“Müharibə başlasa, bunun qarşısını sülh yolu ilə almaq mümkün olmayacaq” Layihə

“Müharibə başlasa, bunun qarşısını sülh yolu ilə almaq mümkün olmayacaq”

Arzu Nağıyev: “Minsk Qrupu ilə bərabər, regional dövlətlər də bu proseslərdə aktiv şəkildə iştirak etməlidir”

Ermənistanın cəbhədə təxribatları davam edir. Bu təxribatlar Türkiyə müdafiə naziri Hulusi Akarın Bakıya səfəri zamanı də özünü göstərdi. Təbii ki, Trükiyə Azərbaycan hərbi əməkdaşlığı Ermənistanı qorxuya salır. Amma istənilən halda bu təxribatların qarşılığı artqılaması ilə verilməlidir. Onu da əlavə edək ki təxribatlar Ermənistanın daxilində davam edən və getdikcə daha da dərinləşən böhran fonunda baş verir.

Politoloq Ramiyə Məmmədova deyib ki, Ermənistanda hakimiyyət uğrunda klanlar arasında mübarizə getdikcə qızışır: “Bu mübarizənin Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyə səbəb olduğunu düşünürəm”. Onun sözlərinə görə, vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın nüfuzuna zərbə vurmaq üçün əlindən gələn hər şeyi edir: “Bu mübarizə sərhəd xəttində vəziyyətin gərginləşməsinə səbəb olur, təmas xətti və sərhədboyu ərazilərdə təxribata əl atması nəticəsində iki hərbçimiz həlak oldu. Məlumdur ki, Ermənistan ordusunun işğal edilmiş Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi birləşmələrində “Qarabağ klanı”nın kifayət qədər adamı var. Ümumən, Ermənistan ordusunda bu klanın nüfuzu böyükdür. Görünən budur ki, Paşinyan və dövlət arasında ikitirəlilik yaranıb, buna görə də bu gün ordu daha çox Paşinyanın yox, separatçı klanın tapşırğı ilə hərəkət edir. Vəziyyətin bu yerə çatmasında Paşinyanın da günahı var, çünki Paşinyan Qarabağ və digər məsələlərə hakim deyil. Qarabağ danışıqlarına da bu məsələni bilmədən qatılıb və zamanla təcrübəsiz olduğunu nümayiş etdirdi. Paşinyanın əsas problemi bununla bağlıdır. “Qarabağ klanı” isə ondan fərqli olaraq, prosesdən xəbərdardır, digər yandan bu klan digər məsələlərdə də öz gücünü qoruyub saxlaya bilir. Buna görə də, Paşinyanın taxtı hər an silkələnə bilər”.

Ramiyə Məmmədova hesab edir ki, Nikol Paşinyan özünü qorumaq üçün bir neçə addım atmalıdır:

“İlk növbədə bu klanı tamamilə aradan götürməlidir ki, bu da çətindir. Göründüyü kimi “Qarabağ klanı”na böyük siyasi və hərbi dəstək var, bu qüvvələr həm daxili, həm də xarici güclərə sığınıb.

Paşinyan “Qarabağ klanı”nı tamamilə zərərsizləşdirmək üçün özünə yeni tərəfdaşlar tapmalıdır. Ya da bu klanla işbirliyinə getməli, danışıqlara başlamalı və onlarla eyni mövqedən çıxış etməlidir. Paşinyan bu iki variantdan birini seçməlidir.

Məlumdur ki, separatçı klana əsas dəstək Rusiyadan gəlir. Buna görə də, Paşinyan “Qarabağ klanı”nı qarşısına özünü gücləndirə bilməsə, böyük problemlərlə üzləşəcək, hakimiyyət uğrunda mübarizə kəskinləşəcək. Paşinyan iqtidarının hər an devrilməsi də gözləniləndir”.

Ekspert qeyd edib ki, Azərbaycan bu situasiyadan istifadə edərək, Ermənistanı danışıqlar masası arxasına oturtmalıdır: “Bu situasiyanı xeyrimizə çevirib Qarabağ məsələsini həll edə bilərik, çünki vəziyyət günü-gündən gərginləşir.

Qənaətimə görə, münaqişəni həll etmək üçün yaxşı fürsət yaranıb. Hesab edirəm ki, Azərbaycan qan tökülmədən bu məsələni həll edə bilər, əlbəttə, bunun üçün ilk növbədə Ermənistan obyektiv danışıqlara hazır olmalıdır”.

