var. Bunu biz xüsusilə Yaxın Şərqdə və Dağlıq Qarabağ münaqişəsi ətrafında izlərini görə bilərik. Türkiyənin Rusiya ilə münasibətlərinin bir müddət əvvəl korlanmasının da səbəbi bu idi. Türkiyə dövləti sərhədləri yaxınlığında baş verən gərgin siyasi prosesləri və münaqişələri sadəcə seyr etmək iqtidarında deyil. Həm də Türkiyədən İslam dünyasının, Türk dünyasının müəyyən gözləntiləri də vardır ki, qardaş dövlət öz siyasətində bu gözləntilərə əsaslanaraq addımlar atır. Lakin Rusiya da, Türkiyə də sonda anladı ki, indiki zamanda bu cür ağır geosiyasi şərtlər daxilində onların bir-birillə ədavəti hər iki dövlətin sıradan çıxarılmasına hesablanan planın tərkib hissəsidir. Ona görə də Rusiya və Türkiyə arasında münasibətlərin yaxşı məcrada inkişaf etməsi Azərbaycanın yalnız xeyrinə ola bilər. Nəzərinizə çatdırım ki, bu münasibətlərin normallaşmağının tərəfdarı olmayanlardan biri də erməni lobbisi və Ermənistan dövlətidir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində mən Türkiyə və Rusiya münasibətlərinin inkişafını da səbəblərdən biri kimi görürəm. Hər halda Türkiyə böyük dövlətdir və biz onların Rusiya ilə ikitərəfli münasibətlərinin inkişafında maraqlıyıq.

-Aprel hadisələrindən sonra Ermənistan geriyə addım atmadı. Səbəb nədir və bundan sonra nə etməliyik?
-Aprel hadisələrində Ermənistanın özü barəsində yaratdığı mif dağıdıldı. Hadisələr göstərdi ki, bu gün Azərbaycan Ordusu Ermənistandan dəfələrlərə güclüdür və münaqişə yenidən alovlanacağı təqdirdə Ermənistanın işğal etdiyi ərazilərimizdə qalmaq şansı sıfıra bərabərdir. Lakin Rusiya bu məsələdə proseslərin xeyrimizə inkişafında maraqlı olmadı. Ermənistanda hakimiyyətdə olan Sarkisyan iqtidarı öz cəmiyyətini psevdopatriot şoularla aldadır. Ermənistan cəmiyyəti ikiyə bölünüb. Böyük çoxluq Sarkisyan iqtidarının işğalıçılıq faktorundan öz iqtidar maraqlarını gücləndirmək üçün istifadə etdiyini anlayır. Aprel döyüşlərində Ermənistan ciddi təlaşa düşmüşdü. Proseslər inkişaf etsəydi Azərbaycan ordusunun qəti qələbə qazanacağı bəlli idi. Lakin biz dünyanın və beynəlxalq təşkilatların qəti atəşkəs çağırışlarına məhəl qoymadıq. Ermənistana bir növ siyasətində müəyyən korrektələr etmək üçün şans verdik. Lakin görürük ki, hakimiyyət maraqları yenə də bu düşmən dövlətin başında duranların ciddi nöqsanlara yol verdiyini təsdiqləyir. Ermənistanın ara-sıra sülh danışıqlarına zərbə vuran təxribatçı hərəkətlərə yol verməsi, sərsəm bəyanatlarla çıxış etməsi düşmən ölkənin öz havadarlarına bel bağladığını və münaqişənin həllində maraqlı olmadığını sübut edir.

Əli