Həmsədrlər yenə gəlirlər Layihə

Həmsədrlər yenə gəlirlər

Ermənistan isə hələ də Azərbaycan Ordusunun gücündən danışır

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək. Bölgədə olduğu zaman A.Şofer Minsk qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.
Yerli siyasilər bildiriblər ki, Minsk qrupunun bu səfərindən də heç nə gözlənilmir. Düzdür, hər belə səfər və yaxud da xarici işlər nazirlərinin görüşlərindən sonra belə bir təəssürat yaranır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş hiss olunur. Amma 25 ilə yaxındır ki, eyni fikir və bəyanatlar səsləndirilir.
"Dağlıq Qarabağ məsələsi ilə bağlı kiçik də olsa ümidverici rəylər var, ancaq nədənsə hərəkətlilik nəzərə çarpmır".
Bunu xarici işlər nazirlərinin BMT görüşündən sonra həmsədrlərin cəlbedici təkliflərinin olması, hətta bu təkliflərin prezidentlərin görüşünü zəruri edə biləcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, hələ həmsədrlər regiona səfər etmədiyindən sözügedən müsbət məqamların nədən ibarət olduğu qeyri-müəyyəndir:"Çünki mətbuat üçün heç bir açıqlama verilməyib. Ancaq hər halda Azəbaycan xarici işlər naziri bu məsələdə müəyyən qədər nikbin görünürdü. Nazir son görüşdə də bir daha vurğuladı ki, Azərbaycan öz torpaqlarından bir qarış belə güzəştə getməyəcək. Görünür, həmsədrlərin hazırladığı yeni təkliflərdə yenə kompromislərdən söhbət gedir və Azərbaycanın da hansısa güzəştlərə getməsi tələb olunur. Çox mürəkkəb bir vəziyyət yaranıb. Son zamanlar ABŞ-ın mövqeyində müəyyən qədər çəkingənlik nümayiş etdirməsi və Minsk Qrupunundakı həmsədrini geri çəkərək oraya dövlət katibinin Avropa və Asiya üzrə köməkçisinin müavinini təyin etmək istəməsi anlaşılan deyil. Bu cür ciddi bir məsələyə Vaşinqtonun belə münasibəti heç bir məntiqə sığmır. Bu baxımdan məsələnin tənzimlənməsi istiqamətində ortaq bir fikrə gəlmək hələ ki, mümkün deyil.
Üstəlik, Rusiya da susqunluq nümayiş etdirir. Minsk Qrupunun həmsədrləri fəal olsa da, həmsədr ölkələrdən elə bir ciddi münasibət görünmür. Bundan başqa, bəzi subyektiv məsələlər də var ki, danışıqlar prosesinə əngəl törədir. Bir sözlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı kiçik də olsa ümidverici rəylər var, ancaq nədənsə hərəkətlilik nəzərə çarpmır. Ona görə də qəti və aydın fikir bildirmək çox çətindir".
"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmirəm. Çünki, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standart mövqeyi hər kəsə məlumdur. Minsk qrupu həmsədrləri 20 ildən çoxdur ki, münaqişənin həli ilə bağlı regiona gəlib, boş bəyanatlar verməklə məşğuldurlar". Bunu isə Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Həmsədrlərin münaqişənin həlli ilə bağlı əməldə heç bir addım atmadıqlarını deyən deputat söyləyib ki, Avropa qurumlarının, həmsədr ölkələrinin ermənilərin işğalına, separatçılara qarşı mövqeləri bu gün onların öz başlarında çatlayır: "Artıq onlar da terrorun, separatizmin qurbanına çevriliblər. Bu da ikili standartların nəticələridir. Əgər zamanında onlar erməni işğalına qarşı mübarizədə bizim ədalətli mövqeyimizi müdafiə edib, işğalın qarşısını alsaydılar. O zaman bu gün belə vəziyyət yaranmazdı. İspaniyada baş verənlər İngiltərə, Fransa, İtaliya, Çexiya və digər dövlətlərə də sirayət edəcək".
25 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu xatırladan E.Məmmədov bildirib ki, belə olan halda, niyə Qərb, həmsədr ölkələr, beynəlxalq təşkilatlar problemin həllinə kömək göstərmək istəmir: "Əksinə, işğalçını müdafiə edir, onlara qoşulub xalqların öz müqəddəratını təyin etməsindən danışırsız. Bu baxımdan hesab edirəm ki, həmsədrlərin budəfəki səfəri də digərlərindən fərqlənməyəcək. Bu səfər yalnız onların ədalətli mövqeləri nəticəsində fərqlənə bilər".
Deputatın sözlərinə görə, DQ münaqişəsinin həlli 3 həmsədr dövlət tərəfindən həll oluna bilməz: "Çünki onların hər üçünün maraqları Cənubi Qafqazda toqquşur. Xüsusilə də Rusiya ilə Qərbin. Bu baxımdan həmin dövlətlər problemi həll edə bilməzlər. Münaqişənin həlli ilə bağlı vasitəçilik mandatı bu 3 ölkəyə deyil, BMT Təhlükəsizlik Şurasına həvalə olunmalıdır. Çünki hər 3 ölkənin ermənipərəst mövqeyə malik olduğu hər kəsə məlumdur. Bundan başqa prosesə ATƏT-in Minsk qrupunda təmsil olunan digər bir tərəf dövlətlər də qoşulmalıdır. Yalnız bu halda məsələnin həllində müsbət nəsə ola bilər".
