Prezidentlərin görüşünə hazırlıq Layihə

Prezidentlərin görüşünə hazırlıq

"Hoqland prinsipləri" yoxsa, "Lavrov planı"?

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər:
"Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib".
Bəyanatda qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərinin proqramı ötən ay BMT-nin Baş Assambleyası çərçivəsində həmsədrlərin xarici işlər nazirləri ilə birgə keçirdiyi görüşdə əldə edilmişdi.
İlk səfərlərini Yerevandan başlayan həmsədrlər, Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək, münaqişənin həlli ilə bağlı təkliflərini birgə müzakirə ediblər. Bu Sarkisyanla görüşdə, prezidentlərin keçirilməsi nəzərdə tutulan görüşün detalları müzakirə olunsa da, ictimaiyyətə bu barədə informasiya verilmədi:"Vurğulamaq lazımdır ki, Ermənistanın danışıqlara başlaması, bir müddət əvvəl, Ermənistana cəbhədə edilən təzyiqlərin nəticəsidir. Xatırlamaq lazımdır ki, avqust ayında Putin və Sarkisyan görüşü ərəfəsində ABŞ-ın "Hoqland prinsiplərini" elan etməsi, Rusiya və Ermənistana birbaşa mesajı idi. Məhz bundan sonra, Rusiyanın ictimai və ekspert dairələrində fəallaşma nəzərə çarpmağa başladı. Kremlin danışan dilləri hərəkətə keçərək, beş rayon vurğusunu irəli sürdülər. Baxmayaraq ki, Kreml bu barədə rəsmi və qeyri-rəsmi açıqlama vermir.
Hazırda yüksək səviyyədə danışıqlar bərpa edilib. İrəlləyiş üçün ilk növbədə Ermənistan ətraf rayonları qeyd-şərtsiz boşaltmalıdır. Əgər, buna getməyəcəksə, danışıqlar yenidən sıfırlanacaq.
Qeyd edək ki, Minsk qrupu həmsədrlərinin region səfəri , prezidentlərin görüşünü təşkil etmək idi. Artıq, görüşün baş tutması üçün iki tərəflə razılıq əldə olunub".
Onun sözlərinə görə, Yerevandan Bakıya gələn həmsədrlərin prezident Ilham Əliyevlə görüşündə təbii ki, danışıqların hansı formatda keçiriləcəyi və masada olan detallar barədə fikir mübadiləsi aparılıb:"Qeyd edim ki, prezidentlərin nəzərdə tutulan görüşündə masada olan hansı həll planı üzrə danışıqların aparılması barədə məlumat verilmir. Görünür, həll variantının detalları bu və ya, o biri tərəfin maraqlarına bir o qədər cavab vermədiyinə görə gizli saxlanılır.
Danışıqlarda müzakirə olunacaq mərhələli planı özündə ehtiva edən "Hoqland prinsipləri" yoxsa, Rusiyanın son günlər səsləndirdiyi "Lavrov planı" kimi təqdim edilən beş rayonunun qaytarılmasını özündə əks etdirən "paket həll" variantıdır? Azərbaycan ictimaiyyətinə də bu barədə məlumat verilmir. Bu barədə görünür, prezidentlərin görüşündən sonra açıqlama verilsin. Amma masada olan plan Rusiyanın irəli sürdüyü təklifləri özündə əks etdirən beş rayon və Azərbaycan üçün məqbul olmayan şərtlər qeyd edilibsə, bunu Azərbaycan qəti surətdə etiraz etməlidir.
Ermənistan tərəfi gözlənilən görüşdə, hər hansı bir ciddi kompromisə getməyəcək. Çünki, bu görüş Sarkisyana daxili auditoriyası üçün lazımdır. Gələn il "barışmaz"mövqeyi kimi yenidən hakimiyyəti əlində saxlasın. Hazırda Rusiya konfliktin real həllində maraqlı deyil. Ortada Azərbaycanın maraqlarına uyğun həll variantını Rusiya qəbul etməyəcək. Yalnız, beş rayon əvəzinə öz "sülhməramlı qüvvələrini" Qarabağa yerləşdirməklə münaqişənin həllində maraqlıdır. Başlanan danışıqlar sürəcində optimist fikirlər səslənsə də, prezidentlərin görüşündə müsbət nəticə əldə olunmayacaq. Qeyd edim ki, həmsədrlər çalışır ki, ortaq kompromis ortaya çıxartsınlar. Bu kompromisdə hansı bəndlərin olacağı isə qeyd edilmir. Azərbaycan öz kompromisini daima qeyd edərək, ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət statusu verəcəyini bildirib. Bundan artıq ərazi bütövlüyünü təhdid edən kompromislə bağlı danışıqlara qatılmaq vaxt itkisidir.
Azərbaycan "Hoqland planı" çərçivəsində yalnız danışıqlara hazır olduğunu bildirməlidir. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Rusiyanın təzyiqi olmadan heç bir güzəştə danışıqlar yolu ilə gəlməyəcək. Rusiyada hələki, Ermənistana təzyiq etmək fikrində deyil.Ötən gün Rusiyanın Avrasiya İttifaqı məsələləri üzrə rəsmi nümayəndəsi qeyd etdi ki, Qarabağ münaqişəsinin həlli Avrasiya İttifaqına Azərbaycanın inteqrasiyasından aslıdır. Artıq, prezidentlərin görüşü ərəfəsində Rusiyanın bu mövqeyi, anlaşılmaz və danışıqlar prosesini sabotaj etməkdir".
