Dağlıq Qarabağ probleminə beynəlxalq təşkilatların münasibətinin xronikası Layihə

Dağlıq Qarabağ probleminə beynəlxalq təşkilatların münasibətinin xronikası

1-ci yazı
Azərbaycan Respublikasının 30 ilə yaxındır üzləşdiyi Qarabağ problemi ilə bağlı beynəlxalq aləmdə artıq müəyyən təsəvvür yaranıb. Ancaq beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə baxmayaraq hələ də onlar tərəfindən problemin əməli həlli ilə bağlı addımlar atılmır. Araşdırmaçıların fikrincə, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu gün faktiki olaraq dünyada gedən ictimai-siyasi və iqtisadi proseslərə bilavasitə nəzarət etmək imkanına malik olan ABŞ Konqresi ilə erməni lobbisi arasında çox isti münasibətlər mövcuddur. Eyni sözləri Fransa senatı haqqında da söyləmək mümkündür. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. Artıq 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.
1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin müraciətdə demokratiya, azadlıq və bərabərlik prinsiplərinin respublikanın əsas strateji yolu olduğu göstərilir və ölkənin BMT-yə qəbul olunmaq arzusu ifadə edilirdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Elə həmin ilin martında Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıldı. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi. 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanat Təhlükəsizlik Şurası sədrinin adından yayıldı. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. Sənəddə maraqlı tərəflər zorakılığa son qoymağa çağırılır və BMT Nizamnaməsinin müddəalarına əməl etməyə dəvət olunurdu. "Təhlükəsizlik Şurasının üzvləri bütün maraqlı tərəfləri zorakılığa son qoyulması, Baş katibin missiyasının işini asanlaşdırmaq və onun personalarının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməyə çağırır. Onlar Şuranın sədri adından 1992-ci il yanvarın 23-də (S/23496) və fevralın 14-də (S/23597) müvafiq olaraq Ermənistanın və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə bəyanatlarını, xüsusilə də nizamnamənin mübahisələrin dinc yolla və güc tətbiq etmədən nizamlanmasına aid prinsiplərinə istinadları xatırladırlar", - deyə sənəddə bildirilirdi.
Bu isə bəyanatın əslində münaqişənin real mahiyyəti barədə heç nə ifadə etməyən adi bir sənəd olduğunu göstərirdi. BMT Təhlükəsizlik Şurasının yeganə müsbət addımı ondan ibarət oldu ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Təhlükəsizlik Şurası sədrinə məktubu TŞ-nin rəsmi sənədi kimi yayıldı. Bu məktubda Ermənistanın keçirdiyi hərbi əməliyyatlar suveren dövlətin ərazi bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirilirdi. Ermənistan da alternativ addımlar atmağa çalışırdı. Elə bunun nəticəsi idi ki, 1992-ci ilin avqustunda Ermənistanın müraciətinə əsasən BMT Təhlükəsizlik Şurasının yeni iclası çağırıldı və TŞ sədrinin yeni bəyanatı yayıldı. Bu sənəddə də tərəflər atəşi dayandırmağa çağırılır və vəziyyətin gərginləşməsindən BMT-nin narahatlıq keçirdiyi ifadə olunurdu.
1992-ci ilin oktyabrında isə BMT Təhlükəsizlik Şurası sədrinin daha bir bəyanatı qəbul edildi. Lakin bu sənəd də məzmununa və siyasi mahiyyətinə görə əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Burada da vəziyyətin gərginləşməsindən, eləcə də çoxsaylı insan tələfatından narahatlıq ifadə olunur və ATƏM-in münaqişənin həllinə dair fəaliyyətinin dəstəkləndiyi bildirilirdi. Təhlükəsizlik Şurası problemin nizamlanması üçün danışıqlar prosesinin təcili başlanmasının zəruriliyini qeyd edərək tərəfləri bu istiqamətdə konkret addımlar atmağa dəvət edirdi. 1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olundu. Bəyanatda Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından və "yerli erməni qüvvələrinin" Kəlbəcər rayonuna müdaxiləsindən narahatlıq ifadə olunurdu. Bəyanatda bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi bir daha təsdiqlənir və yenə də ATƏM çərçivəsində sülh prosesində irəliləyişə nail olmaq üçün tərəflərə müvafiq addımlar atmağa çağırış öz əksini tapırdı. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Bu bəyanat əsasən Ermənistanın təqdim etdiyi məlumatlara əsaslanırdı. Ermənistan Kəlbəcərin işğalında iştirak etdiyinə dair Azərbaycanın ortaya qoyduğu faktları təkzib edərək rayonun qəsb edilməsində "yerli ermənilərin" günahkar olduğunu sübut etməyə çalışırdı.
Elə həmin il aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. "Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi barədə Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da (S/25199) və aprelin 6-da (S/25539) verdiyi bəyanatlara istinad edərək Baş katibin 1993-cü il aprelin 14-dək məruzəsini (S/26600) nəzərə alaraq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlıq bildirərək silahlı hərbi əməliyyatların güclənməsi, qismən də Azərbaycan Respublikasının Kəlbəcər rayonuna yerli erməni qüvvələrinin son təcavüzünü narahatlıqla qeyd edərək, eləcə də vəziyyətin bölgədəki əmin-amanlığı və təhlükəsizliyi qorxu altına aldığından narahat olaraq, çoxlu sayda mülki şəxsin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə durumla bağlı ciddi narahatlıq ifadə edərək, bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edərək, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiqləyərək, ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bildirərək və silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:
1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir;
2. Bu işdə maraqlı olan tərəfləri münaqişəni ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışığı bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edir", - deyə qətnamədə bildirilirdi.

Uğur