BMT sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırladan deputat qeyd edib ki, bu görüşdən sonra Ermənistan tərəfi daha da aqressivləşib.
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov isə deyib: "Mən neçə illərdir ki, parlamentin tribunasında çıxış edirəm ki, ATƏT-ə, matətə bel bağlamaq olmaz. Bunlar buz parçasıdır. Götürüsən əlinə, əriyib gedir. Bunlara etibar yoxdu. Onlar ikili standart yox e, çoxlu standat yürüdürlər. Bu gün xristian aləmi müsəlmanlara qarşı durur. Burda deyirlər ki, erməni düşməndi. Orada deyirlər ki, erməni əmimoğludur. Onlar xristiandır. Ona görə də o təşkilatların heç birinə bel bağlamaq olmaz. Öz problemlərimizi özümüz həll etməliyik. ATƏT-ə, Mins qrupuna güvənmək olmaz. Minsk qrupunun bütün üzvləri İrəvana gedəndə qondarma soyqrımı abidəsinə əklil qoyurlar. Mən Minsk qrupunun heç bir üzvünün Xocalı abidəsi önündə, Şəhidlər Xiyabanında görməmişəm. Biz Qarabağı özümüz geri almalıyıq".
Yeri gəlmişkən, erməni mətbuatı və siyasiləri də artıq Minsk qrupunun fəaliyyətindən narazı qaldığının bildiriblər. Çünki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın milli maraqlarını dolayısı yolla müdafiə etsə də, işğalçı ölkəyə tam dəstək verməyib. Buna da səbəb Azərbaycanın qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsidir.
Amma işğalçı ölkəni daha çox Azərbaycan ordusunun güclənməsi və hələ də ötən ilin Aprel döyüşlərindən sonra özlərinə gələ bilməməsi narahat edir.
Məsələn, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma "DQR" rejiminin "operativ müdafiə bölməsinin müdiri", polkovnik Viktor Arustamyan "aprel müharibəsi"ndə Azərbaycanın taktiki döyüş bacarığının erməni hərbi birləşmələrinin məğlub edilməsində böyük rol oynadığını etiraf edib.
V.Arustamyan Daşnaksütyun partiyasının təşkil etdiyi "rəqibin və bizim hərbi-siyasi taktikası" adlı konfransda sualları cavablandırıb.
"Yelk" blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan "Niyə "aprel müharibəsi"ndə bizim hərəkətlərimiz rəqibin addımlarına adekvat deyildi" deyə soruşub.
Erməni polkovnik əvvəlcə etiraf edib ki, "aprel müharibəsi"ndə çox səhv ediblər.
"Bizim kəşfiyyat məlumatlarımızın çoxu yanlış çıxdı. Misal üçün, cəbhə xəttində iki tankın gəldiyi eşidilir, növbəti gecə tanklar geri qayıdır. Texnikanın daimi hərəkəti ilə onlar bizi aldatmağı bacardı. Yalnız son anda gözlənilmədən zirehli texnikanı tətbiq etdilər", - deyə o, Azərbaycanın hərbi taktikasının güclü olduğunu etiraf edib.
"Aravot" qəzetinin müxbiri Arustamyana "əgər "aprel müharibəsi"nə qədər azərbaycanlılar hərbi texnikanın hərəkəti ilə bizi aldadıbsa, bu, "biz nə qədər ayıqıq" sualını yaradır. Heç olmasa bu gün bu hərəkətlərə hazırıqmı?" sualını ünvanlayıb.
Erməni polkovnik cavabında etiraf edib ki, onlar böyük səhvlər etdilər və rəqibin (Azərbaycanın) qarşısında zəifdirlər.
"Biz çox səhv etdik. Lakin bu gün səhvləri analiz edib, düzəltməyə çalışırıq", - deyə o bildirib.
Yeri gəlmişkən, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi son 9 ay ərzində Ermənistan ordusunda qeydə alınan ölüm faktları ilə bağlı hesabat açıqlayıb.
Erməni KİV xəbər verir ki, Vanadzor ofisinin araşdırmasına görə, qeyd olunan dövrdə 46 ölüm hadisəsi qeydə alınıb. Ölənlərdən 29-u müddətli hərbi qulluqçu olub.
44 hadisə ilə bağlı rəsmi məlumat verilsə də, 2 fakt haqqında yalnız kütləvi informasiya vasitələrində xəbər yaylıb.
Cari ilin 9 ayı ərzində baş verən ölüm hadisələrinin böyük hissəsi, yəni 29 ölüm hadisəsi işğal altında olan Dağlıq Qarabağda yerləşən qanunsuz silahlı birləşmələr tərkibində qeydə alınıb.
Ermənistanın Baş Hərbi istintaq idarəsinin yaydığı məlumata görə, 38 ölüm hadisəsi barədə cinayət işi açılıb. 21 ölüm hadisəsi isə atəşkəsin pozulması nəticəsində baş verib.
Hesabata görə, sağlamlıq problemləri ilə bağlı ölüm hallarının sayı artıb. Keçən ilin müvafiq dövründə 1 hadisə, 2017-ci ilin yanvar-sentyabr ayı ərzində isə 4 ölüm hadisəsi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Cavid