Dağlıq Qarabağ probleminə beynəlxalq təşkilatların münasibətinin xronikası Layihə

Dağlıq Qarabağ probleminə beynəlxalq təşkilatların münasibətinin xronikası

3-cü yazı

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olması 1992-ci ilə təsadüf edir. Həmin il yanvar ayının 30-da Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirəyə üzv olan Azərbaycan iyulun 8-də ATƏM-in Helsinkidə keçirilən zirvə toplantısında təşkilatın sənədlərini imzaladı. 1992-ci ilin fevralında ATƏM-in ilk missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə hazırlamaq üçün respublikamıza gəldi. Fevral ayında missiyanın məruzəsi təşkilatın Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) Praqada keçirilən iclasında dinlənildi.
Məruzədə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı təsdiqlənirdi. Komitə münaqişənin həllinə dinc vasitələrlə nail olmağın zəruriliyini də bəyan etmişdi. 1992-ci ilin mart ayında ATƏM-in nümayəndələri ikinci dəfə regiona səfər etdilər. Bu dəfə də YVŞK-nın iclasında məruzə dinlənildi və komitə yenidən tərəfləri Dağlıq Qarabağa dair sülh konfransının keçirilməsinə şərait yaratmağa çağırmaqla kifayətləndi. Martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün YVŞK-nin zəmanəti əsasında Dağlıq Qarabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul etdi. Bununla da Minsk prosesinin əsası qoyulmuş oldu. 1994-cü ilin dekabrında Budapeştdə ATƏM üzvü olan ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə görüşü keçirildi. Zirvə görüşündə qəbul olunan ən mühüm qərarlardan biri təşkilatın Avropada sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində fəaliyyətinin genişləndirilməsi oldu. Sammitin ən vacib hadisələrindən biri də ATƏM-in təşkilati cəhətdən yeniləşməsi və onun fəaliyyətinin genişləndirilməsi məqsədilə qurumun 1995-ci ilin yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılması idi. Zirvə toplantısının iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə edərək bu barədə qəbul olunmuş sənədlərə müvafiq bölmənin salınmasına razılıq verdilər. Həmin bölmə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi" adlanırdı. Bu bölmədə tərəflər arasında atəşkəsin əldə edilməsi alqışlanır və ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk Konfransı həmsədrlərinin təyin edilməsi tapşırılırdı. Sənədin birinci bəndində deyilir: "İştirakçı dövlətlər münaqişə və onun nəticəsi kimi insan faciəsinin davam etməsini pisləyərək münaqişədə iştirak edən tərəflərin 1994-cü il may ayının 12-də ATƏM-in Minsk qrupu ilə birgə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçiliyi ilə razılaşdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar. İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinə dair öhdəliklərini təsdiq etdilər və Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılar. Bununla əlaqədar onlar münaqişədə iştirak edən tərəfləri, birbaşa əlaqələr də daxil olmaqla intensiv daimi danışıqlara çağırdılar. Bundan çıxış edərək onlar ATƏM-in səylərini və yardımını gücləndirəcəklərinə əmin etdilər, ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini tamamilə müdafiə etdilər və Rusiya Federasiyasının çox mühüm yardımını və Minsk qrupunun digər ayrılıqda götürülmüş üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bütün bunları ATƏM çərçivəsi daxilində vahid, uzlaşdırılmış səylər şəklində uyğunlaşdırmağa razılaşdılar".
Sənəddə münaqişənin həlli üçün sülhməramlı qüvvələrin göndərilməsinin zəruriliyi də öz əksini tapmışdı: "Onlar BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsi ilə silahlı münaqişə bitərkən tərəflər arasında bağlanacaq sazişdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələri göndərmək barədə siyasi iradələrini bəyan etdilər. Onlar fəaliyyətdə olan sədrdən xahiş etdilər ki, o, mümkün qədər tez bir zamanda, 1992-ci il Helsinki sənədinin üçüncü bəndinə əsasən və BMT Nizamnaməsinə tam uyğun şəkildə təşkil olunacaq belə qüvvələrin yaradılması, tərkibi və əməliyyatlarına dair plan hazırlasın. Bununla əlaqədar fəaliyyətdə olan sədrə Minsk Konfransının həmsədrləri və Minsk qrupu, baş katib tərəfindən köməklik və yardım göstəriləcək, o, həmçinin müvafiq məsləhətləşmələrdən sonra sülhməramlı qüvvələri yaradan dövlətlərə bu qüvvələrin xarakteristikası və həcmi, onlara rəhbərlik və nəzarət, arxa təminat hissələrinin və ehtiyatlarının paylanması, davranış və sazişlərin qaydalarına dair tövsiyələr vermək üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O BMT-nin texniki məsləhət və ekspertiza təminatına hazır olduğu barədə bəyanatına əsasən BMT-dən yardım almağa çalışacaq. O həmçinin BMT TŞ-dən ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi barədə davamedici siyasi dəstəyə çalışacaq".