Erməni mətbuatı da Minsk qrupu həmsədrlərinin regiona səfəri və Sarkisyanla görüşündən yazıblar.
Serj Sarkisyan prezident İlham Əliyevlə görüşündə, böyük ehtimalla, heç bir praktiki qərarla razılaşmayacaq və status-kvonun davam etdirilməsinə çalışacaq.
Bu ehtimal erməni mətbuatının və Rusiyanın ermənipərəst KİV-lərinin İrəvanda oktybrın 6-da Sarkisyanla ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşünə verdiyi reaksiyadan sonra yaranır. Görüş barədə verilən məlumatlarda İqor Popovun (Rusiya), Stefan Viskontinin (Fransa) və Endryu Şafferin (ABŞ) Sarkisyanla söhbət zamanı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün mümkünlüyü müzakirə olunub.
Erməni mətbuatının materiallarından belə görünür ki, Serj Sarkisyan və komandası həm də Vladimir Putinin Qarabağ münaqişəsinin nizamlanmasını BMT-nin səlahiyyətinə verilməsi ilə bağlı qərarına qarşı çıxır və status-kvonun saxlanması üçün ATƏT-in Minsk qrupunun saxlanmasına çalışır. Vladimir Putin həmin təklifi oktyabrın ilk günlərində Kremldə 20 ölkənin yeni səfirini qəbul zamanı bildirmişdi və BMT-nin regional münaqişələrin həllinə xüsusi diqqət yetirməli olduğunu vurğulamışdı.
Bu təklifə açıq-aydın qarşı gedənlərdən biri Rusiyanın ermənipərəst "Regnum" portalının şərhçisi, politoloq Stanislav Tarasovdur. O, münaqişənin həllinin BMT Təhlükəsizlik Şurasına verilməsinin yeni heç bir şey vəd etmədiyini iddia edir: "Çətin ki, BMT Təhlükəsizlik Şurasının Qarabağ üzrə məşhur və Bakının istinad etməyi sevdiyi çox sevdiyi dörd qətnaməsini həyata keçirmək niyyətindədir".
Tarasov bu məsələdə vətəndaşı olduğu Rusiyanın lideri Vladimir Putinin mövqeyini də vecinə almır və ABŞ dövlət katibi Reks Tillersonun bir biəyanatına istinad edərək Vaşinqtonun guya regionda status-kvonu saxlamaqda maraqlı olduğunu iddia edir.
Ermənistanın populyar analitika portalı "Lragir" isə öz oxucularını az-qala xristian dünyasının Azərbaycanın üzərinə xaç yürüşünə başladığını inandırmağa çalışır. Məqalədə iddia edilir ki, sən demə, ABŞ və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Rusiya isə Azərbaycana Avrasiya İttifaqına daxil olmaq üçün Ermənistanla razılaşmağı buyurur.
Əslində isə, erməni şərhçilər arzuladıqlarını gerçəklik kimi təqdim etməyə çalışırlar. Onlar yeri gəldi - gəlmədi Avropanın sərhədlərinin Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttindən keçdiyini iddia edirlər. Yəni onların düşüncəsinə görə, bütün xristian dövlətlər birləşərək Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməlidirlər. Bu məsələdə müəyyən qədər Rusiyanın və digər qərb ölkələrinin orta səviyyəli oxucularının dini təəssübkeşliyindən yararlanmaq istəyirlər.
Amma bu da var ki, dövlətləri orta səviyyəli insanlar yox, siyasətçilər idarə edir və onlar öz ölkələrinin maraqlarına uyğun şəkildə hərəkət edirlər. Ermənistanda da bunu dərk edənlər var və zaman-zaman çıxış edərək, Don Kixotluq edən siyasətçilərə və şərhçilərə çılpaq həqiqətləri başa salmağa çalışırlar.
Məsələn, Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan "1in.am"a verdiyi müsahibəsində Ermənistanın Rusiyanın təsirindən heç zaman çıxa bilməyəcəyini vurğulayıb. O, erməni şərhçilərin qərbin Azərbaycanı dəstəkləməməsi barədə səsləndirdiyi iddiaları da təkzib edib: "Azərbaycanın yanında ona demək olar ki, hər işdə yardım edən böyük qardaşı (Türkiyə - red.) var. Həm də ona yardım edən dövlətlər var. Pakistan, Amerika və başqaları Azərbaycanın yanındadırlar".
Erməni generalın dedikləri Azərbaycanın balanslı siyasətinin yaranmış durum üçün ən doğru olduğunu göstərir. Azərbaycan bütün imkanlardan istifadə edərək öz hərbi gücünü artırmalı və Qarabağ münaqişəsini açıq üstünlüklə həll etməyə qadir səviyyəyə qaldırmalıdır. Təbii ki, diplomatiyamız da Ermənistanın səbatsız addımlarının mütəmadiliyini dünyaya isbatlamaqla münaqişənin hərb yolu ilə həllinə beynəlxalq dəstək almalıdır. Onda Minsk qrupu da, həmsədrlər də, lap Ermənistanın özü də Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazır olacaq.
Cavid