Politoloq Qabil Hüseynlinın sözlərinə görə, son baş verənlər bir daha sübut etdi ki, Paşinyan danışıqlara getmək istəmir: “Bəhanə kimi də separatçı rejimin danışılqrda iştirak etməsini irəli sürür”. O bildirib ki, Ermənistanın baş nazirinin iddiasına görə, danışıqların müzakirə mövzusu işğal altında olan torpaqların geri qaytarılması məsələsi olduğu üçün həmin torpaqlar da məhz separatçı qüvvələr tərəfindən ələ keçirildiyindən problemin həlli istiqamətində aparılan müzakirələrdə qondarma rejim də iştirak etməlidir: “Təbii ki, Azərbaycan tərəfi haqlı olaraq buna imkan vermir və bu baxımdan da düşmən tərəf müxtəlif təxribatlar törətməklə danışıqlar prosesində konstruktiv nəticənin əldə edilməsinə imkan vermir”. Ermənistanda Paşinyana qarşı etirazların edildiyini xatırladdan politoloq söyləyib ki, düzdür bu kütləvi xarakkter daşımasa da baş nazirin verdiyi vədlərə əməl etməməsi narazılıqlar yaradır: “Artıq Paşinyanın ölkəni idarə edə bilməməsi ilə bağlı fikirlər də yetişməkdədir. Payız və qış aylarında Paşinyana xalq tərəfindən böyük tələblərin irəli sürüləcəyi istisna deyil”. Q.Hüseynli qeyd edib ki, Ermənistan tərəfindən atılan addımlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar yaxın gələcəkdə nəticə verməyəcək: “Bu səbəbdən də danışıqlar prosesinə qədər Azərbaycan ordusu erməni ordusuna ən azından lokal xarakkterli dərs verməlidir. Erməni tərəfində diplomatiya dərsi ilə yanaşı hərbi dərs də verilməlidir ki, onlar öz qəliblərində otursunlar”.

Baş verənlər fonunda ATƏT-in Minsk qrupu həmsədrlərinin separatçılarla görüşünə gəlincə politoloq bunun yanlış mövqe olduğunu dilə gətirib: “Zənnimcə, həmsədrlərin separatçılarla görüşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara qondarma rejimin də cəlb edilməsi məsələsinə presedent yaratmaq cəhdidir”.

Politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda forum zamanı cəbhə xəttində təxribatlara aidiyyətinin olmadığını bildirməsi onun baş verən hadisələrin məsuliyyətindən yayınmaq istədiyini göstərir. Onun sözlərinə görə, Paşinyanla Qarabağ klanı arasında gedən mübarizə pik nöqtəyə çatıb: “Ona görə Paşinyan Sankt-Peterburqda keçirilən forumda cəbhə xəttindəki təxribatlara hər hansı aidiyyətinin olmadığını bildirib. Paşinyan özü də başa düşür ki, onu təxribatlara çəkərək, hakimiyyətdən devirməyə çalışırlar. Dağlıq Qarabağ klanı və separatçılar Ermənistanda elə bir vəziyyət yaradıb ki, bütün bu baş verən hadisələrdə məhz Paşinyanı günahlandırsınlar. Görünən odur ki, Ermənistan baş nazirinin siyasi təcrübəsizliyi onu bu gün çox aciz və qorxaq vəziyyətə salıb”.

Politoloq bildirib ki, Ermənistan rəhbərliyi artıq danışıqların birmənalı şəkildə həm humanitar, həm də qlobal istiqamətdə İrəvanın cavab verməli olduğu mərhələyə qədəm qoyduğunu anlayır: “Azərbaycan tərəfi və ATƏT-in Minsk Qrupunun nümayəndələri açıq şəkildə bəyanat verməlidir ki, əgər proses bu cür davam edərsə, bu, böyük bir müharibəyə çevrilə bilər. Müharibə başlasa, artıq bunun qarşısını sülh yolu ilə almaq mümkün olmayacaq. Buna görə də Minsk Qrupu ilə bərabər, regional dövlətlər də bu proseslərdə aktiv şəkildə iştirak etməlidir. Onlar Ermənistanı kəskin şəkildə tənqid edib, danışıqlar masasına əyləşdirməklə Azərbaycanın ərazi bütövlüyü məsələsinin həllinə nail olmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin təhlilində isə Türkiyənin Müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri şərh edilib. Analizdə Hulusi Akarın əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdiyi bildirilib: “İki ölkənin birgə keçirdiyi və 4 gün davam edən təlimlərdə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub. Təlimi izləyənlər arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da var idi. Vasif Talıbov daha sonra Hulusi Akarla görüşdə Türkiyənin Naxçıvana verdiyi hərbi dəstəklə bağlı maraqlı rəqəmlər söyləyib: “1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib”.

Bunların açıq söylənməsi olduqca vacibdir, mesaj xarakteri daşıyır. Əslində Vasif Talıbovun səsləndirdiyi rəqəmlər ondan xəbər verir ki, Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır.

Onsuz da ermənilər açıq deyirlər ki, Türkiyənın Naxçıvanda hərbi varlığı onlarda şübhə doğurmur və son hərbi təlimlər Ermənistana qarşı yönəlib. Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir”.

Təhlildə qeyd edilib ki, Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalıdır:

“Eyni zamanda Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Ermənistan da eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.

Mərkəzin təhlilində Hulusi Akarın Qəbələyə gəlməsi və Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşünün keçirilməsi məsələsinə də toxunulub:

“Qəbələdə Azərbaycanın və Türkiyənin Müdafiə nazirləri ikitərəfli danışıqlar apardılar. Zakir Həsənov bir daha qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir.

Zakir Həsənov daha sonra Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə görüşündə önəmli fikirlər söyləyib. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmayıb. O söyləyib ki, əməkdaşlığımız NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdə aparılır və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsi vacibdir.

Görüşdə Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Gürcüstan NATO üzvü olmaq istəyir, Azərbaycanın hələ ki, belə bir hədəfi yoxdur. Buna baxmayaraq Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayıb. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın Müdafiə naziri gürcü həmkarı kimi NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tiflis Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən adımlardan çəkinsin. Çünki rəsmi Tiflisin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın maraqlarına xidmət edir”.

Əli