Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslandırmaları haqlı və hüquqi cəhətdən məntiqlidir Layihə

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslandırmaları haqlı və hüquqi cəhətdən məntiqlidir

1-ci yazı

Bu gün Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, problemin həll olunmaması Ermənistanın siyasi qəyyumlarına arxalanması və azğın gedişləri ilə bağlıdır. Bu yazıda Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri haqqında danışılır. Tarix boyunca dövlətçiliyi olmayan, başqa xalqların, dövlətlərin əsarətində qalmaqla qılıqlanan, fürsətcilliyindən fayda götürən ermənilər Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini öz xeyirlərinə "əsaslandırmaq" üçün hər cür "hüquqi məntiq" gedişlərindən istifadə edir, dünyanı "həqiqətlərinə" inandırmağa çalışırlar. Ancaq aşağıda diqqət yetirəcəyimiz məqam Ermənistanın tamamilə haqsız, eləcə də hüquqi cəhətdən əsassız olduğunu isbatlayır.
Beləliklə, ermənilərin "məntiqinə" baxaq. Araşdırmaçıların fikrincə, Ermənistanın illərdir dünyaya təqdim etdikləri, "hüquqi cəhətdən" "əsaslandırdıqları" arqumentləri budur: "Rəsmi Yerevan nümayəndələri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq məqsədilə Dağlıq Qarabağın heç bir zaman müstəqil Azərbaycanın tərkib hissəsi olmaması barədə tezislə çıxış edirlər. Bu iddiaların əsasında aşağıdakı "arqumentlər" dayanır: Birinci, müstəqil Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olanda Qarabağ onun yurisdiksiyasında deyildi və bu faktı Azərbaycanın Cənubi Qafqazın şərq hissəsinin ermənilərlə məskunlaşmış ərazilərinə, əsas etibarilə Dağlıq Qarabağa iddia etməsi, eləcə də özününkü hesab etdiyi ərazi üzərində təsirli dövlət nəzarətini həyata keçirə bilməməsi və sərhədlərinin legitimliyini əsaslandırmağa qadir olmaması səbəbindən Millətlər Cəmiyyətinin Azərbaycanı tanımaqdan imtina etməsi barədə qəbul etdiyi qərar da təsdiqləyir. İkinci, 1991-ci ildə SSRİ-nin parçalanması prosesi çərçivəsində Dağlıq Qarabağın Azərbaycandan qanuni əsaslarla ayrılması və "Dağlıq Qarabağ Respublikası"nın yaradılması. Bu zaman "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ qanunu xüsusi olaraq vurğulanır. Sonuncuya əsasən, müttəfiq respublikalar tərəfindən qanunla nəzərdə tutulmuş SSRİ tərkibindən çıxmaq proseduru həyata keçirilərkən muxtar qurumlar SSR İttifaqında və tərkibindən çıxan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll etmək, habelə öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ əldə edirdi. Üçüncü, Azərbaycanın sovet dövrünün hüquqi varisliyindən imtina etməsi və bununla da, həmin dövrün sərhədlərinə iddia etmək əsasından məhrum olması".
Tamamilə cəfəng, məntiqsiz bir gedişdir. Ermənistan bilir ki, irəli sürülən bu "əsaslar" tamamilə əsassızdır. Saysız qətl-qarətlərə, işğallara əsaslanan ermənilər gözəl bilirlər ki, bu torpaqlar tarixən Azərbaycana məxsusdur. Ermənistan adlı qondarma dövlətin də ərazisi başdan-başa Azərbaycanın tarixi əraziləridir və o ərazilərdə həmişə azərbaycanlılar yaşayıblar.
İndi də Azərbaycan Respublikasının haqqa, hüquqa əsaslanan məntiqi arqumentlərinə baxaq: "Dağlıq Qarabağ Azərbaycan və Ermənistanın Millətlər Cəmiyyətinə qəbulu məsələsinə baxılması kontekstində Britaniya qoşunlarının 1918-ci ildə Bakıya daxil olmasından sonra, Müttəfiq Dövlətləri təmsil edən general V.Tomson qonşu Zəngəzur qəzası ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın idarəsi altında olmasını tanıdı. O, Azərbaycan hökuməti tərəfindən Xosrov Sultanovun bu iki regionun da daxil olduğu Qarabağ general -qubernatorluğuna qubernator təyin edilməsini təsdiqlədi. 1919-cu ildə Dağlıq Qarabağın erməni assambleyası rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdı. 1918-1920-ci illərdə Azərbaycan Respublikasının bir sıra ölkələrlə diplomatik münasibətləri var idi. Onlardan bəziləri ilə qarşılıqlı münasibətlərin prinsiplərinə dair müqavilələr imzalanmış, 16 dövlət isə Bakıda öz nümayəndəliyini açmışdı. 12 yanvar 1920-ci il tarixində Paris Sülh Konfransında Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. 1 noyabr 1920-ci il tarixində Azərbaycan nümayəndə heyətinin başçısı Millətlər Cəmiyyətinin baş katibinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Təşkilata üzv qəbul edilməsi ilə bağlı ərizəsinin Cəmiyyətin Assambleyasına təqdim edilməsini xahiş etmişdi. Baş katib 24 noyabr 1920-ci il tarixli Memorandumunda Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinə mandatın Bakıda 1920-ci ilin aprel ayına kimi hakimiyyətdə olmuş hökumət tərəfindən verildiyini qeyd etmişdi. Bununla belə, Memorandumda Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1 noyabr 1920-ci il) və Memorandumun dərc olunduğu tarixdə (24 noyabr 1920-ci il) Azərbaycan nümayəndə heyətinə mandat vermiş Azərbaycan Respublikası hökumətinin artıq 1920-ci ilin aprel ayından de-fakto hakimiyyətdə olmamasına xüsusi diqqət yetirilir. Daha sonra