Bu, faktiki olaraq, Rusiyanın regiona rus ordusundan təşkil edilmiş sülhməramlı qüvvələr yerləşdirmək cəhdinə qarşı atılmış addım idi. ATƏM-in zirvə toplantısı Minsk Konfransına Minsk qrupunun köməyi ilə mövcud atəşkəsin davam etdirilməsi və sülh sazişinin imzalanması üçün müvafiq tədbirlər görülməsi istiqamətində səylərini artırmağı tövsiyə edirdi. Burada sülh sazişinin imzalanmasından sonra münaqişə bölgəsinə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi də nəzərdə tutulurdu.
Budapeşt sammitinin əsas nəticələrindən biri Minsk qrupunda həmsədrlik institutunun yaradılması oldu. Sülhməramlı qüvvələrin müxtəlif dövlətlərin hərbi qüvvələrindən təşkil olunması barədə qərar Rusiyanın məsələni təkbaşına həll etmək istəyinin qarşısını aldı. O zaman rəsmi Moskva çox cidd-cəhdlə sülhməramlıların məhz Rusiya ordusundan ibarət olmasına çalışırdı. 1996-cı ilin dekabrında Lissabonda keçirilən ATƏT üzvü ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə üç mühüm sənəd (ATƏT-ə üzv ölkələrin Lissabon zirvə görüşünün bəyannaməsi, XXI əsrin Avropası üçün ümumi və hərtərəfli təhlükəsizlik modelinə dair bəyannamə və Avropadakı adi silahlı qüvvələrin məhdudlaşdırılması prosesinin parametrləri və əhatə dairəsi haqqında sənəd) qəbul olunmalı idi. Ancaq zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddə Ermənistan tərəfin etirazına səbəb oldu. 20-ci maddə Dağlıq Qarabağ münaqişəsinin üç prinsip əsasında həll edilməsinin mümkünlüyünü göstərirdi: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində öz müqəddəratını təyinetmə hüququ əsasında muxtariyyət və özünüidarə statusunun verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması...
Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edildi. Bəyanatda deyilirdi: "Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə ediblər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər. Onlar aşağıdakılardır: Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddəratını təyin etməyə əsaslanan bir razılaşmada müəyyənləşdirilən ən yüksək özünüidarəsini təmin edən hüquqi statusu; məsələnin həllinin müddəalarına əməl olunmasını təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi".
Araşdırmaçıların qənaətinə görə, ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günə qədər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir konkret addım atmağa nail olmayıb. Təşkilatın münaqişənin həllini sürətləndirmək üçün konkret mexanizmlərinin olmaması burada müəyyən rol oynasa da, ATƏT-in işğalçı dövlətə qarşı müəyyən təzyiqlər göstərmək və dünya birliyini bu prosesə cəlb etmək imkanları var. ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirib ki, bunların da hamısı Ermənistan tərəfindən pozulub.
Həmin prinsiplər aşağıdakılardır: 1. Suverenliyə hörmət; 2. Silahlı qüvvələrdən istifadə etməmək; 3. Sərhədlərin toxunulmazlığı; 4. Dövlətlərin ərazi bütövlüyü; 5. Mübahisələrin dinc yolla həlli; 6. Bir-birinin daxili işlərinə qarışmamaq; 7. İnsan hüquq və azadlıqlarına hörmət etmək; 8. Millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət; 9. Dövlətlər arasında əməkdaşlıq; 10. Beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə almadığını göstərib. Azərbaycanın suverenliyinə qəsd edib (1-ci prinsip), ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edib (2-ci prinsip), sərhədlərimizi pozub (3-cü prinsip), ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirib və təcavüzkar əməlləri ilə bunu bir daha təsdiqləyib (4-cü prinsip). Azərbaycanın daxili işlərinə qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə başlayan proseslərdə öz əksini tapır (6-cı prinsip), bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayıb (7-ci prinsip), millətlərin bərabərliyi anlayışına hörmət etmədiyini və azərbaycanlıları, eyni zamanda bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirib, erməni xalqının bir dəfə öz müqəddəratını təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verib (9-cu prinsip), beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirmir (10-cu prinsip).

Uğur