memorandumda bu hökumətin ölkənin bütün ərazisinə nəzarət etmədiyi göstərilirdi. Bu kontekstdə, qeyd olunan Millətlər Cəmiyyəti Baş katibinin Memorandumunun ən mühüm hissəsi "Hüquqi mülahizələr" fəslidir. Həmin fəsildə dövlətlərin tamamilə özünüidarəedən olması tələbi də daxil olmaqla, Təşkilata yeni üzvlərin qəbul edilməsi ilə bağlı Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsində təsbit edilmiş şərtlər xatırladılır. Millətlər Cəmiyyətinin müvafiq sənədləri erməni tərəfinin Millətlər Cəmiyyətinin Azərbaycanı üzvlüyə qəbul etməməsini onun Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini tanımaması və guya ermənilərlə məskunlaşmış ərazilərə iddia etməsilə əlaqələndirməsi fikrini tamamilə təkzib edir. Aydındır ki, ərazisinin mühüm bir hissəsi ərizəsi Millətlər Cəmiyyətində baxıldığı bir dövrdə işğal altında olan, ərizəni təqdim edən hökuməti isə devrilmiş olan bir dövlət Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsinin tələblərinə əsasən, tam özünüidarəetmə qabiliyyətinə malik subyekt kimi nəzərdən keçirilə bilməzdi. Məhz bu şərtlər Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul edilməsinə mane oldu. Eyni zamanda Millətlər Cəmiyyəti aydın və tanınmış sərhədlərə, status və konstitusiyaya, sabit hökumətə sahib olmadığı üçün Ermənistanın özünü dövlət kimi tanımırdı. Nəticədə, 16 dekabr 1920-ci il tarixində Ermənistanın Millətlər Cəmiyyətinə üzvlüyə qəbul edilməsi rədd edilmişdi".
Mövzu ilə bağlı qənaətlərini davam etdirən Tofiq Musayevin araşdırmasından məlum olur ki, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində Müttəfiq Dövlətlərin Dağlıq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıması ilə bağlı yuxarıda qeyd olunmuş faktlarla yanaşı, Sovet İttifaqı tərkibinə qatılarkən Qarabağın müstəqil Azərbaycanın yurisdiksiyası altında olmaması ilə bağlı tezis həmçinin Ermənistanın ərazi iddiaları ilə əlaqədar olaraq bu məsələyə bir neçə dəfə baxmış RK (b) P MK Qafqaz Bürosunun qərarları ilə də təkzib edilmiş və özünün 5 iyul 1921-ci il tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar vermişdi: "Eyni zamanda Azərbaycan SSR-ə Dağlıq Qarabağa geniş muxtariyyət vermək təklif olunmuşdu. 13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə arasında Dostluq haqqında müqavilə imzalandı. Müqavilənin 5-ci maddəsi ilə Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri "...Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi kimi yaradılması"na razı olduqlarını bildirdilər. 13 dekabr 1922-ci il tarixində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (ZSFSR) yaradılmışdı. Onun Konstitusiyası Naxçıvan Respublikasının bir muxtar qurum kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktını bir daha təsdiqlədi. Bu konstitusiyaya görə, muxtar respublika və vilayətlərin (Abxaziya, Acarıstan və Cənubi Osetiya) vəziyyəti dəyişməz olaraq qalırdı. Nə Qars Müqaviləsində, nə də ZSFSR Konstitusiyasında Qarabağın dağlıq hissəsi barədə hər hansı bir qeydə rast gəlinmirdi, çünki bu bölgə rəsmi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi tanınırdı, o cümlədən Ermənistan SSR tərəfindən. SSRİ-nin ilk konstitusiyasının qəbul edildiyi gündən bir gün sonra, yəni 7 iyul 1923-cü il tarixində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" fərman dərc etdirdi. Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət kimi statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdi. DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981- ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul olunmuş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanunla müəyyən edilirdi. SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar arasındakı sərhədlər yalnız müvafiq respublikaların qarşılıqlı razılığı əsasında və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan və Ermənistan Konstitusiyalarında da təsbit edilmişdi.
Keçən əsrin 80-ci illərinin sonlarında DQMV-nin Azərbaycan SSR-dən ayrılması və vilayətin Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində qanuna zidd qərarların qəbulu ilə əlaqədar olaraq, SSRİ Ali Soveti və onun Rəyasət Heyəti Dağlıq Qarabağ böhranı nəticəsində yaranmış vəziyyəti bir neçə dəfə müzakirə etmişdi. Keçmiş SSR İttifaqı dövlət hakimiyyətinin ali orqanı tərəfindən qəbul olunmuş qərarlarda birmənalı olaraq sərhədlərin və Azərbaycan və Ermənistan SSR-in Konstitusiyaları ilə təsbit olunmuş milli-ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkün olduğu etiraf olunurdu. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-in xeyrinə rəsmi olaraq 20 fevral 1988-ci il tarixindən başlamış ayrılması prosesi SSRİ Konstitusiyasının açıq-aşkar pozulması ilə müşayiət olunmuş və bununla da heç bir hüquqi nəticəsi olmamışdı. Dağlıq Qarabağın ayrılmasına qanuni don geydirmək məqsədilə erməni tərəfinin 2 sentyabr 1991-ci ildə etdiyi növbəti cəhd dolayısıyla bu yanaşmanın doğruluğunu təsdiq edir".
Uğur